Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vitse-spiker Adil Əliyev: “Regionda sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır”

Vitse-spiker Adil Əliyev:  “Regionda sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır”


Dünya və region üçün ən mühüm hadisələrdən biri məhz Cənubi Qafqazda sülhün bərqərar olunması və münasibətlərin normallaşaraq, qarşılıqlı əlaqələrin qurulmasıdır. Həqiqətən də, regionun buna ciddi şəkildə ehtiyacı var və ölkəmizin səyləri nəticəsində Cənubi Qafqazda sülh gündəliyi üzərində iş aparılır.

Hazırda baş verənlərin fonunda ikiqütblü siyasətlə üz-üzə qalmışıq. Belə ki, Azərbaycan və demokratik dövlətlər sülh sazişini dəstəkləyir və regionun inkişafının məhz sabitlikdə, əlaqələrin qurulmasında görürlər.

Digər qütbün təmsilçisi olan Fransa və erməni lobbisinin təsiri altında çıxış edənlər isə bütün imkanlarını regionda sülhün əleyhinə səfərbər ediblər. Buna baxmayaraq, sülh gündəliyinin inkişafı prosesi hər şeyə rəğmən ölkəmizin qətiyyəti nəticəsində davam edir. Münaqişənin keçmişinə nəzər saldıqda görürük ki, heç də bir çox dövlətlər əvvəlcədən bu münaqişənin həllində maraqlı olmayıblar.

Məhz münaqişənin həlli ilə bağlı ATƏT-dən mandat almış Minsk qrupu bu illər ərzində münaqişənin dinc yolla tənzimlənməsinə heç bir töhfə verməmiş, 28 il ərzində aparılan danışıqlar yalnız imitasiya xarakteri daşımışdır. Məsələnin mahiyyətinə bu gün baxdıqda bir daha görürük ki, elə həmin Minsk qrupunun üzvü olan Fransa bu gün regiondakı sülhün qarşısında ən böyük əngəldir.

Deməli, Fransa öz niyyətini uzun illər ərzində məhz Minsk qrupun fəaliyyəti çərçivəsində gizlətmişdir. Bu qrupun fəaliyyətindən Azərbaycan imtina etdikdən dərhal sonra Fransa aşkar şəkildə əsl mahiyyətini ortaya qoydu.

Sülh prosesinə ölkəmizin töhfəsi

2020-ci ildə müharibə bitdikdən və Ermənistan kapitulyasiya sənədinə qol çəkdikdən sonra Azərbaycan beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Təəssüf ki, Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzaladığı və üzərinə öhdəlik olaraq götürdüyü Bəyanatın şərtlərinə riayət etmədi. Separatçı rejimi tərksilah edib ölkəmizin ərazisindən çıxarmaq əvəzinə, ölkəmizə qarşı açıq-aşkar müxtəlif təxribatlara davam etdi. Separatçı rejimin keçirdiyi “seçki”lərə dəstək verdi, təbrik məktubu göndərib mövqeyini təxribatçılardan yana nümayiş etdirməsi ölkəmiz üçün antiterror tədbirlərini qaçınılmaz etdi.

Nəticədə, ordumuz tərəfindən 2023-cü ilin sentyabrın 19-da 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri keçirildi. Bu əməliyyatın yeganə hədəfi hərbi təyinatlı obyektlər idi. Yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri zamanı separatçılar qısa zaman kəsiyində təslim oldular. Azərbaycan yenə də regionun inkişafının sülhdən başqa yolunun olmadığını və sülh müqaviləsinin bağlanmasını irəli sürdü.

Bu gün dünya yaxşı dərk edir ki, məhz sülhün əsas dəstəkçisi və təşəbbüskarı Azərbaycandır, ölkəmiz bütün platformalarda regionun gələcəyini sülhdə, sabitlikdə gördüyünü ifadə edir.

Ermənistan provokasiyalara yox deməli, sülh müqaviləsini imzalamalıdır

Təkcə Azərbaycanın sülh istəməyi kifayət etmir, Ermənistanın da sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atması zəruridir. Bu gün məhz Ermənistanın sülhə əngəl olmasını xarakterizə edən bir neçə əsas məqam mövcuddur.

Birincisi, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana və digər dövlətlərə qarşı ərazi iddialarını özündə əks etdirən normalar mövcuddur. Bu da məhz Ermənistanın ərazi iddialarının olmasının və belə olduğu halda, sülh razılaşmasının mümkünsüzlüyünün əsas sübutudur.

İkincisi, Ermənistanın qoşulduğu beynəlxalq sənədlərin bir çoxunda Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qeyd-şərtlər nəzərdə tutulub ki, bunun da əsası ilk maddədə qeyd etdiyimiz normativ bazadan gəlir. Sözügedən beynəlxalq sənədlərdə Qarabağ üzərində Azərbaycanın suveren hakimiyyətinin tanımadıqları barədə şərtləri dərhal aradan qalxmalıdır.

Üçüncüsü, Fransa və digər ermənipərəst ölkələr daxili xaosdan, problemlər qaçmaq məqsədilə regionun işlərinə qarışmaqdan əl çəkməlidir və Ermənistan da bu ölkələrin manipulyasiyalarına imkan verməməlidir. Məhz Ermənistanın təkrar silahlanmaq cəhdləri, gələcəkdə bu ölkə tərəfindən müvafiq təxribatların və münaqişənin törədilməsinin anonsudur.

Bu gün ölkəmizin sülh gündəliyi ilə bağlı müsbət məqamlardan biri də odur ki, Ermənistanda Konstitusiyanın və Müstəqillik Aktının, eləcə də digər normativ sənədlərdə dəyişikliklərin aparılması barədə müzakirələr başlanıb. Ümid edirik ki, bu, yaxın zamanda müsbət nəticəsini verəcək və erməni siyasətçiləri başa düşəcək ki, sülhdən başqa onlar üçün nicat yolu yoxdur.

Adil Əliyev,
Milli Məclisin sədr müavini,
Gənclər və idman komitəsinin sədri


Xəbəri paylaş