
Həyat - kitab oxumaq və yazmaq kimi, heç bir zaman bitməyən bir prosesdir. Hər gün yeni bir səhifə açılır və beləcə bu proses ömür boyu davam edir. Bir növ beşikdən qəbirə qədər.
Hər insanın həyatı bir hekayədir. Həmçinin, hər bir insanın özünəməxsus bir hekayəsi var. Bu hekayədə anadan olduğu gündən başlayaraq onun sevincləri, kədəri, uğurları və uğursuzluqları öz əksini tapir. Ona görə də həyatın müxtəlif mərhələlərinə və həyati təcrübələrə səhifələr kimi baxmaq lazımdır. Keçmişdən dərs çıxarmaq, gələcək üçün planlar qurmaq və baş verənləri anlamaq kitabın səhifələrini çevirmək kimidir.
Ona görə də əbəs yerə deməyiblər ki, həyat bir kitabdır. Hər bir insan isə bu kitabda bir cümlə, bəzən bir paraqraf, bəzən də bir nöqtədir. Amma elə talelər var ki, onların nöqtəsi heç vaxt qoyulmur. Sözlər yarımçıq qalır, səslər eşidilmir, baxışlar uzaqlara ilişib qalır. Bu yarımçıq hekayələr insanlığın ən dərin ağrısı, eyni zamanda ən böyük sükutudur.
Bəzən bir insanın gülüşü yarımçıq qalır, bəzənsə sevgisi. — Çünki zaman onun sevinclərini və sevgisini daşıya bilmir. Bəzən bir sevda, bir arzu, bir həyat gələcək planları külək kimi dağılır, qırıq xatirələrin tozuna qarışır. Amma bu yarımçıq qalanların içində elə bir məna var ki, tamamlanmış talelər onu heç vaxt duya bilmir.
Yarımçıq qalan tale, sevgi bəlkə də, insanın Tanrıya ən yaxın olduğu andır. Çünki yarımçıq qalmaq, hələ ümidin ölmədiyi yerdir. Hər sevgi bir nağıl kimi başlayır — baxışlarla, təsadüflərlə, ürək döyüntüləri ilə. Amma hər nağıl kimi, hər sevgi də xoşbəxt sonla bitmir. Bəziləri elə başlanğıcda yarımçıq qalır, bəziləri isə ən gözəl yerində dayanır. “Niyə?” sualına cavab tapmaq bəzən mümkünsüz olur.
Bir şey tamamlananda, o artıq bitmiş olur, amma yarımçıq qalan hər şey yaşamağa davam edir yaddaşda, ürəkdə, xatirələrdə. Necə ki, Samir və Samirənin yarımçıq qalan sevgisi kimi. Bir vaxtlar həyat dolu bu gənclərin gözlərində işıq vardı. Hər ikisi arzularının arxasınca qaçırdı. O arzu ki, əhd-peyman etmişdilər, universiteti bitirib işə düzələn kimi ailə həyatı quracaqdılar. Təhsil aldıqları universitetdə müəllimlərdən tutmuş tələbələrə qədər hər kəs bəlli idi bu sevgidən. Amma taleyin bir cümləsi çatmadı onların hekayəsinin müsbət sonluqla bitməsinə. Özləri də bilməzdilər ki, yollarının sonunda ayrılıq dayanır. O ayrılıqla bərabər çox şey dayandı qarşılarında sədd kimi. Gülüşlər, təbəssümlər, hərdən baş verən küsüşmələr, ən nəhayət sabaha olan arzuları. Samir və Samirənin yarımçıq qalan həyatı başqasına ilham verdi, bu sevgi onun xatirəsinə yazıldı.
Samirin yaşamağı arzuladığı sevgini, məhəbbəti onun yerinə başqası yaşadı. Nə qədər acı və qəbuledilməz olsa da Samirə də bununla razılaşmalı, Samirsiz həyatı qəbul etməli oldu. Çünki valideyn, böyük sözündən çıxmaq onların nəsil-nəcabətinin kitabında yazılmamışdı. Məcburən bir başqası ilə ailə həyatı qurmağa razılıq versə də, lakin ürəyi, könlü Samirdə idi. Onunla nəfəs alır, onunla yaşayırdı. Adəti üzrə görüşdükləri parkda skamyada əyləşib bir-birilərinə xeyli baxdıqdan sonra Samirə gözləri dolu halda baş verənləri Samirə anlatdı. Qəhər boğduğundan gözlərində diyirlənib qalmış yaş da sanki buza dönmüşdü, süzülüb gəlmirdi. O anda Samir üçün də sanki dünya qaraldı, sonun başlanğıcı oldu.
Samir üçün artıq tale, həyat, sevgi yarımçıq qalmışdı. Elə Samirə üçün də. Valideyn diktəsi, köhnə adət-ənənələr övladların arzularının yaşamasına, davam etməsinə əngəl yaratmışdı. İndi yalnız onlara qalan sevgi illərinin xatirəsini yaşamaq idi. Yarım qalan yollarda addımlamağa davam etmək. Hər iki gənc sanki yarımçıq qalmışdı. Sevgidən, məhəbbətdən, aşk duyğusundan.
Bəli, yarımçıq qalmaq ağrıdır. Amma o ağrının içində bir gözəllik gizlənir — çünki ağrı varsa, demək ki, hələ hiss var, hələ həyat var. Bəzən bir melodiyanın ən təsirli yeri onun bitmədiyi andır. Eləcə də bir talenin ən dərin mənası onun davam etməməsində gizlənir.
Biz hamımız bir az yarımçığıq. Bəlkə də bu dünyanın ən kamil tərəfi onun natamamlığındadır. Çünki yarımçıq qalan hər taledə bir dua gizlənir, bir ah, bir ümid. Bəlkə də Tanrı hər kəsin yarımçıq hekayəsini öz sonsuzluğunda tamamlayır.
Yarımçıq qalan sevgi bəzən ən güclü sevgidir. Çünki o, reallığın çətinlikləri ilə sınanmayıb, gündəlik həyatın soyuqluğuna məruz qalmayıb. O, yaddaşda daim ən saf, ən təmiz halında qalır. Bu sevginin ağrısı da, gözəlliyi də ondadır o, bitmir, amma yaşanmır da. İnsan bəzən belə bir sevgini içində daşıyaraq illərlə yaşayır. Yeni insanlarla tanış olur, gülür, sevinir, amma bir tərəfi daim boş qalır. Çünki yarımçıq qalan hər şey, tamamlanmaq arzusu ilə yaşayar. Bəlkə də ona görə bu cür sevgilər unudulmaz olur — çünki sonu yoxdu, amma izi var.
Yarımçıq qalan sevgi bizə öyrədir ki, bəzən tamlıq deyil, məhz yarımçılıq insana dəyər qatar. Biz böyüyürük, dəyişirik, amma o hiss içimizdəki ən saf halını qoruyur. Bəzən bir baxış, bir mahnı, bir qoxu o xatirəni geri gətirir və biz anlayırıq ki, sevgi heç vaxt tam itməz, sadəcə səssizləşər. Necə ki, Samir və Samirənin sevgisi bitmədi, səssizləşdi.
Ruhiyyə Mehdiyeva











































