Son günlər Avropada, Qərbdə, eləcə də okeanın o tayında antiAzərbaycan əhval-ruhiyyəsi bir qədər də artıb. Hər üç cəbhədən Azərbaycan demək olar ki, hədəf alınıb. Ciddi cəhdlə ölkəmizin nüfuzuna, beynəlxalq imicinə zərbə vurmağa çalışılır.
Newscenter.az xəbər verir ki, baş verən prosesləri şərh edən Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov deyib ki, ABŞ-ın və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və yekun sülh sazişinin imzalanmasına nail olunması prosesində mövqeləri gah üst-üstə düşür, gah da kəskin şəkildə ziddiyyət təşkil edir. AHK hesab edir ki, bu mənada, ABŞ Dövlət Departamentininin sözçüsü Vedant Patelin ABŞ-ın Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlı olduğunu bildirməsi fonunda hazırda Avropanın baş diplomatı sayılan şəxsin – Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin mütəmadi olaraq anti-Azərbaycan xarakterli açıqlamalarla çıxış etməsi dərin təəssüf hissi doğurur:
"Birləşmiş Avropanın xarici siyasət sahəsinin bu cür məhdud dünyagörüşlü, qeyri-obyektiv mövqeli və həddindən artıq qərəzli bir şəxsə həvalə olunması Aİ-nin maraqlarına zərbə vurur. Uzun müddət separatizmdən əziyyət çəkən İspaniyanın təmsilçisi olan J.Borrelin bu gün həm Avropa İttifaqına daxil olan ölkələrdə, həm də dünyada separatçılıq tendensiyalarının əleyhinə sərt mövqe tutmalı olduğu halda, Cənubi Qafqazda daim separatizmi körükləmiş və işğalçı siyasət yürütmüş Ermənistanı ciddi-cəhdlə müdafiə etməsi heç cür anlaşılan deyil".
Əlisahib Hüseynov deyib ki, Borrelin ədalətsiz mövqeyi Azərbaycan və Ermənistan arasında sülh prosesinə ağır zərbə vurur:
"Görünən budur ki, Jozep Borrel də bəzi avropalı siyasətçilər kimi islamofobiyadan, azərbaycanafobiyadan əziyyət çəkir. Daha doğrusu, Borrelin mövqeyi Fransa prezidenti Emmanuel Makronun və yaxud, Fransa Senatının ermənipərəst üzvlərinin anti-Azərbaycan addımlarından qətiyyən fərqlənmir. Və belə təəssürat yaranır ki, Borrel birləşmiş Avropanın maraqlarına yox, Fransanın maraqlarına xidmət edir. Başqa sözlə desək, Borrel tapşırıqları Brüsseldən yox, birbaşa Makrondan alır".
AHK sədri hesab edir ki, Avropa İttifaqı J.Borrelin fəaliyyətini nəzərdən keçirməli və onun Aİ-nin strateji maraqlarına zərbə vuran addımlarına siyasi qiymət verməlidir:
"Açıq-aşkar ermənipərəst mövqe tutan J.Borrel kimi şəxslərin Cənubi Qafqazda qalıcı sülhün bərqərar olması prosesinə töhfə verməsi qeyri-mümkündür. Avropa İttifaqı görməli və bilməlidir ki, onun xarici siyasətini formalaşdıran bu şəxsin sülhyaratma işindən, vasitəçilik misiyasından əsla xəbəri yoxdur. Borrel sülh yaratmaq əvəzinə, sülh prosesini terror etməklə məşğuldur".
Süleyman