Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclis seçkilərində iştirak etmək üçün 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kapmaniyası çərçivəsində görüşlərini davam etdirir.
Newscenter.az xəbər verir ki, deputatlığa namizəd təbliğat görüşlərinə Neftçala rayonu mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etməklə başlayıb.
Deputatlığa namizəd və onu müşayət edən şəxslər ümummilli liderin abidəsinin önünə qərənfillər qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Susana Məmmədovanın kampaniya çərçivəsində ilk görüşü Neftçala rayonu Bankə qəsəbəsindəki Mədəniyyət Evinin qarşısında olub. Əvvəlcə deputatlığa namizəd qəsəbədəki şəhid anaları ilə birlikdə şəhidlərin abidəsinə ucaldılmış kompleksi ziyarət edib, onlara Allahdan rəhmət diləyib.
Susana Məmmədova şəhidlərin xatirəsinin hər zaman uca tutulduğunu. onların ailə üzvlərinə dövlət tərəfindən lazımı diqqət və qayğı göstərildiyini vurğulayıb. Susana Məmmədova seçicilərinin etimadını qazanıb deputat seçiləcəyi təqdirdə cəmiyyətin həssas təbəqəsi sayılan şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşacağını vurğulayıb və bildirib ki, platformasında bu məsələ əsas ana xətt olaraq qeyd edilib.
Bankə qəsəbə seçiciləri ilə görüşündə deputatlığa namizəd bildirib ki, onun üçün əsas prioritet Neftçalanı dirçəltmək, bu prosesə bacardığı qədər dəstək olmaqdır. Deputatlığa namizədliyini də məhz bu səbəbdən irəli sürüb.
Uzun illərdir şəxsi vəsaiti və dostlarının dəstəyi ilə Neftçalada aztəminatlı ailələrə dəstək olduğunu. müqəddəs bayramlarda xeyriyyə tədbirləri keçirib sosial durumu ağır olan insanları sevindirdiyini deyən Susana Məmmədova, "Neftçalamıza, neftçalalılara, xüsusilə aztəminatlı ailələrə dəstəyimi daha geniş istiqamətdə davam etdirmək, rayonumuzun inkişafına dəstək olmaq məqsədilə sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyimi irəli sürmüşəm. Bir neftçalalı olaraq rayonumuzun problemləri, insanlarımızın qayğıları. üzləşdikləri çətinliklər mənə məlumdur. Məhz həmin problemlərin həllinə dəstək olmaq, Milli Məclisdə sizləri layiqincə təmsil etmək üçün bu mübarizəyə qoşulmuşam",-deyə bildirib.
Susana Məmmədova görüş iştirakçılarının istək və arzularını dinləyib, onları narahat edən problemlərlə maraqlanıb. O qeyd edib ki, deputat seçilməyəcəyi təqdirdə belə rayona, sosial durumu ağır olan insanlara dəstəyi davam edəcək:
"Ancaq deputat seçiləcəyim təqdirdə təbii ki, bu dəstək daha çox olacaq, hər birinizin əli çatacaq, səsi eşidiləcək bir millət vəkili olacam. İnanıram ki, sentyabrın 1-də keçiriləcək seçkilərdə mənə səs verəcək və yüksək etimad göstərəcəksiniz. Mən də öz növbəmdə bu etimadınızı ən yüksək səviyyədə doğruldacağıma söz veririəm. Sizlərin hər birini sentyabrın 1-də keçiriləcək səsvermədə fəal olmağa çağırıram".
Deputatlığa namizəd Susana Məmmədovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Anar Əliyev