Son illərdə Türk dövlətləri arasında əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub, inkişaf edib, gələcək üçün yeni-yeni perspektivlər açıb. Məhz bu əməkdaşlığın nəticəsidir ki, bu gün demək olar ki, bütün istiqamətlərdə türk dövlətləri arasında normal əlaqələr qurulub. Bunu iqrisadi sahəyə də şamil etmək olar. Sevindirici hal ondan ibarətdir ki, təkcə rəsmi deyil, eləcə də qeyri-rəsmi qurumlar türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfələrini verirlər. Belə təşkilatlardan biri də Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyidir (ATUİAB). Təşkilatın sədri Ruslan İmanzadə Newscenter.az-a verdiyi müsahibədə rəhbərlik etdiyu qurumun yaranma zərurəti, fəaliyyəti dövründə gördüyü işlər və gələcək planları barədə danışıb.
-Ruslan bəy, Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi nə zamandan fəaliyyət göstərir və əsas məqsəd, vəzifələri nələrdir?
-Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi 2022-ci il, may ayının 18-dən rəsmi fəaliyyətə başlayıb. Təşkilatın mərkəzi ofisi Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşir. Bizim əsas fəaliyyət istiqamətimiz qardaş ölkələr, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında biznes, eyni zamanda ictimai və mədəni əlaqələrin güclənməsində dəstək olmaqdır.
Fəaliyyətimiz əsasən 3 istiqaməti əhatə edir. Birincisi, daha çox Azərbaycandan gələn iş adamlarını Daşkənd şəhərində qarşılamaq, onlara görəcəkləri iş istiqamətində məsləhət, dəstək olmaq, konsaltinq xidməti göstərməkdən ibarətdir. İkincisi, onlara Özbəkistanda firma, şirkət açmaqda yardımçı olmaqdır. Üçüncüsü isə, hər hansı bir iş adamının açdığı firmanın görəcəyi işlər barədə özbək, Azərbaycan, türk, eləcə də digər ölkələrin şirkətlərini məlumatlandırmaq, onlarla əlaqələrin qurulmasını təmin etməkdir.
Əsas vəzifələrimizdən biri Azərbaycan Respublikasındakı biznes, iş adamlarının etibarlı əlaqələrinin böyüməsi, inkişaf etməsinə dəstək olmaqdır.
-Fəaliyyəriniz dövründə iqtisadi sahədə əlaqələrin inkişafına dəstək məqsədli hansı tədbirlər həyata keçirmisiniz?
-Fəaliyyət müddətimizdə biz artıq Azərbaycanda 4 dəfə biznes forum təşkil etmişik. Həmin biznes forumların keçirilməsinə KOBiA-dan da dəstək almışıq. Eyni zamanda Azərbaycanda Fande Clabla müqaviləmiz var və onlarla bərabər bir neçə işlər görmüşük. Özbəkistanda isə Azərbaycanın biznes klublarına xidmətlər göstərmişik.
-Təşkilatınız ətrafında Türkiyə və Özbəkistandan nə qədər iş adamını birləşdirir?
-Azərbaycanda təxminən 6 biznes klubla bizim əlaqələrimiz var. Həmin əlaqələr nəticəsində bu günə qədər Azərbaycandan Özbəkistana 300-ə yaxın firmalar və biznes adamlarını dəvət etmişik. Fəaliyyət dövrümüzdə təxminən 100-dən artıq azərbaycanlı iş adamları Özbəkistanda şirkət açıblar. Biznes klub olaraq özbək, türk və azərbaycanlılardan ibarət təxminən 1200 iş adamı ilə əlaqələrimiz var.
-Bildiyimiz kimi bu günlərdə Tacikistanda səfərdə oldunuz. Səfər çərçivəsində hansı görüşlər keçirdiniz və hansısa razılaşma, imzalanma oldumu? Ümumən Tacikistanla hansi istiqamətdə əməkdaşlığı inkişaf etdirməyə ehtiyac var?
-Məlumat üçün qeyd edim ki, səfər çərçivəsində Tacikistanın Xocənd şəhərində iş adamları ilə görüşlərimiz baş tutdu. İş adamları ilə görüşdən məlum oldu ki, Özbəkistanda olduğu kimi Tacikistanda da daha çox kənd təsərrüfatı və tikinti sektoru inkişaf edib və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. Tikinti sektorunda kommunikasiyaların, yeraltı və yerüstü xətlərin çəkilməsində əməkdaşlıq edilə bilər. Eyni zamanda kənd təsərrüfatı, aqrar sahədə də burada sürətli işlər gedir və bu istiqamətdə də əlaqələrin inkişafına kömək ola bilərik.
-Bəs digər türk dövlətləri ilə əlaqələriniz hansı səviyyədədir?
-Hazırda Qırğızıstanda 2500-dən çox üzvü olan Qırğızıstan İş Adamları Birliyi ilə əməkdaşlıq edirik. Həmçinin, Qazaxıstanda təxminən 1500 üzvü olan Qazax İş Adamları Birliyi ilə əməkdaşlığımız var. Tacikistana səfərimiz çərçivəsində də artıq tacik iş adamları ilə əməkdaşlığın bünövrəsini qoyduq. Ümumiyyətlə, məqsəd Orta Asiyanın türk respublikaları ilə Azərbaycan mərkəz olmaqla Türkiyə və Şimali Kipr, Macarıstan, Qaqauziya, eləcə də Rusiya Federasiyası ərazisində türk muxtar respublikaları ilə əlaqələrini genişləndirməkdir.
Azərbaycanın dövlət universitetləri ilə Özbəkistanın dövlət universitetləri arasında əlaqələrin qurulmasına da dəstək oluruq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Özbəkistandakı nümayəndəsi olaraq görüşlərdə həm də həmin təhsil ocağının adından çıxış edirik. Onu da qeyd edim ki, Özbəkistanın Kimya Texnologiya İnstitutunun nümayəndələri də bizimlə bərabər Tacikistanda səfərdə oldular.
-Fəaliyətiniz ancaq türk coğrafiyası ilə məhdudlaşır?
-Biz biznes klub olaraq təkcə Azərbaycan, Özbəkistan, Türkiyə deyil, eyni zamanda Qazaxıstan, Qırğızıstan, Tacikistan, eləcə də Hindistan, Pakistan, İndoneziya, Malaziya, Filippin vasitəsilə əlaqələr saxlayıb oradakı biznes klublarla Azərbaycanın, Özbəkistanın biznes əlaqələrini genişləndirmək istiqamətində də çalışırıq. Avropada isə Latviya, Litva, Estoniya, Almaniya, Polşa və Gürcüstanın biznes klubları ilə əməkdaşlıqlarımız var.
S.İsmayılbəyli