"Əvvəla bu beynəlxalq tədbirin tarixinə və mahiyyətinə nəzər salmaq lazımdır ki, onun daha çox hansı ölkələrdə keçirilməsi barədə fikir irəli sürmək mümkün olsun. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. Rəsmi açıqlamalar da göstərir ki, hazırda ekologiyaya ən çox zərər vuran imkişaf etmiş ölkələrdir, o cümlədən, Fransadır".
Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli Fransada COP29 tədbirinin Azərbaycanda keçirilməsinə qarşı başlanan kampaniyaya münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, əgər illik qiymətləndirmədən söhbət gedirsə, təbiətə daha çox ziyan vuran ölkələrdə bu tədbirin keçirilməsi nə qədər doğru olar?
"Bütün hallarda bu tədbirin ruhuna təsir edəcək və onun obyektivliyinə şübhə yaradacaq. Ona görə də COP29-un Azərbaycan kimi ölkələrdə keçirilməsi daha məqsədəuyğundur. İndi Fransanın ekoloji məsələlərə də siyasi çalarlar verməsi həm tədbirin məqsədinə gölgə salır, həm də onu siyasi təzyiq alətinə çevrmək niyyətlərini göstərir. Ona görə də Fransanın tədbirin Azərbaycanda keçirilməsinə qarşı kampaniyası ciddi qarşılana bilməz. Bu Fransanın ikili simasını bütün dünyaya göstərir".
S.İsmayılbəyli