Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar qəbul edəcəyinə inanmıram

Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar qəbul edəcəyinə inanmıram


"İndiki şərtlər daxilində Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq edə biləcək qərarlar qəbul edəcəyinə inanmıram. Çünki Avropa İttifaqında qərarların qəbulu elə də asan məsələ deyil. Belə ki, burada qərarlar konsensus əsasında, yekdilliklə qəbul edilir. Bundan başqa, Aİ üzvlərinin veto hüquqları var. Bir ölkə belə bu hüquqdan istifadə etsə, qərar qəbul edilmir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Avropa İttifaqında Azərbaycanla dost və tərəfdaş ölkələrin sayı kifayət qədərdir:

"Ən azından Macarıstan, İtaliya, Bolqarıstan kimi ölkələrin belə bir qərara hə deyəcəyi inandırıcı deyil.

İkinci bir tərəfdən isə Avropa İttifaqının Ukrayna müharibəsinə görə Rusiya qazından imtina etməsindən sonra Azərbaycanla bağlı da bu istiqamətdə sanksiya tətbiqi Avropa İttifaqına üzv bir çox dövlətlərin iqtisadiyyatı üçün ağır nəticələrə səbəb ola bilər. Onsuz da Avropa İttifaqına üzv dövlətlər Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın enerji resurslarından imtina etməkdə yekdil fikirdə deyildilər. Bəzi dövlətlər belə bir qərarın Avropa İttifaqının iqtisadiyyatına dəhşətli zərər vuracağını əsas göstərirdilər. Keçən dövr göstərdi ki, onların narahatlıqları əsaslı idi və bu gün Avropada çox ciddi iqtisadi, enerji problemi hökm sürür. İndi belə bir ağır təcrübə ola-ola Azərbaycanın da enerji resurslarından imtina çağırışlarının qəbul edilməsi ehtimalı olduqca aşağıdır və demək olar ki, yox səviyyəsindədir".

Politoloq deyib ki, amma ayrı-ayrı ölkələrin sanksiya tətbiqi ilə bağlı qərar qəbul etmə ehtimalı var:

"Məsələn Fransa, Niderland, Kanada kimi ölkələr bu səpkili qərarlar qəbul edə bilərlər. Nəzərə alaq ki, adını çəkdiyim hər üç ölkə rəhbərliyi belə bir ehtimalla bağlı zaman-zaman mövqe nümayiş etdirib.

Ancaq bu ölkələrin tətbiq edə biləcəyi sanksiyaların Azərbaycan iqtisadiyyatına elə güclü təsir göstərməyəcəyi dəqiqdir".

Süleyman
Xəbəri paylaş