Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla bağlı iki açıqlama verib. Onun birinci açıqlaması odur ki, rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizmin yaradılması təklifinə cavab verməyib. Armen Qriqoryanın ikinci açıqlaması isə odur ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı onuncu təkliflər paketini alıb. Bundan əvvəl İrəvan növbəti təkliflərini Bakıya göndərmişdi. “Biz çox çalışırıq” deyən Qriqoryan prosesin dinamikliyinə diqqət çəkib: “Bəzən irəliləyiş olur, bəzən yox”.
Nikol Paşinyanın atəşkəsin pozulmasıyla bağlı İrəvanın Bakı ilə birgə “ortaq mexanizm” qurması təklifinin arxasında onun Ermənistan ordusunun tamamına nəzarət etməməsinin etirafı var. Paşinyan açıq şəkildə “atəşkəsi Ermənistan ordusu pozmayıb” deyə bilmir, şübhələri var. Çünki baş nazir bu ilin fevral ayında atəşkəsi ordu içindəki “Erkrapa” silahlı qruplaşmasının üzvünün pozduğunu etiraf etmişdi. Başqa təxribatçılar da var. Belə olan halda Paşinyan “ortaq mexanizm” vasitəsilə ordusundakı təxribatçıları müəyyənləşdirmək istəyir. Ancaq Ermənistan ordusundakı təxribatçıları və “atəş açın” əmrini verən zabitləri müəyyənləşdirmək Azərbaycanın problemi deyil, bu işin öhdəsindən Paşinyan gəlməlidir.
Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla rəsmilərimiz iki ölkə arasında sülh sazişinin imzalanması üçün özündə ərazi iddialarını ehtiva edən Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruri olduğunu vurğulayırlar. Böyük ehtimalla Azərbaycanın Ermənistana göndərdiyi növbəti təkliflər paketində bu zərurət yenidən vurğulanıb. Əvvəlki açıqlamalarında Konstitusiyanın yenilənməsində israrlı olan Nikol Paşinyan son vaxtlar bu məsələnin iki il sonra həll oluna biləcəyinə eyham vurmağa başlayıb. İki il geçdir. Əgər Paşinyan söylədiyi kimi, Azərbaycanla qısa müddətdə sülhün əldə olunmasını istəyirsə, iki ili gözləmədən heç olmazsa Konstitusiyada ərazi iaddialarını ehtiva edən bəndlərin əsas sənəddən çıxarılmasını həyata keçirməlidir. Bunsuz iki ölkə arasında sülh mümkün deyil.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri