"Ermənistanda hakimiyyət tərəfindən irəli sürülən yeni konstitusiyanın qəbul edilməsi fikri hazırda siyasi sferada əsas aktual mövzulardan biridir. Müxalifət baş nazir Nikol Paşinyanı Bakı və Ankaranın maraqları kontekstində çıxış etməkdə ittiham edir. Lakin mövcud reallıqlar fonunda hökumətin fikri haqlı səbəblərdən yaranan gerçəklikdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, mövcud konstitusiya "müstəqillik bəyannaməsi" nin yerinə yetirilməsini tələb edir və 12 bəndlik bəyannamədə Türkiyə ilə Azərbaycana yönəlik ərazi iddiaları yer alır:
"Bəyannamədə artıq mövcud olmayan qondarma rejimin 1989-cu ildə qəbul etdiyi "Miatsum" birləşmə qərarı öz əksini tapır. Bununla yanaşı 11-ci bənddə 1995-ci il hadisələri üzərindən, qondarma erməni soyqırımının beynəlxalq müstəvidə tanınması dəstəklənir".
AVP funksioneri deyib ki, Ermənistan rəhbərliyi ölkəsini dalan dövlət imicindən qurtarmaq üçün öz maraqları çərçivəsində sülh sazişi imzalamağa can atır:
"Bunun üçün öncə erməni cəmiyyətində düşüncə dəyişikliyi olmalıdır və iqtidar revanşist meyillərin artmasının qarşısını almalıdır. Çünki ötən əsrdən qalma fikirlər mövcud reallığı əks etdirmir, həmçinin Azərbaycanla güc balansını eyniləşdirmək istəyi hazırkı situasiyada mümkünsüz bir arzudur. Azərbaycan ordusu son antiterror tədbirləri ilə ərazi bütövlüyünü tam şəkildə təmin etdi, qondarma artsax ləğv edildi və dünya erməniliyinin "miatsum" ideyaları əbədi olaraq tarix səhnəsindən silindi. Mövcud hərbi-siyasi reallıqların fərqində olan Nikol Paşinyanın əsas istəyi Ermənistanın inkişafını stimullaşdıracaq addımlar atmaqdır. Lakin hazırkı konstitusiyada qondarma artsax və soyqırım iddialarının saxlanılması fonunda Bakı-Ankara xəttinə yaxınlaşmaq mümkün deyil".
Pərviz Mirizadə hesab edir ki, Paşinyanın yeni konstitusiya istəyi də məhz bu gerçəklikdən yaranır:
"İrəvan rəhbərliyi müstəqil siyasət kursu həyata keçirmək üçün öncə iqtisadi azadlıq, genişlənmə yolu tutmalıdır. Alternativ mənbələr olmadan boş vədlərlə Qərbə yaxınlaşmaq təhlükəli prosesdir Ermənistan üçün. Çünki ölkə iqtisadiyyatının Rusiyadan asılılığı çox yüksəkdir və İranla olan ticarət həcmi, potensialı yetərli deyil. Belə olduğu təqdirdə rəsmi İrəvanın qarşısında Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, rəsmi Bakının moderatorluğu altında regionun gələcək vizyonunu şəkilləndirəcək beynəlxalq nüfuza malik layihələrdən yararlanmaqdan başqa seçimi yoxdur, ən doğru seçimdə məhz budur. Təbii ki, bütün bu sadaladıqlarıma gedən yol Azərbaycanın təklif etdiyi sülh gündəliyi ilə razılaşmaqdan keçir".
Süleyman