29-31 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirilib. Bu təşəbbüsü Azərbaycan musiqisində, həmçinin Azərbaycan mədəniyyətində ən əlamətdar hadisələrdən biri kimi hesab etmək olar.
Forum “Heydər Əliyev İli” çərçivəsində, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşib.
Oktyabrın 29-da paytaxtımızdakı "Gülüstan" Sarayında forumun açılış mərasimi keçirilib. Musiqi forumu 3 gün ərzində 6 istiqamətdə təşkil edilib. 6 panel üzrə musiqi dünyasının əsas məsələləri moderator və spikerlər tərəfindən müzakirə edilib.
Açılışdan öncə forumun iştirakçıları tərəfindən əvvəlcə Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Sonra Fəxri xiyabanda dahi Üzeyir Hacıbəyli başda olmaqla görkəmli musiqi xadimlərinin də məzarları ziyarət olunub.
Forumun açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Qeyd edib ki, il ərzində Ulu öndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirilib. Bu gün isə ölkəmizdə ilk dəfə olaraq Musiqi Forumu təşkil edilir. Musiqi Forumunun əhəmiyyətinə toxunan nazir bildirib ki, üç gün ərzində davam edəcək tədbir çərçivəsində ölkənin tanınmış musiqi xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş qonaqların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikirləri dinləniləcək, fikir mübadiləsi aparılacaq. Forum günlərində həmçinin Azərbaycan milli musiqi ənənələrinin yaşadılması, dünyaya tanıdılması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Açılış mərasimində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxış edərək, musiqi sahəsinin inkişafına töhfə verəcək əsaslı dəyişikliklərdən bəhs ediblər.
Çıxışlardan sonra Azərbaycan musiqisinin keçdiyi yolu özündə ehtiva edən videoçarx nümayiş etdirilib.
Açılış mərasimindən sonra forum işini panel müzakirələrlə davam etdirib.
Musiqi Forumunda, 3 gün ərzində aşağıda sadalanan 6 panel ətrafında debat aparılıb.
"Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" - Paneldə "Ölkədəki musiqi təhsil sisteminin nailiyyətləri və çətinlikləri", "Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında", "Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları", "Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri sisteminin yenilənməsi" və "Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri" mövzuları müzakirə olunub.
"Ənənəvi musiqi janrları" - Paneldə "Muğam sənəti: dəstgah ənənəsi və sərbəst kompozisiya", "Aşıq musiqisinin ənənələrinin canlandırılması yolları", "Ənənəvi musiqi nümunələrinin toplanması və sistemləşdirilməsi problemləri ", "Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi" və "Azərbaycan milli musiqi ənənələrinin müasir musiqi janrlarında mövcudluğu və problemlər " mövzuları müzakirə olunub.
"Milli musiqi sənayesinin inkişafı" - Paneldə "Musiqi sənayesinin ekosisteminin formalaşması", "Daxili bazarın imkanlarının genişləndirilməsi", "Musiqi məhsullarının yeni kommersiyalaşma üsulları", "Musiqi sənayesində əqli mülkiyyət hüquqları", "Dinləyici kütləsinin cəlb olunması yolları " və "Alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) mövzuları müzakirə olunub.
"Milli mədəni ənənələrin qlobal miqyasda təbliği" - Paneldə "Akademik musiqinin təqdimatında yeni çağırışlar", "Müasir multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması", "Bu günün musiqi ənənələri: hamar ötürülmə yaxud kəskin dəyişiklik", "Musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər "və "Qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış " mövzuları müzakirə olunub.
"Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində " - Paneldə "Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika", "Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu", "Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər və onları çözülməsi yolları" və "Müasir dövrdə musiqi sosiologiyası " mövzuları müzakirə olunub.
"Xoroqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları" - Paneldə "Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət", "Rəqs təbliğatı infrasturukturunun təkmilləşdirilməsi", "Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər ", "Rəqqas peşəsinə yönləndirmə - təhsil, karyera imkanları, sosial təminat mexanizmləri" və "Uşaq rəqs studiyaları, rəqs təlimi" mövzuları müzakirə olunub.
Hər paneldə aidiyyəti şəxslər ortaya qoyulan məsələlər barədə 10 dəqiqəlik çıxışla iştirak edib, daha sonra paneldə qaldırılmış mövzular ətrafında müzakirələr aparılıb. Hər istiqamət üzrə əlaqədar moderator və spikerlər seçilsə də, obyektiv olaraq vurğulamalıyam ki, bəzi spikerlər , hətta müzakirəyə qoşulan şəxslər bəzi məqamlarda mövzudan çox uzaqlaşdı ki, bu da, panel üçün ayrılan zamanın boşa sərfiyyatına səbəb oldu. Müəssisə daxili həll edilə biləcək, yaxud seminar mövzusu olan problemlərin forumda qaldırılması zalın əksəriyyəti kimi məni də məmnun etmədi. Bu gün mədəniyyətimiz, xüsusilə də musiqi mədəniyyətimizin inkişaf etməkdə olması, hələ də öz həllini tapmayan ölkə səviyyəsində problemlərimiz olduğu gerçəyini dəyişdirmir. Bu forumun məqsədi bu problemləri ortaya qoyub həll yollarının müzakirə edilməsi idi. Nazirlik tərəfindən seçilmiş əlaqədar şəxslər də o səhnədə olmağın məsuliyyətini zənnimcə dərindən dərk etməli idi. Əlbəttə bu hal bütün spikerlərə şamil olunmur. Günümüzün mövcud və aktual problemlərini yüksək səviyyədə analiz edərək, həll yolları ilə birlikdə, aydın şəkildə ifadə edən iştirakçılar da var idi ki, zənnimcə onların çıxışı forumun mahiyyətinə tam anlamı ilə uyğun idi və zənn edirəm ki, musiqi dünyasına verilən bu fürsətdən məharətlə istifadə etməklə problemlərin qısa müddətdə öz həllini tapmasına yol açdılar. Yazılarımda hər zaman obyektiv aspektdən çıxış etdiyim üçün, səmimi şəkildə deməliyəm ki, bəzi problemlərin öz həllini tapması hələ xeyli müddət alacaq. Səbəb olaraq isə, düşünürəm ki bu əvvəlcə sistematik şəkildə, hər addımı düşünülərək hesablanmalı, daha sonra əməli işə çevrilməlidir. Qeyd etdiyim məsələlər isə hələ görünür, ideya olaraq da öz həlli yolunu tapmayıb. Lakin bir sıra mövcud problemlərin həlli yolu artıq mütəxəssislər tərəfindən fikir olaraq öz əksini tapıb. Geriyə qalan ideyanı həyata keçirməkdir. Forumda qaldırılan və yaxın gələcəkdə öz həllinə qovuşacaq məsələlər isə öz taleyini böyük faizlə musiqi cəmiyyətinin arasında bu problemi aydın şəkildə ortaya qoyan mütəxəssislərə borclu olacaq.
Ümumilikdə bir mədəniyyət işçisi, bir musiqişünas olaraq öz qənaətlərim və musiqi forumda əldə etdiyim məlumatlar mənə onu deməyə əsas verir ki, çağdaş mədəniyyətimizin aktual problemlərinin böyük bir qismi maddiyyata dayanır. Mədəniyyət işçilərinin, sənət insanlarının işinə lazimi maddi və həmçinin mənəvi dəyərin verilməsi, böyük maddiyyat tələb edən məsələlərə ölkə rəhbərliyinin öz dəstəyini göstərməsi, inanıram ki, bir sıra problemləri aradan qaldırmaqla yanaşı, bu səbəbdən asılı olmayan problemlərin həlli üçün də sənət insanlarına stimul verəcək.
Son olaraq təşkilatçılıq barədə qeyd etməliyəm ki, ölkənin qabaqcıl mədəniyyət müəssiələri və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşlığı ilə keçirilən forum çox yüksək səviyyədə təşkil edilmişdi.
Bir musiqişünas olaraq ümid edirəm ki, bu forumun təşkili Azərbaycan musiqi mədəniyyətinin inkişafının qarşısını kəsən məsələlərin həllində mühim rol oynayacaq və biz yaxın gələcəkdə bunun təzahürünü daha da inkişaf etməkdə olan mədəniyyətimizin simasında görəcəyik.
Zeynəb Bağır-musiqişünas, musiqi tənqidçisi