Zaman-zaman təhsil sahəsində Türkiyə təcrübəsindən Azərbaycanda da istifadə etmək kimi təşəbbüslər irəli sürülür. Xüsusilə, attestatla ali məktəbə qəbul prosedurunun Azərbaycanda da tətbiq edilməsi məqbul hesab edilir. Bəs görəsən təhsil sahəsinin ekspertləri bu barədə nə düşünür?
Newscenter.az-ın xəbərinə görə, Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə direktoru Səkinə Rzayeva da deyir ki, bəzən bizim ölkəmizdə də attestatla ali məktəbə qəbul ideyasını dəstəkləyənlər olur:
"Düşünürəm ki, bu şəkildə qəbul qaydaları onu həyata keçirən dövlətin iqtisadiyyatına xidmət etməkdən başqa bir şey deyil".
Direktor daha sonra bunları qeyd edib:
"Aydın məsələdir ki, çox zaman qəbul imtahanlarından yetərli bal yığa bilməyən abituryentlər xarici ölkələrdə attestatla qəbul yolunu böyük həvəslə seçirlər. Çoxu illərlə təhsil haqqı və sosial təminatı ödəyir (bəzən də valideyn min bir çətinliklə), lakin həmin ali məktəbə qəbul zamanı abituryentin zəif nəticəsi, attestatdakı "3" ləri nəzərə alınmasa da, kursdan kursa keçərkən imtahanlar bizim ölkədəki ali məktəblərin imtahanlarından da çətin olur. Və bu zaman həmin o attestatla qəbul olunan tələbənin vəziyyəti günü-gündən çətinləşir
.
Məsələn, Türkiyə Cümhuriyyətində ali məktəblər tələbə üçün maksimum 7 il oxumaq imkanı yaradır. Bu illər ərzində zəif oxu(ma)yan tələbənin "kəsirləri" ilbəil artır, valideyn hər il üçün təhsil haqqını və övladının sosial təminatını ödəyir, bəzən mənəvi çətinliyinə dözür, lakin tələbənin bu kəsirləri yox etmək üçün yeganə yolu oxumaqdır, əgər öhdəsindən gəlməzsə, ya öz razılığı ilə təhsilini sonlandırmalıdır, ya da 7 ildən sonra diplomsuz ölkəsinə dönməlidir".
Anar Əliyev