"Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) məlum müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatların rəsmi Bakı tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınması gözlənilən idi. Bu qərar Azərbaycanın da adekvat cavab haqqına malik olduğunu nümayiş etdirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, belə bir qərarın verilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur və bu qərar AŞPA-nı qətiyyən təəccübləndirməməlidir:
"Biz verilən vədlərə baxmayaraq nümayəndə heyətimizin mandatının indiyə qədər bərpa edilməməsinə göz yuma bilməzdik.
Qərara əsasən, AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. Adı bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində hallandırılan, qatı ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe kimi təxribatçı şəxslər bilməliydilər ki, onların Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz mövqeyi cavabsız qalmayacaq".
Komitə sədri deyib ki, həmin şəxslərin Azərbaycan XİN tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınmasına görə heç kim rəsmi Bakını beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqlik göstərməməkdə ittiham edə bilməz:
"Frank Şvabenin və onun avantürist həmkarlarının “arzuolunmaz şəxslər” siyahısına salınması beynəlxalq hüquq normalarına uyğundur. AŞPA-nın qərəzli qərarına qarşı cavab addımımız tam qanunidir. Ona görə də AŞPA rəhbərliyi Azərbaycanın cavab hüququnu şübhə altına almaq əvəzinə, özünün antidemokratik, ədalətsiz mövqeyini təftiş etməlidir.
AŞPA kimi, Avropa İttifaqı kimi qurumlar dövlətlərin müstəqil qərar qəbul etmək hüququna hörmətlə yanaşmağı öyrənməlidirlər. Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq mümkün deyil. Almaniya Parlamentinin üzvü Frank Şvabe müsahibə və açıqlamalarında Azərbaycan əleyhinə qərəzli və əsassız ittihamlar səsləndirir. Bu adam Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, regionda müstəqil siyasət yürütməsi faktı ilə heç cürə barışa bilmir. Ona görə də Şvabe Azərbaycanı qaralamağı özünün əsas hədəflərindən biri olaraq seçib. Lakin AŞPA özünü bu cür təxribatçı şəxslərin Azərbaycana qarşı qərəzli mövqeyinin girovuna çevirməməlidir".
Süleyman