"Avropa Parlamentinin son bəyanatları narahatedici məqamlara səbəb olur və Azərbaycanı Ermənistana qarşı təcavüzkar kimi göstərməklə təhlükəli yanaşma nümayiş etdirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri EkoAvrasiya Fondunun icraçı direktoru Hikmet Eren səsləndirib. O bildirib ki, bu cür ritorika regionda təhlükəsizliyi və sülhü pozacaq yersiz bir münasibətdir:
"Cənab Prezident İlham Əliyev və Azərbaycan xalqı regionda sülhün və sabitliyin qorunması üçün diplomatik həll yollarının və dialoqun gücləndirilməsini dəstəkləyir, müdafiə edir. Avropa Parlamentinin bu qeyri-real münasibəti və siyasəti nəinki Azərbaycanı hədəfə alır, həm də regiondakı incə balansı təhlükə altına alır".
Hikmet Eren daha sonra bunları qeyd edib:
"Biz EkoAvrasiya Fondu olaraq Qafqazda sülhün və suverenliyin simvoluna çevrilmiş azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq. Ümid edirik ki, Avropa Parlamenti haqsız ittihamlardan əl çəkəcək, obyektiv münasibət sərgiləyəcək və regionda gərginliyi artıran bu cür addımlardan çəkinəcək".
Hikmet Eren deyib ki, Türk Birliyi əsrlər boyu ortaq tarix, mədəniyyət və dəyərlərlə bağlı olan türk millətinin həmrəyliyini və birliyini təmsil edir:
"Bu həmrəylik təkcə türk milləti arasında deyil, həm də bölgədə sülh və sabitliyin katalizatoru rolunu oynayır. Biz sülh və sabitliyin qorunması üçün əlimizdən gələni etməyə davam edəcəyik.
Hesab edirik ki, Avropa Parlamenti təxribat xarakterli bəyanatlar vermək əvəzinə, tərəflər arasında ədalətli və daimi həll yolunun tapılmasına dəstək verməlidir".
Süleyman