"Ölkəmizin mühüm tarixi günlərindən biri olan 28 May - Müstəqillik Günü ərəfəsində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Bu məktublarda xalqımıza və dövlət başçımıza ünvanlanan xoş təbrik sözləri ilə bərabər, Azərbaycanın əldə etdiyi uğurlar da qeyd olunur. Sözügedən təbrik məktubları arasında Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktubunda yer alan məqamlar isə ABŞ-Azərbaycan münasibətlərinin bu günkü durumunu və gələcək perspektivlərini qiymətləndirmək baxımından xüsusi önəm daşıyır".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, iki ölkə arasında münasibətlərin gələcəyini şəkilləndirən, eyni zamanda, ABŞ-ın Azərbaycanla əməkdaşlıq prioritetlərini diqqət mərkəzinə gətirən açıq mesajların yer aldığı:
"Co Baydenin İlham Əliyevə ünvanladığı təbrik məktubunda əsas məqamlardan biri ABŞ-ın Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etməsi, Azərbaycan xalqı ilə tərəfdaşlığın inkişaf etdirilməsi və əlaqələri möhkəmləndirmək arzusunun ifadə olunmasıdır. Ağ Ev rəhbəri həmçinin noyabrda Bakıda keçiriləcək COP29-un uğurla baş tutmasında Azərbaycana dəstək verməyə hazır olduqlarını da bəyan edib.
ABŞ Prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi təbrik məktubunda Ermənistan-Azərbaycan normallaşma prosesinə sıx dəstəyin ifadə olunması da olduqca önəmli məqamdır. Bayden Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışladıqlarını və bu səyləri dəstəkləməyə hazır olduqlarını bildirib. Görünən budur ki, Ağ Ev 44 günlük İkinci Qarabağ müharibəsindən və lokal antiterror əməliyyatından sonra regionda yaranan yeni reallıqları artıq tam olaraq qəbul edir və hazırkı vəziyyəti Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün əlverişli fürsət kimi dəyərləndirir. Bu kontekstdə ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbinin bu yaxınlarda Şuşa və Füzuliyə səfər etməsi də Ağ Evin Azərbaycana münasibətdə daha rasional siyasət yürütməyə başladığını göstərir".
Komitə sədri qeyd edib ki, "Enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlığ"ın da qeyd olunduğu Ağ Ev liderinin məktubunda yer alan digər mühüm məqam isə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımının vacib ismarıc kimi qiymətləndirilməsidir:
"ABŞ lideri Azərbaycanın Ukraynaya yardım göstərməsini təqdir edir, yüksək qiymətləndirir. Bu da Azərbaycanın hazırkı mürəkkəb geosiyasi təlatümlər fonunda tutduğu ədalətli mövqeyini və eyni zamanda dünya dövlətləri arasındakı rolunu vurğulamaq baxımından olduqca önəmlidir. Beləliklə, Azərbaycan Prezidentinin beynəlxalq hüquqa və humanizm dəyərlərinə söykənən xarici siyasət xətti yürütməsi etiraf olunur. Baydenin İlham Əliyevə təbrik məktubunun məzmunu ölkəmizin regiondakı və dünyadakı mühüm rolunu ortaya qoyur. Və təhlillər onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərində yeni dövr başlayır".
Süleyman