Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Susana Məmmədova: "Mən Neftçalamız, neftçalalılar üçün bu mübarizəyə qoşulmuşam"

Susana Məmmədova: "Mən Neftçalamız, neftçalalılar üçün bu mübarizəyə qoşulmuşam"


1 sentyabr, 2024-cü il tarixdə ölkədə keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.

Newscenter.az xəbər verir ki, deputatlığa namizəd Susana Məmmədovanın növbəti görüşü Tatarməhlə seçiciləri ilə olub. Seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində çoxlu sayda qrup və fərdi görüşlər keçirdiyini diqqətə çatdıran deputatlığa namizəd hər bir seçicini maraqlandıran, qayğılandıran məsələlərin diqqətə alındığını və gələcək fəaliyyətini məhz həmin istiqamətlər üzərində quracağını diqqətə çatdırıb:

“İndiyə qədər Bankə, Həsənəbad, Yeniqışlaq, Yuxarı və Aşağı Qaramanlı, eləcə də digər kənd və qəsəbələrdə keçirdiyimiz görüşlər zamanı vətəndaşlarımızı narahat edən problemlər öyrənilib, onlar qruplaşdırılıb. Artıq mənim əlimdə demək olar ki, fəaliyyət proqramı mövcuddur. Deputat seçiləcəyim təqdirdə məhz həmin proqram əsasında seçicilərin qaldırdığı məsələlərin həllinə nail olmağa çalışacam. Onu da qeyd edim ki, hər bir kəndin, hər bir qəsəbənin özünəməxsus problemi mövcuddur. Bura kənd yollarının, mədəniyyət, səhiyyə ocaqlarının bərbad vəziyyətdə olması, həmçinin işsizlik problemi daxildir. Bu gün Neftçala gənclərinin əsas əziyyət çəkdiyi məsələ işsizlikdir. Bu da gəncləri pis vərdişlərə, qeyri-sağlam mühitə sürükləyir. Deputat seçiləcəyim təqdirdə əsas diqqət yetirəcəyim məsələlərdə biri də gənclərin işsizlik problemi olacaq”.

Susana Məmmədova deyib ki, eyni zamanda Neftçalada mövcud olan digər problemlərin həllinə də diqqət ayıracaq, onların həllinə çalışacaq:

“Mən Neftçalamız, neftçalalılar üçün bu yola çıxmışam, bu mübarizəyə qoşulmuşam. Başqa hansısa məqsədim, marağım yoxdur. Son 5 ildə Neftçalada həyata keçirdiyimiz xeyriyyə aksiyaları zamanı şahidi oldum ki, insanlarımız çox əziyyət çəkir, bir çox həllini gözləyən problemlər mövcuddur. Ona görə də deputatlığa namizədliyimi irəli sürərək sizlərlə birlikdə, işbirliyi şəraitində həmin problemlərin həllinə nail olmağı düşünürəm. Bir daha qeyd edirəm ki, mənim hansısa marağım yoxdur. Şükürlər olsun ki, evim, işim, normal təminatım var. Ancaq bir neftçalalı olaraq rayonumuzun bu vəziyyətdə olması məni ağrıdır və ona görə də seçki mübarizəsinə qoşulmağı qərarlaşdırmışam”.

Bu prosesdə ona indiyə qədər dəstək verən neftçalalılara təşəkürünü ifadə edən Susana Məmmədova artıq seçkilərin daha bir mərhələsinin geridə qaldığını deyib və hər bir seçicini səsvermə günü fəal olmağa çağırıb.



Anar Əliyev
Xəbəri paylaş