Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tariximizin bütün mərhələlərində qadınlarımız mühüm rol oynayıb

Tariximizin bütün mərhələlərində qadınlarımız mühüm rol oynayıb


Biz azərbaycanlılar üçün qadına ehtiram və ana haqqını uca tutmaq həmişə ən ülvi, yüksək dəyərlər sayılıb. Bu gün də Müstəqil və Qalib Azərbaycanımızda qadınların cəmiyyətdəki rolu, ailədəki yeri ənənələrə hörmət ruhunda, dövlətimizin gender siyasəti çərçivəsində öz mötəbərliyini qoruyub saxlayır.

Tariximizin bütün mərhələlərində qadınlarımız mühüm rol oynayıb, hətta döyüş meydanlarında da qadınlarımız daim kişilərlə çiyin-çiyinə dayanıb, Vətənimizin yadellilərin hücumlarından qorunmasına misilsiz töhfələrini veriblər. Onların bir çoxunun adları tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılıb. Tomris kimi, Nüşabə kimi qəhrəman qadınlarımızın adları bu gün də bədxah düşmənlərimizin canına üşütmə salır.

Xalqımızın qurucu, yaradıcı xalq kimi formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Bu mənada işğaldan azad edilmiş ərazilərimizdə bu gün dövlətimimizin və xalqımızın nümayiş etdirdiyi quruculuq ruhu heç də təsadüfi deyil. Bu, genimizdən gələn xüsusiyyətimizdir. Bizi vandal və barbar ermənilərdən fərqləndirən ən mühüm xüsusiyyətlərimizdən, dəyərlərimizdən biri də məhz budur. Ona görə də Azərbaycan qadını genimizin memarı, mənəvi dəyərlərimizin qoruyucusu kimi tarixi missiya daşıyıcısıdır.

Bu gün isə müasir Azərbaycan qadını ənənəvi ailə missiyası ilə yanaşı, həm də ölkənin ictimai-siyasi, elmi, mədəni həyatının fəal iştirakçısıdır. Qadınlarımız hər yerdə - dövlət idarəetməsində, parlamentdə, universitetlərdə, hüquq-mühafizə orqanlarında, pedaqoji müəssisələrdə geniş təmsil olunur, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Hazırda qadınların cəmiyyətdə rolunun daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. İndi ölkəmizdə siyasətçi, iş adamı, dövlət məmuru, deputat, alim qadın görmək adi normaya çevrilib. Eyni zamanda, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Bu da ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasi kursunun nəticəsidir.

Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümünə çevrilən Mehriban xanım Əliyevanın Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi kimi yorulmaz fəaliyyətləri də müasir Azərbaycan qadınlarının uğurları sırasında xüsusi yer tutur. Biz inanırıq ki, zərifliyi, gözəlliyi və eyni zamanda güclülüyü ilə hər zaman seçilən qadınlarımız bundan sonra da milli birliyimiz, parlaq gələcəyimiz naminə öz töhfələrini verəcəklər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş