Sentyabrın 1-də ölkədə keçiriləcək parlament seçkilərində mübarizə aparmaq üçün 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Neftçala rayonunun Həsənabad qəsəbəsində keçirib.
Newscenter.az xəbər verir ki, əvvəlcə Susana Məmmədova və onu müşayət edən şəxslər Həsənabadın 3 Milli Qəhrəmanının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, kompleksin önünə tər qərənfillər düzüb və şəhidlərin ruhuna dualar oxuyub, onlara Allahdan rəhmət diləyib.
Sonra deputatlığa namizəd Həsənabad qəsəbə Mədəniyyət Evinin qarşısında seçicilərlə görüşüb. Neftçalanın hər addımı, hər qarışının onun üçün doğma, əziz olduğunu deyən Susana Məmmədova, rayonun çoxsaylı qəhrəman oğul və qızlar yetişdirdiyini və bu mənada Həsənabadın da xüsusilə seçildiyini vurğulayıb.
Bildirib ki, Həsənabad 3 Milli Qəhrəmanı olan yeganə qəsəbədir. Bu cür qəhrəman oğullar yetişdirdiyinə görə həsənabadlılara minnətdar olan Susana Məmmədova xüsusilə, şəhid analarına, valideynlərinə təşəkkürünü ifadə edib.
Seçki platforması barədə görüş iştirakçılarına məlumat verən deputatlığa namizəd, platformasında şəhid ailələri və qazilərə xüsusi yer ayırdığını və onlara hər zaman diqqət və qayğı ilə yanaşacağını, bunun bir borc kimi üzərinə düşdüyünü deyib. O bildirib ki, dövlət, şəxsən dövlət başçısı Cənab İlham Əliyev, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı ilə yanaşaraq bizlərə bir örnək olub:
"Bizim də borcumuzdur ki, eyni yanaşmanı, eyni diqqət və qayğını şəhid ailələrinə, qazilərə göstərək".
Susana Məmmədova deputat seçiləcəyi təqdirdə Neftçalanın hər bir kəndi, hər bir qəsəbəsi, hər bir yaşayış məntəqəsi kimi Həsənabadın da duqqətdə saxlanılacağını, qəsəbənin mövcud problemlərinin səlahiyyətli qurumlarla birlikdə çalışmaqla aradan qaldırılacağını deyib. Bildirib ki, ümumilikdə Neftçalanın inkişafa, dirçəlməyə ehtiyacı var və ona etimad göstəriləcəyi təqdirdə bu istiqamətdə yorulmadan çalışacaq.
Sonra qəsəbə sakinləri Həsənabadda mövcud olan problemlər barədə deputatlığa namizədlə fikirlərini bölüşüb, ona bu yolda uğurlar arzulayıblar. Görüşdə iştirak edənlər səsvermə günü Susana Məmmədovaya etimad göstərəcəklərini açıq şəkildə ifadə ediblər.
Qeyd edək ki, 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Anar Əliyev