"Ermənistan ədliyyə naziri Qriqor Minasyan ölkələrimiz arasında sülh müqaviləsinin bağlanılmasında əsas maneələrdən biri hesab olunan Ermənistan konstitusiyasına islahatlar edilməsi barəsində danışıb və 2027-ci ildə məsələ ilə bağlı prosesin icra ediləcəyini qeyd edib. Hazırkı Ermənistan konstitusiyası müstəqillik bəyannaməsinə istinad etdiyi üçün orada Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları yer alır. Düzdür biz Vətən müharibəsi ilə status-kvonu dəyişmişik, ancaq reallıq ondan ibarətdir ki, həmin müddəaların varlığı şəraitində Ermənistanla sülh müqaviləsinin imzalanması lazımsız bir sənəd təsiri bağışlayar".
Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə. Ermənistanda hər hansı bir hakimiyyət dəyişkiliyi olarsa, yeni rəhbərlik həmin iddialar fonunda öhdəliklərdən imtina edə bilər:
"Ümumiyyətlə, Ermənistanla sülh müqaviləsinin imzalanmasından danışırıqsa, İrəvan rəhbərliyinin sözügedən mövzu ətrafında necə bir xətt üzrə hərəkət etdiyini nəzərə almalıyıq. 2020-ci ildən bəri aparılan bütün danışıqlarda Paşinyan və komandasının əsas məqsədi müxtəlif manevrlər edərək vaxt qazanmaq olub və onların konstruktiv mövqe sərgiləməsinin hələ ki, şahidi olmamışıq. Bu gün də məlum qərarla eyni proses icra edilir və biz Cənubi Qafqazda közərməkdə olan münaqişə ocağını alovlandırmaq istəyən İrəvan və ona hamilik edən qüvvələrlə qarşılaşırıq. Ermənistan silahlandırılır və bu silahlandırılma militarist, revanşist düşüncələr fonunda aparılır. Sərhəddə atəşkəsi pozan, pilotsuz uçuş aparatları vasitəsilə hərbi mövqelərimizdə kəşfiyyat uçuşları aparmağa cəhd edən Ermənistanın davranışlarından necə demək olar ki, bu ölkə sülhə hazırlaşır? Əlbəttə bu inandırıcı səslənmir".
Süleyman