Yazıya Ümummilli lider Heydər Əliyevin sözləri ilə başlamaq istərdim. O , zəngin dilimiz olan- Azərbaycan dili haqqında belə söyləmişdir :
"Dilimiz dərin tarixi köklərə malikdir , şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm ".
Hər bir xalqın milliyini , mənəvi dəyərlərini yaşadan , inkişaf etdirən məhz onun dilidir. Bəli, bizi xalq -millət kimi birləşdirən bizim ana dilimizdir. İlk dəfə dil açanda "ana" söyləyirik , elə buna görə də bu dil bizim ana dilimiz adlanır.
Ana dilimiz olan - Azərbaycan dili səs quruluşunun səlistliyi və eyni zamanda qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Bu dil bizim mənəvi sərvətimizdir və demək olar ki , müstəqilliyimizin başlıca rəmzlərindən biridir.
Düşünürəm ki , Azərbaycan dilinin qorunması cəmiyyət olaraq hamımızın işidir. Tarixə nəzər salsaq , Azərbaycan xalqının əlifbasının müxtəlif dövrlərdə müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qaldığını, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edildiyini görərik.
Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu. Belə ki, 1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. 1991-ci ildə Azərbaycanda müstəqilliyimizin bərpasından sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlandı. Belə qərarlardan biri əlifba ilə bağlı oldu. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu.
Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSRİ Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin -Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Və nəhayət , 2001-ci ildən başlayaraq avqustun 1-i ölkədə Azərbaycan dili və əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.
2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib .Həmin il avqustun 9-da Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalanıb. Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.
Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi, məhz cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Bundan başqa , ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə “ Dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir. Qeyd edək ki, Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir. Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.
Gəlin, ana dilimizi sevək və qoruyaq !
Məmmədova Lalə
YAP Yevlax rayon təşkilatının fəalı , Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin müəllimi