Tarixi əhəmiyyətli hadisələrə şahidlik etmək hər nəsilə qismət olmur. Bu baxımdan bizim nəslimiz həqiqətən də şanslı nəsildir. Müstəqillik dövrünün azərbaycanlıları xalqımızın 200 ildir üzləşdiyi davamlı torpaq itkilərindən, işğallardan, soyqırımlarından, terror və deportasiyalardan sonra ilk dəfədir ki, taleyimizi kökündən dəyişən epoxal hadisələrin içindən keçir, böyük Zəfərlərin sevincini, qürurunu yaşayır. Xüsusən də son üç ildə baş verən proseslər və qazandığımız qələbələr müqayisəyəgəlməz dərəcədə qeyri-adi və möhtəşəmdir. Bu möhtəşəm qələbələrin memarı isə heç şübhəsiz ki, Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.
Fevralın 14-də Azərbaycan Prezidentinin Milli Məclisdə keçirilən andiçmə mərasimi dövlət başçımızın ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda 20 illik yorulmaz mübarizəsinin son akkordu idi. Və bu mərasimdə İlham Əliyevin Azərbaycanın daxili və xarici siyasətinin hazırkı durumu və gələcək istiqamətləri, perspektivləri ilə bağlı etdiyi çıxışı dövlətçiliyimizin inkişafında bir dövrün qapanmasının elanı, eyni zamanda yeni mərhələnin başlanmasının anonsu kimi dəyərləndirilməlidir.
Prezident öz çıxışında 20 illik fəaliyyət dönəmini belə qiymətləndirdi: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.
Dövlət başçımızın çıxışı proqram xarakterli çıxış kimi əhəmiyyətlidir. Həm dərin məzmunu ilə, həm də emosional baxımdan yüksək ovqatı ilə seçilən bu çıxışında Cənab Prezident qarşıdakı illər üçün yeni siyasi gündəmimizin bir sıra mühüm detallarını açıqladı və strateji “yol xəritəmiz”i cızdı, yaxın və uzaq perspektivdə dövlət siyasətimizin əsas istiqamətlərini müəyyənləşdirdi. Belə ki, dövlətimizin başçısı hazırda Azərbaycanın qarşısında duran vəzifələrdən danışarkən işğaldan azad edilmiş ərazilərin bərpası, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, sərhədlərimizin qorunmasının gücləndirilməsi, ordu quruculuğunun və müdafiə sənayesinin inkişafının davam etdirilməsi, xarici risklərdən qorunmaq, milli birlik və həmrəylik, Ermənistanın öz qanunvericiliyini normal qaydaya salması və sülh masasına oturmağa məcbur olması, xarici siyasətimizdə yeni üfüqlərin açılması və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmağımızın vacibliyi, Ermənistanın havadarlarına növbəti dəfə qətiyyətli mesajın verilməsi kimi mühüm məsələlərə xüsusi olaraq toxunması əsas prioritetlərimizin müəyyənləşdirilməsinə imkan verir.
Dövlət başçımız son 20 ildə keçdiyimiz yolun qarşıya çıxan bütün çətinliklərə, yaradılan cürbəcür süni maneələrə rəğmən sonda parlaq qələbələr qazanmağımızla, tarixi ədaləti bərpa etməyimizlə nəticələnməsini diqqətə çatdırdı. Biz bu dövr ərzində öz tariximizi yeni başdan yazdıq və ölkə başçımızın da qeyd etdiyi kimi bu tarixin ən şanlı səhifəsi məhz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi oldu: “Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.
Cənab Prezidentin 7 fevral seçkilərində səsvermə üçün məkan olaraq məhz Xankəndini seçməsi də yeni başdan yazdığımız ən yeni tariximizin həlledici məqamı kimi yaddaşlara yazıldı. Bu səsvermə həqiqətən də xüsusi rəmzi məna daşıyırdı. Dövlət başçısı Xankəndidə keçirilən səsvermənin önəmindən bəhs edərkən bizim xalqımıza qarşı xain qərarların qəbul edildiyi həmin o binada qutuya bülleten atmasını erməni separatçılarının tabutuna vurulan son mismar kimi dəyərləndirməsi işğalçı, separatçı ermənilərə vurulan ən ağır mənəvi-psixoloji zərbələrdən biri oldu: “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
İlham Əliyevin bu ifadəsi bütün separatçılar üçün dərs olacaq. Bundan sonra Xankəndidə heç vaxt separatizmə yer olmayacaq. Xankəndi erməni separatizminin yuvası kimi yox, sülhsevər azərbaycanlıların şəhəri kimi yoluna davam edəcək. Bu mənada Prezidentimizin erməni separatçılarının “tabut”una son mismarı vurması hər kəsə - gah sülhdən dəm vuran, gah da destruktiv mövqe sərgiləyən, sərhəddə təxribata yol verən hazırkı Ermənistan hakimiyyətinə də, İrəvanda qərarlaşan separatçı tör-töküntülərə də, onların xarici havadarlarına da açıq mesajdır.
Azərbaycan Prezidenti həmçinin Ermənistanın revanşizmə can atması və müxtəlif dövlətlər tərəfindən yenidən silahlandırılmasını da nəzərdə tutaraq bildirdi ki, Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz: “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz”.
Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesinə də toxunaraq kifayət qədər sərt formada xəbərdarlıq etdi: “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. Bu isə o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının Ermənistanın qarşısında irəli sürdüyü şərt kifayət qədər şəffaf və qətidir. Ermənistan sülh oyunu oynamamalı, sülhsevərlik görüntüsü yaratmamalıdır. Ermənistanı idarə edənlər başa düşməlidirlər ki, manipulyasiya dövrü bitdi. Və indi real sülhün yolu ilk növbədə qonşu ölkələrə qarşı ərazi iddialarının yer aldığı konstitusiyanın və müstəqillik bəyannaməsinin dəyişdirilməsindən keçir. Əks təqdirdə, heç bir sülhdən söhbət gedə bilməz. Bu, Azərbaycan tərəfinin qəti mövqeyidir.
Prezidentin andiçmə mərasimindəki çıxışı xarici siyasətimizin əsas prioritet istiqamətinin elan edilməsi baxımından da olduqca mühümdür. Belə ki, çıxışdan məlum oldu ki, bundan sonra xarici siyasətdə əsas proritetimiz məhz türk ölkələri arasında inteqrasiyanın sürətləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün birgə səylərin genişləndirilməsi olacaq. İlham Əliyev bizim qlobal siyasi ailəmizin harada olduğunu birmənalı olaraq bəyan etd: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. Dövlətimizin başçısının bu fikirləri həm də bütün türk dövlətlərinə ünvanlanıb. İlham Əliyev Türk dövlətləri üçün yeni dövrün başlandığını bəyan etdi.
İnaqurasiya mərasimindəki çıxış milli birlik və həmrəylik amilinin daim dövlətimizin başçısının diqqət mərkəzində olması baxımından da önəmlidir. Belə ki, Cənab Prezident çıxışında xalqımızın bir yumruq kimi birləşdiyini qeyd etdi və gələcəkdə qarşılaşa biləcəyimiz ideoloji təhlükələrin, risklərin neytrallaşdırılması üçün milli birliyimizi qoruyub saxlamağımızın vacibliyini vurğuladı. Əgər bu günə qədər məhz Qarabağı azad etməyimiz üçün milli birliyimizə ehtiyac vardısa, bundan sonrakı dövrdə isə milli dəyərlərimizi qorumaq və gənc nəsli düzgün tərbiyə etmək üçün həmişə həmrəy olmalıyıq. Prezidentin də qeyd etdiyi kimi bu gün Qarabağın azad edilməsi məsələsi artıq öz həllini tapıb. Və indi Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Bu isə o deməkdir ki, gələcəkdə bizə qarşı müxtəlif ideoloji təxribatların törədiləcəyi qaçılmazdır. Bu təxribatları önləmək üçün milli birliyimiz, həmrəyliyimiz daimi olmalıdır. Həmçinin biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Dövlətimizin başçısı bu fikirləri səsləndirməklə ideoloji təbliğatımızın əsas istiqamətini müəyyən etdi.
Beləliklə, Prezidentin andiçmə mərasimindəki çıxışı Qalib Liderin Qalib Xalqa ünvanladığı Zəfər hesabatı və yeni fəaliyyət proqramıdır. Bəli, indi tamamilə yeni dövr başlayır. Qalib Liderimizin vurğuladığı kimi biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, xalqımız və dövlətimiz qarşıdakı illərdə böyük uğurlara imza atacaq. Fevralın 7-də keçirilən prezident seçkiləri ilə öz inkişafının keyfiyyətcə yeni bir dövrünə qədəm qoyan Azərbaycanı irəlidə İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlər və uğurlar gözləyir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri