Neçə illərdir ki, məktəblərdə təhsilin təhsilin, təlim və tərbiyənin vəziyyətinin yaxşı olmadığı, təhsilimizin getdikcə məhvə doğru getdiyi barədə həyacan təbili çalınır. Lakin təəssüflər olsun ki, mövcud problemləri aradan qaldırmaq istiqamətində müvafiq qurumlar tərəfindən heç bir addım atılmır. Qeyd edilən sahədə mövcud olan nöqsanlar təhsil ictimaiyyəti tərəfindən də narahatlıqla qarşılanır.
Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Eminov deyib ki, orta məktəblərin ləğv edilib kiçik repititor mərkəzlərinə onların funksiyasını yerinə yetirmək hüququ verən lisenziyaların verilməsinin zamanı çatıb. Onun sözlərinə görə, hələ, 1966-cı ildə Sovetlər dönəmində ona keçilməsi çox mütərəqqi addım olsa da, bu gün, həmin təhsil sistemi tənəzzülə uğradılmışdır:
"Yəni, 9 illik icbari təhsil, hansı ki, 1959-cu ildə, SSRİ-də qəbul edilmiş qanunla ona keçilmişdir, onu hələlik saxlamaqla, belə bir addımın atılması baş verərsə, mütərəqqi keçid olacağını düşünürəm.
Beləliklə, 300 mindən artıq şagird ona heç nə verməyən, yalnız boş-boşuna vaxtını alan 10-11-ci siniflərə getməkdən qurtulacaqlar. Bu zaman milyonlarla dövlət vəsaitinə qənaət ediləcək. Oxumaq istəyən, ali təhsil almaq istəyən şagirdlərə isə bunun əvəzində özəl təhsil müəssisələrində oxumaq üçün dövlət ünvanlı təhsil yardımı verilərsə, daha mütərəqqi təhsil mühiti yaradılmış olacaq. Müəllimlər də belə mərkəzlərdə daha yüksək məvaciblərlə öz işini itirməyəcək. Söhbət müəllimlərdən gedir. Müəllimlik səbri, psixologiyasına malik olmayanlar isə heç 9 illik əsas təhsil müəssisələrində belə işləməməlidirlər. Orta təhsil məktəbləri və ali təhsil müəssisələri də 30 ildir ki, günün tələblərinə cavab verə bilmir. Yalnız repititor mərkəzləri onların ayıbını örtür. Yerdə qalan şagirdlər və sair məsələlərində həlli vardır. Onlara da xeyrli layihələr həyata keçirmək mümkündür".
Anar Əliyev