Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm sektorunda Avropa bazarını itirmişik

Turizm sektorunda Avropa bazarını itirmişik


Cəfər Qara: “Onu geri qaytarmaq üçün ciddi işlər görməliyik”

Azərbaycanda turizm sektorunun daha da inkişaf etdirilməsi, ölkəyə turist səfərlərinin sayının artırılması istiqamətində davamlı işlər görülsə, addımlar atılsa da, lakin hələ də pandemiyadan əvvəlki nəticəyə hasil olmaq mümkün görünmür. Buna isə bir neçə səbəb göstərilir. Bəs görəsən başlıca səbəb nədir? İstər bu sual, istərsə də hazırda turizm sektorunda mövcud olan vəziyyətlə bağlı Zakher Travel Turizm Şirkətinin təsisçisi və icraçı direktoru Cəfər Qara ilə söhbətləşdik.

-Cəfər müəllim, ötən il turizm sektoru üçün nə dərəcədə uğurlu və ya uğursuz oldu?

-Hələlik keçən ilin dekabr ayının statistikası təqdim edilməsə də, məlumat üçün bildirim ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 1 milyon 893 min 679 nəfər təşkil edib. Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında Rusiya ilk yeri tutur. Ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının üçdə biri Rusiyadan gəlib. Onların sayı təxminən 577 min nəfər təşkil edib. İkinci yerdə 341 min turistlə Türkiyə gəlir. Sonrakı yerləri isə 208 min nəfərlə Yaxın Şərq ölkələri, 156 min turistlə Cənubi Asiya ölkələri tutur. Bu dövrdə İrandan gələnlərin sayı 148 min, Mərkəzi Asiya regionundan gələnlərin sayı isə 121 min olub. Sırada sonuncu yeri Gürcüstandan gələnlər tutub ki, onların da sayı 93 min nəfər təşkil edib. Bu göstəricini ötən illərlə, daha dəqiq desək 2022-ci illə müqayisə etdikdə görürük ki, 2022-ci ilin 11 ayı ərzində Azərbaycana gələnlərin sayı 1 milyon 458 min 786 nəfər olub. Görünən odur ki, ölkəyə gələnlərin sayında 2023-cü ildə təxminən 430 min nəfərə yaxın artım var.

Bir qədər geriyə, pandemiyadan əvvəlki 2019-cu ilə nəzərə yetirdikdə isə görürük ki, həmin dövrdə Azərbaycana gələnlərin sayı 2 milyon 921 min 311 nəfər təşkil edib.

Hazırda biz postpandemiya dövrünü yaşayırıq, Azərbaycanda karantin müddəti uzadılıb. Bundan başqa quru sərhədləri hələ də bağlıdır. Bütün bu səbəbələrdən dolayı pandemiyadan əvvəlki dövrün rəqəmlərinin özünü bərpa edə bilməməsi anlaşılandır. Quru sərhədlərinin bağlı olmasının mümkün təsirlərindən bir faktını qeyd edim. Belə ki, uzun illər Azərbaycana səfər edən xarici ölkə vətəndaşları içərisində Gürcüstan sıralamada ilk 3-4 yeri bölüşdürüb. Eləcə də bu sıraya Rusiya, İranı da daxil etmək olar. Məsələn, 2019-cu ildə Gürcüstandan 661 min nəfər səfər etmişdisə, 2023-cü ildə bu rəqəm cəmi 93 min nəfər təşkil edib. 2022-ci ildə isə cəmi 72 min nəfər olub. TOP üçlükdə isə hazırda Rusiya, Türkiyə və Yaxın Şərq ölkələri yer alır. Qeyd etdiyim kimi, keçən ilin 11 ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələnlərin sayı 208 min nəfər olub. Bu sırada ilk yeri 76 min nəfərlə Səudiyyə Ərəbistanı tutur. İkinci yerdə 34 min nəfərlə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə 29 min nəfərlə İsrail, sonrakı yerləri 27 minlə Küveyt və 16 min nəfərlə Oman tutur. 2019 və 2022-ci illə müqayisə etdikdə bunların içərisində təəsüüf doğuran məqam Səudiyyə Ərəbistanı vətəndaşlarının sayıdır.

Belə ki, 2019-cu ildə 102 min Səudiyyə Ərəbistanı vətəndaşı Azərbaycana gəlibsə, 2022-ci ildə bu rəqəm 93 minə, keçən il isə 76 min nəfərə düşüb. Bizim əsas fəaliyyətimiz Körfəz ölkələri ilə olduğu üçün bu səbəbdən fikrimi bildirirəm. İsraildən Azərbaycana səfər edən vətəndaşların sayında azalma isə heç şübhəsiz ki, məlum müharibə ilə əlaqədardır. Əgər 2019-cu ildə İsraildən Azərbaycana 44 min nəfər səfər etmişdisə, 2022-ci ildə bu rəqəm 23 min nəfər olub. Keçən il isə 28 min İsrail vətəndaşı ölkəmizə səfər edib. Hazırda Mərkəzi Asiya və Cənubi Asiyadan gəlmə sayında xeyli artım müşahidə edilir. Keçən il Cənubi Asiyadan 156 min vətəndaş səfər edib. Onların içərisində ən çoxunu 100 min nəfərlə Hindistan təşkil edib. Pakistandan isə gələnlərin sayı 59 min olub. Onu da qeyd edim ki, adıçəkilən ölkələr 2019-cu ildə TOP-7-yə düşməyib. 2022 və 2023-cü illərdə isə Cənubi Asiya artıq TOP-5-likdə yer alır. 2022-ci ildə sözügedən regiondan Azərbaycana 105 min nəfər gəldiyi halda, keçən il bu rəqəm 156 min olub. Əgər 2019-cu ildə 109 min nəfərlə yeddinci yerdə Qərbi Avropa ölkələri dururdusa, ancaq 2022 və 2023-cü illərin rəqəmlərinə baxanda görürük ki, artıq Qərbi Avropa həmin yerlərdə qərarlaşmır və daha aşağı yerlərdədir. Bu da o deməkdir ki, artıq Avropa bazarını itirmişik və onu geri qaytarmaq üçün ciddi işlər görməliyik. Çünki artıq Avropa ölkələri TOP-7-də yoxdur.

-Pandemiyadan sonra turizm sektorunu tam mənada dirçəldə bilmişikmi? Yoxsa hələ də müəyyən çətinliklər qalmaqdadır? Ən əsası, pandemiyadan əvvəlki dövrlə, yəni 2019-cu illə 2023-cü ili müqayisə etdikdə ölkəyə səfər edənlərin sayında hansı tendensiyanı görürük?

-Turizm sektoru olaraq hazırda postpandemiya dövrünü yaşayırıq və bu sahəni dirçəltmək üçün hər kəs əlindən gələni edir. Ancaq müəyyən istiqamətlərdə özəl sektorun fəaliyyəti dayanır və belə məqamda dövlət sektoru məsələyə müdaxilə etməlidir. Biz özəl sektor olaraq daima təbliğat-təşviqat işlərini aparırıq. Xaricdə keçirilən sərgilərdə, görüşlərdə iştirak edir, təbliğat aparır, bloggerləri Azərbaycana dəvət edirik.
Ancaq rəqəmlərə baxdıqda təəssüf hissi ilə qeyd edirik ki, 2019-cu illə müqayisədə 2023-cü ildə biz buna nail ola bilmədik. İstər quru sərhədlərinin bağlı olması, istərsə də regionlarda baş verən münaqişələrdən dolayı deyə bilərik ki, 2024-cü ildə 2019-cu ilin nəticələrini əldə edə bilməyəcəyik. Ancaq təbii ki, istərdik həmin rəqəmləri əldə edək. Hətta 2019-cu ilin nəticələrini geridə qoyaq. Bildiyiniz kimi artıq bir sıra ölklər bu sahədə 2019-cu ilin nəticələrini geridə qoyub. Ancaq biz hələ də həmin rəqəmləri əldə edə bilmirik. Təbii ki, bu sahədə müəyyən çətinliklər mövcuddur. Biz də turizm şirkəti olaraq qarşılaşdığımız nöqsanları, problemləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına çatdırırq. Onlar da öz növbəsində həmin çətinliklərin aradan qaldırılması üçün əllərindən gələni edir, Dövlət Turizm Agentliyi və Agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosu publik hüquqi şəxsə çatdırırlar. Bir sözlə hamı əlindən gələni edir ki, pandemiyadan əvvəlki nəticələri əldə edək.

-Adətən Azərbaycana hansı ölkələrdən turistlər daha çox üz tutur?

-Rəqəmlərə baxdıqda vizual olaraq belə görünür ki, Azərbaycana daha çox Rusiya, Türkiyə, Yaxın Şərq, Cənubi Asiya ölkələri, İran, Mərkəzi Asiya dövlətləri və Gürcüstan vətəndaşları səfər edir. Rəqəmləri ümumiləşdirsək, 577 min nəfərlə Rusiya birinci, 341 min nəfərlə Türkiyə ikinci, 148 minlə İran üçüncü yerdə dayanır. Sonrakı yerləri 100 minlə Hindistan və 93 min nəfərlə Gürcüstan bölüşdürür. Nəhayət, 53 min nəfərlə Qazaxıstan altıncı, 49 min nəfərlə isə Pakistan yeddinci yerdə qərarlaşır. Rusiya ilə bağlı bir məqamı qeyd etmək zəruridir. Belə ki, Rusiyadan ölkəmizə gələn vətəndaşların əksəriyyəti azərbaycanlılar, həmyerlilərimiz olub və onlar ilin müəyyən vaxtlarında öz vətənlərinə gəliblər. Onlar Rusiya vətəndaşı olduqları üçün ölkəyə daxil olanda da Rusiya vətənddaşı kimi qeydiyyata düşürlər.

-Bəs azərbaycanlıların turist səfəri kimi ən çox getdiyi ölkələr hansılardır?

-Azərbaycanlılar bir qayda olaraq həmişə Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Misirə üz tuturlar. Keçən il imzalanmış sazişə uyğun olaraq Azərbaycan və BƏƏ vətəndaşları qarşılıqlı olaraq vizasız səfər edirlər. Hazırda bizim BƏƏ-nin 3 şəhəri, eləcə də müxtəlif hava yolları şirkətləri ilə birbaşa əlaqələrimiz var. Buna görə də çox adam BƏƏ-yə üz tutur. Ondan sonrakı yeri isə Misir tutur. Burada daha çox Şarm Əl Şeyx şəhərinə üstünlük verilir. Bu şəhərə birbaşa uçuşlar var və ora səfər edirlər. Həmçinin, qonşu ölkələrimiz olan Türkiyə, Gürcüstan və Rusiyaya da səfər edənlər olur. Avropa ölkələri də Azərbaycan vətəndaşları üçün populyar destinasiyadır. Şengen vizası olanlar Avropanın bir neçə ölkəsinə səfər edirlər. Hesab edirəm ki, aşağı büdcəli müxtəlif hava yolları şirkətlərinin Azərbaycana gəlməsinə, uçuşuna şərait yaradılsa, o halda qarşılıqlı turizm mübadiləsinin sayında böyük bir artım olacaq.

-2024-cü ildən gözləntilər nədir? Bu il turizm sektoru nə vəd edir?

-Bildiyiniz kimi 2024-cü il Cənab Prezident tərəfindən Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu il çərçivəsində Azərbaycan COP29 adlı böyük bir beynəlxalq tədbirə evsahiblik edəcək. Həmin tədbir cari ilin noyabr ayında baş tutacaq və bildiyim qədər tədbir çərçivəsində 80 minə yaxın xarici ölkə vətəndaşının Azərbaycana səfəri nəzərdə tutulur. Tədbir 11-22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Bu çərçivədə Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşları bizim üçün potensial turistlərdir. Çünki onlar Azərbaycana səfər edincə mehmanxana , nəqliyyat xidmətlərindən yararlanacaq, iaşə obyektləri, restoranlardan istifadə edəcəklər. Eyni zamanda tarixi-mədəni abidələri ziyarət edəcək, regionlara səfərə gedəcəklər. Paralel olaraq bu il də Bakıda Formula-1 yarışları keçiriləcək. Eləcə də digər bu kimi beynəlxalq tədbirlər var ki, 2024-cü ildə xarici ölkə vətəndaşlarının Azərbaycana daha çox səfər etməsinə təsir göstərəcək.

-İşğaldan azad edilmiş ərazilərimizdə turizm zonaları yaradılır. Həmin ərazilərə yaxın perspektivdə turist səfərləri gözləniləndirmi?

-Dövlət Turizm Agentliyi tərəfindən reyestr xidməti yaradılıb ki, turizm sənayesində fəaliyyət göstərən şirkətlər orada qeydiyyatdan keçib. Bir neçə gün əvvəl məlumat verildi ki, artıq turizm şirkətləri Suqovuşan istiqamətində qrup turlarını həyata keçirə bilərlər. Bizə səlahiyyət verildi ki, qrupumuz haqqında ora məlumatlar daxil edək və müvafiq icazəni alıb Suqovuşan istiqamətində turlarımızı həyata keçirək. Yəqin ki, bu il mərhələli şəkildə işğaldan azad edilmş digər şəhərlərimizə, bölgələrimız də səfər etməyə icazə veriləcək. Artıq Şuşaya gediş-gəliş, eləcə də 1-2 gün qalmaq şərtiylə turpaketlər mövcuddur.

-Azərbaycanda sağlamlıq turizminə maraq nə dərəcədədir?

-Azərbaycanda sağlamlıq turizminə maraq kifayət qədər var. Çünki bizim mineral sularımız, sanatoriyalarımız, dünyada çox nadir olan Naftalan neftinin müalicəsi, Naxçıvandakı Duz Dağ Müalicə Kompleksi və s. imkan yaradır ki, sağlamlıq turizmini daha da inkişaf etdirək. Bu kimi zonalara xarici ölkələrdən çoxlu sayda müalicə üçün gələn olur. Mərkəzi Asiya ölkələrindən gələn insanların əksəriyyəti məhz müalicə məqsədilə Azərbaycana üz tutur. Artıq biz də bu istiqamətə öz töhfəmizi verməyə başlamışıq. Belə ki, Sağlamlıq Turizmi ilə yanaşı Tibbi Turizmə də üstünlük vermişik. Belə ki, xaricdən, xüsusilə ərəb ölkələrindən Azərbaycana səfər edən vətəndaşlara tibbi xidmətlər təklif edirik. Onlara müvafiq paketlər təqdim edirik ki, onlar burada müxtəlif əməliyyatlardan keçirlər. Bu sıraya estetik, arıqlama, detoks, saç əkdirmə kimi proqramlar daxildir. Əldə edilən nəticələr, alınan rəqəmlər nəzərə çarpandır, müsbət istiqamətdədir. Bu artım getdikcə daha çox özünü büruzə verir.

-Şirkət olaraq Siz əsasən hansı ölkələrlə turizm sahəsində əməkdaşlıq edirsiniz?

-Biz turizm şirkəti olaraq 2016-cı ildən ilk dəfə Azərbaycanda fəaliyyətə başlamışıq. Daha sonra BƏƏ-də ikinci filialımızı açmışıq. Hazırda dünyanın 9 ölkəsində fəaliyyət göstərırik. Əsas fəaliyyət istiqamətimiz Azərbaycana xüsusilə Körfəz ölkələrindən, eləcə də digər ərəb ölkələri olan İrodaniya, Misir, Mərkaeş, Sudan və s-dən turistlərin gətirilməsidir. Həmin ölkələrdəki turizm şirkətləri ilə yaxından əməkdaşlıq edirik. Onların istəyinə uyğun olaraq turpaketlər hazırlayır, sorğularına cavab veririk. Onlar da öz ölkələrində bunları reklam edir və Azərbaycana turist göndərirlər. Biz də öz növbəmizdə burada onları ən yüksək səviyyədə qarşılayır, xidmət göstəririk. Bizim onlarla işimiz hava limanından başlayır. Onları otellər yerləşdirir, daha sonra şəhərin tarixi abidələri ilə tanış edir, bölgələrə səfərlərini təşkil edirik. Ən çox şimal və şimal qərb bölgələrinə üstünlük verirlər. Qış mövsümündə daha çox Qusardakı Şahdağ və Qəbələdəki Tufandağ turizm komplekslərinə üz tuturlar.

-2024-cü il üçün planlarınız nədən ibarətdir?

-2024-cü illə bağlı bizim də planlarımız, hədəflərimiz var. Bu il dünyanın müxtəlif ölkələrində keçirilən turizm sərgilərində iştirakımızı davam etdirəcəyik. Buna misal olaraq Berlində, Moskvada, Sinqapur və BƏƏ-də keçiriləcək turizm sərgilərini göstərmək olar. Həmin sərgilərdə iştirak edərək ölkəmizin turizm potensialını təqdim edəcəyik. Bununla yanaşı mart ayında BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində Qolf turizm sərgisi olacaq və konfrans keçiriləcək. Həmin tədbirlərdə biz də iştirak edəcəyik.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş