Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Vaterlooda “beynəlxalq ağıllı tələbə” model ölkəsinə çevrildi

Azərbaycan Vaterlooda “beynəlxalq ağıllı tələbə” model ölkəsinə çevrildi


İlham Axundov: “Diaspora fəaliyyəti kəsilməz bir prosesdir və bu işdə gənc nəslin yetişdirilməsi çox vacibdir”


Günümüzdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir çoxu həmin ölkələrin ictimai-siyasi, mədəni və sosial həyatında yaxından iştirak edir, eyni zamanda bu imkanlardan istifadə edərək qeyd edilən istiqamətlərdə yaşadıqları ölkə ilə Azərbaycan arasında əlaqələrin inkişafına nail olurlar. Belə şəxslərdən biri də 17 ildir ki, Kanadanın dünya şöhrətli Vaterloo universitetində çalışan soydaşımız İlham Axundovdur. İlham Axundovla söhbətimizdə Kanadadakı elmi fəaliyyəti, bu istiqamətdə Azərbaycanla Kanada ali təhsil ocaqları arasında qurulan əlaqələr, eləcə də gələcək planları barədə söhbətləşdik.

-İlham müəllim, siz uzun illərdir ki, Kanadanın Vaterloo Universitetində çalışırsınız. İlk sualım ondan ibarətdir ki, sözügedən universitetdə azərbaycanlı gənclərdən təhsil alan varmı? Yaxud həmin universitetdən məzun olub, hazırda istər həmin universitet, istərsə də hansısa bir sahədə çalışan azərbaycanlılar olubmu?

-Bəli, mən artıq 17 ildir ki, Kanadanın dünya şöhrətli Vaterloo universitetində çalışıram. Vaterloo Universitetində 2009-cü ilə kimi azərbaycanli tələbələr heç vaxt olmamışdı. İlk dəfə Riyaziyyat fakultəsinin dekanı, professor Tomas Kolemanla Bakıya olan səfərimizdən sonra 3 azərbaycanlı tələbənin Vaterloya gəlməsi qərarına gəldik. Bu tələbələrin Vaterloodaki 1-ci il uğurları bizi çox həvəsləndirdi və biz hər il Azərbaycana gedib bacarıqlı tələbələrimizi seçmək üçün müsabiqələr aparırdıq. Beleliklə, Azərbaycandan Vaterloya 55-dən artıq tələbə gəldi. Vaterloda Azərbaycan Tələbələri Assosiasiyası quruldu və ölkə mədəni irsinin təbliğində böyük işlər görüldü. Təhsil uğurlarına gəldikdə, əksər tələbələrimizin nəticələri çox yüksək oldu və hətta bəzi hallarda bu nəticələr kanadalı professorlar ücün də gözlənilməz idi. Azərbaycan Vaterlooda “beynəlxalq ağıllı tələbə” model ölkəsinə çevrildi. Potensialı çox güclü olan bu tələbələrin böyük əksəriyyəti artıq məzun olmuşlar və maraqlıdır ki, bütün məzun olmuş tələbələrimiz Kanadanın məhşur Informasiya Texnologiyaları və Mühəndislik şirkətlərində (Google və Tesla daxil), banklarda (TD, RBC, və s.) və digər maliyyə Institutlarında və Startuplarda uğurla işləyirlər. Azərbaycandan Vaterlooya gəlmiş tələbələrin yüksək hazırlığı bizə Azərbaycan gənclərinin çox talantli olduğunu bir daha göstərdi. Sadəcə, Azərbaycanda bu qrupu, belə tələbələrin sayını artırmaq lazımdır. Onu da qeyd etmek istərdim ki, bu tələbələrin böyük əksəriyyəti Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində oxumuşlar və ona görə də məzunlarımız hazırda həm də Azərbaycan mədəniyyətinin “brokerleri” kimi Kanadada fəaliyyət göstərirlər.

-Maraqlıdır, Vaterleo Universiteti xarici tələbələr üçün hansı üstünlüklər verir və azərbaycanlı gənc nə üçün bu universiteti seçməlidir?

-İlk növbədə Kanadada təhsilin keyfiyyətinin çox yüksək səviyyədə olmasını qeyd etmek lazımdır. Burada yaxşi/pis universitetlər anlayışı yoxdur, amma bəzən universitetler təbii ki, yaxşı və ən yaxşı kimi katoqoriyalara bölünür. Vaterloo Universiteti son 30 ildə Kanadanın bir nömrəli innovativ universiteti seçilib.

Dünyanın müxtəlif ölkələrindən Kanadaya gəlmiş insanlar burada çoxmədəniyyətçilik prinsiplərinin dövlət səviyyəsində aparıldığını görürlər. Universiteti bitirən məzunlar isə Kanadada 3 illik iş vizaları ilə təmin olunur və bu da onlara karyeralarını qurmağa çox kömək edir. Eyni zamanda düşünürəm ki, Kanadada ali təhsil almaq digər qərb olkələrinə nisbətən daha az məsrəf tələb edir.

Mən Vaterlo Universitetində Riyaziyyat-Biznes Proqramları Departamentinə rəhbərlik edirəm. 6 ixtisas üzrə 2500 tələbəni əhatə edən bu bölmədə təhsil alan tələbələr biznes təcrübələri ilə yanaşı, dərin riyazi bacarıqlara da malikdirlər. Bu gün maliyyə, sığorta, iqtisadiyyat, risklərin idarə edilməsi kimi sahələrdə riyazi və statistik metodlara cox boyuk ehtiyac var. Bizim ixtisaslar ənənəvi biznes proqramlarından çox fərqlənir və unikallığına görə məzunlara böyük akademik və karyera imkanları yaradır. Müasir maliyyə sahəsində yüksək riyazi və statistik bacarıqlara malik mütəxəssislər və riyazi-statistik modellərin iqtisadiyyata və maliyyəyə tətbiqi düşünürəm ki, Azərbaycan üçün çox faydalı ola bilər.

Vaterloo Universitetinin əsas üstünlüklərindən biri də onun kooperativ (coop) təhsil sistemidir. Burada tələbələr bir semestr (4 ay) kampusda təhsil alır, novbəti semestr (4 ay) ərzinde isə sirkətlərdə çalışaraq müvafiq iş təcrübəsi (ödənişli!) qazanırlar. Akademik il 3 semestrden ibarətdir. Tələbələr oxuduqları müddətdə 6 belə iş semestri əldə edirlər və beləliklə də məzun olmadan 6 x 4 ay=24 ay (2 il) iş təcrübəsinə malik olurlar. Universitet hər semestr mövcud çoxlu sayda iş yerlərini tələbələrə təqdim edir, onlara CV yazmaq, müsahibədə uğurla iştirak etmək, iş axtarış strategiyalarını və karyera inkisafı üçün lazım olan təlimləri məcburi PD (Professional İnkişaf) kursları vasitəsile keçir. Bizim Riyaziyyat/Biznes ixtisaslarında təhsil alan coop tələbələrin orta hesabla 99%-i iş tapmaqda uğurlu olurlar (“real dünyadan” daha yaxşı). Texniki olaraq, coop təhsil müddəti 4 il 8 aydır. Yəni 1 il daha uzundur, amma tələbələr cəmi 1 il əlavə vaxtla 2 illik iş təcrubəsi əldə edirlər. Şirkətlər də (Tesla, Apple, Amazon, Microsoft və s. daxil) qısamüddətli layihələrə yeni ideyalar və gənc işçilər cəlb etmək üçün kooperativ tələbələri həvəslə işə götürürlər.

-Bir müddət əvvəl Siz Azərbaycanda müəyyən ali təhsil ocaqları ilə Vaterleo Universiteti arasında əməkdaşlıq yaradılması istiqamətində görüşlər keçirirdiniz səhv etmirəmsə. Keçirilən görüşlər səmərəli oldumu və Azərbaycandan hansısa təhsil ocağı Vaterleo Universiteti ilə əməkdaşlıq edirmi?

-Vaterloo Riyaziyyat fakultəsinin Azərbaycan universitetləri ilə əməkdaşlığı 2009-cu ildən başlayıb. Baki Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Anlaşma Memorandumları imzalanıb. Son illərdə isə bizim əməkdaşlığımız əsasən ADA Universiteti ilə olub. Əlbəttə çox sevindirici haldır ki, bizim ADA Universiteti kimi bir təhsil ocağımız vardır. Mən 2019-2020-ci tədris ilini də ADA Universitetində qonaq professoru kimi keçirdim və universitetin İnformasiya Texnologiyaları və Mühəndislik Fakultəsində oxuyan tələbələrə iki dərs də verdim. ADA Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən həmin Universitetin tələbəsi 2020-ci ildə Vaterloo Universitetində akademik mübadilə proqramını uğurla keçdi. ADA Universiteti ilə əlaqələrimiz davam edir və birgə dərəcə proqramların verilməsi müzakirə olunur.

-Zaman-zaman istər ümummilli lider Heydər Əliyev, istərsə də prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara yaşadıqları ölkələrin ictimai-siyasi, elmi həyatlarına inteqrasiya etmək, bu qurumlarla əlaqələri inkişaf etdirməyi tövsiyə edib. Maraqlıdır ki, Kanadanın elmi dairələrinə sirayət etmək, həmin dairələrə inteqrasiya etmək nə dərəcədə asan və ya çətindir?

-Kanadaya ilk getdiyim dönəmlərdə Azərbaycanın Kanadada səfirliyi yox idi. Kanada və Meksika Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin nəzarətində idi. Amma Biz ABŞ-dakı səfirliyimizə dəstək olmaq üçün Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasını yaratdıq. Fəaliyyətimizi 4 istiqamət üzrə - siyasi, iqtisadi, sosial və təhsil üzrə qurduq. Təhsil sahəsində Kanada-Azərbaycan münasibətlərinin inkişafına nail olduq. Kanadadan çoxlu sayda təhsil mütəxəssisi Azərbaycana gələrək Azərbaycan universitetləri üçün təlimlər təşkil etdilər. Hazırda Kanadada Azərbaycan icma təşkilatları uğurla fəaliyyət göstərirlər. Əlbəttə bu asan başa gəlmir. Amma soydaşlarımız zamanlarını, bacarıqlarını və bəzən də şəxsi vəsaitlərini bu işə ayırmaqla çoxlu nailiyyətlər qazana biliblər. Diaspora fəaliyyəti kəsilməz bir prosesdir və bu işdə gənc nəslin yetişdirilməsi çox vacibdir.

-Sizin Vaterleo Universiteti ilə əməkdaşlığınız asanmı başa gəldi, yoxsa bunun üçün illər lazım oldu?


-Dünyada baş verən müsbət dəyişikliklər mənə elmi karyeramı öncə Birləşmiş Ştatlarda, daha sonra Kanadada davam etdirmək imkanını qazandırıb. 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi kimi Texas A&M Universitetində tədqiqat aparmaq imkanı qazandim. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra xarici universitetlərdən bir neçə dəvət aldim. 2001-ci ildən baslayaraq Kanadanın Makmaster (Hamilton) Universitetində çalışdim. 2007-ci ildən indiyədək isə karyeramı dünyanın nüfuzlu Vaterloo Universitetinin Riyaziyyat Fakültəsində davam etdirirəm. Çətinliklərdən danişdiqda, əlbəttə onlar həmişə olur. Məsələn, mənim əvvəl işlədiyim McMaster Universitetindən daim arzuladığım Vaterloo Universitetinə keçidim zamanı bu vəzifəyə 100-dən çox alim sənəd vermişdi. Bunların arasında 1-ci olmaq çox çətin oldu.

Yəni, həyatda çətin anlar həmişə olur və burada əsas məsələ bu çətinliklərdən qorxmayıb onların həlli üçün doğru və optimal yolların tapılmasıdır. Bunun üçün isə ilk növbədə böyük zəhmət və bir az da talant lazım gəlir.

-Kanadanın aili təhsil ocaqları ilə Azərbaycanın universitetləri arasında əlaqələri daha da inkişaf etdirmək üçün qarşıdakı illər üçün hansısa planlarınız varmı ?


-Mən çox arzulayıram ki, Azərbaycanın bütün universitetlərində dərəcə və professional dərəcə proqramlarının keyfiyyətini artırmaqla elmi araşdırmalara yol açılsın, elmi lobarotoriyaların sayı artırılsın, startuplara başlanılsın, dünyanın ciddi jurnallarında elmi məqalələrin nəşrinə nail olunsun, beynəlxalq tələbələrin və müəllimlərin sayı artırılsın və məzunların işlə təmin olunma faizi yüksəlsin. Bütün bunlar universitetin rəqabət qabiliyyətinin gücləndirilməsi üçün zəruri şərtlərdir. Belə olan halda, ən məhşur universitetlər belə Azərbaycan universitetləri ilə birgə çaışmaq arzusunda olarlar. Ölkə başçısının qeyd etdiyi kimi Qarabağ azad olunduqdan sonra indi bizə yeni milli ideyalar lazımdır. Düşünürəm ki, milli ideya həm də Azərbaycanı bütün digər ölkələrdən fərqləndirən unikal, güclü bir ambissiya ola bilər. Belə ambisiyalardan biri də düşünürəm ki, “Daha İşıqlı Sabah üçün Təhsili Dəyişdirmək/ Formalaşdırmag” ola bilər.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş