Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda dörd vəkilə töhmət verilib, altı vəkilə isə xəbərdarlıq olunub

Azərbaycanda dörd vəkilə töhmət verilib, altı vəkilə isə xəbərdarlıq olunub



Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib, dörd vəkilə töhmət verilib, altı vəkilə isə xəbərdarlıq olunub.

Bu barədə Newscenter.az-a ARVK-dən məlumat verilib.

Bildirilib ki, İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran beş vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqələr təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa olunması barədə müraciətinə, habelə 4 vəkilin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması məsələlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Eyni zamanda ARVK Rəyasət Heyəti Aparatının “Əmək haqqı smetası və ştat cədvəli”nə dəyişikliklər edilməsi məsələsinə baxılıb. Kollegiya Aparatının rəhbəri – Baş katib vəzifəsinə ARVK Aparatının İnsan resursları Şöbəsinin müdiri, vəkil Orxan Babayev, Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsinə Kollegiya Aparatının əməkdaşı Əli Mirzəyev və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə isə Gözəl Hüseynzadə təyin edilib. Rəyasət Heyəti onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Həmçinin dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar 2024-cü ilin müvafiq dövrü ərzində vəkillərə edilən ödənişlərin icra vəziyyəti və bu sahədə maliyyə intizamının daha gücləndirilməsi barədə məsələyə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, iclasda “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın tərkibinə, o cümlədən “Alibi” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılaraq müsbət qərarlar verilib.

Daha sonra bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunması, maddi yardım və borcların silinməsi, o cümlədən vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 1 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması, 4 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 6 vəkilə isə xəbərdarlıq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş