"Rusiya və Ukrayna arasında gedən müharibə, əslində dünyanı ikiyə böldü və bu müharibə, artıq Rusiya və Ukrayna müharibəsi kontekstindən çıxaraq dünya müharibəsi kontekstinə daxil olur. Müharibənin bu qədər uzanması da məhz daha çox ölkələri müharibəyə cəlb etmək kimi gizli planların olması ehtimalını özündə əks etdirir və bu da, bir çox ölkələri siyasi və iqtisadi baxımdan daha çox zəiflətməyə səbəb ola bilər."
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu yaxınlarda müharibənin iki ili tamam oldu və hələ də hansısa danışıqlar prosesi çərçivəsində atəşkəsin əldə olunmasına yönəlik addımlar atılmır:
"Yaxud, müharibənin durdurulmasına yonəlik hansısa bir addımın atılması istiqamətində heç kim irəli çıxmaq istəmir. Bu da onu deməyə əsas verir ki, müharibənin gedişatı və uzanması planlı şəkildə həyata keçirilir. Məqsəd yormaq və zəiflətməkdən ibarətdir. Min kilometr məsafədən daha çox uzanan cəbhə xətti və orda həyata keçirilən hərbi əməliyyatlar çox böyük məsrəflər hesabına başa gəlir. Görünən odur ki, Rusiyanın yavaş--yavaş çökməsi planı, uzun zaman hesabına başa gələcək və bu plan daha optimal variant kimi daha az itki və daha təhlükəsiz hesab olunur".
Anar Əliyev