Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İntim görüntülərlə təhdidə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu?

İntim görüntülərlə təhdidə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu?


"Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi hər bir şəxsin şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. Bu hüquq universal insan hüquqlarından biri olmaqla yanaşı, dövlətin və cəmiyyətin əsas dəyərlərindən hesab olunur. İstər sıravi vətəndaş, istərsə də dövlət qulluqçusu olsun heç bir şəxsin şəxsi həyatına qanunsuz müdaxilə, onun şəxsi və ya intim görüntülərinin yayılması, təhdid və ya şantaj məqsədilə istifadə edilməsi yolverilməzdir və ağır cinayət məsuliyyəti yaradır".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki,
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatına hörmət hüququ vardır:

"Heç kəsin şəxsi həyatına öz razılığı olmadan qarışmaq olmaz. Mobil telefon, kompüter və digər elektron vasitələrdə olan məlumatlar şəkillər, yazışmalar, video və səs qeydləri şəxsin öz razılığı olmadan əldə edilə və yayına verilə bilməz. Bu cür hərəkətlər yalnız şəxsin hüquqlarını pozmur, həm də dövlət tərəfindən cinayət kimi tanınır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi və ailə sirrinin toxunulmazlığı) belə məlumatların qanunsuz yolla toplanmasını və yayılmasını cinayət əməli kimi nəzərdə tutur. Həmçinin, şəxsi həyatın sirrinin yayılması, kompüter sistemlərinə və ya məlumatlara qanunsuz müdaxilə, şantaj cinayət məsuliyyəti yaradır.
Ən ciddi hal isə bu cür məlumatların dövlət qulluqçuları və ya xüsusi səlahiyyətə malik şəxslər tərəfindən, yəni öz qulluq mövqeyindən istifadə etməklə əldə edilməsi və şəxsin təhdid edilməsi, ona psixoloji təzyiq göstərilməsi ilə müşayiət olunmasıdır. Bu halda cinayətin ictimai təhlükəliliyi daha da artır, çünki cinayət təkcə fərdi deyil, eyni zamanda dövlət sisteminə və vətəndaşın dövlətə olan inamına qarşı yönəlmiş olur".

Hüquqşünas qeyd edib ki, mobil telefonlara müdaxilə etməklə şəxsin “WhatsApp” yazışmalarını, şəxsi fotolarını, video və ya səsli mesajlarını icazəsiz yolla əldə etmək və bu məlumatlardan istifadə etməklə şəxsi şantaj və təhdid etmək yalnız etik deyil, həm də hüquqi cəhətdən ağır cinayət hesab olunur:

"Belə hallarda zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinə, Prokurorluq orqanlarına və ya Məhkəməyə müraciət etməklə hüquqlarını müdafiə edə bilər. Əlavə olaraq, "Fərdi məlumatlar haqqında" Qanuna əsasən, hər bir şəxsin şəxsi məlumatlarının qorunması dövlətin vəzifəsi olaraq təsbit olunmuşdur.

Nəticə etibarilə, şəxsi və intim həyata müdaxilə edən istənilən şəxs istər sadə vətəndaş, istərsə də vəzifəli şəxs olsun qanun qarşısında cavabdehlik daşıyır. Şəxsi həyatın toxunulmazlığı dövlət tərəfindən qorunan fundamental hüquqdur və bu hüququn pozulması hallarına qarşı həm hüquqi, həm də ictimai mübarizə aparılmalıdır. Heç bir şəxsin şəxsi həyatı onun əleyhinə silaha çevrilə bilməz belə hallar cəmiyyətin mənəvi təməllərini sarsıdır və dövlətin hüquqla idarə olunması prinsipinə ziddir".

Süleyman
Xəbəri paylaş