Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda etirazlar nəylə nəticələnəcək?

İranda etirazlar nəylə nəticələnəcək?


"İran daxilində etiraz dalğası genişlənərək daha kəskin xarakter almaqdadır. Son məlumata görə, etirazlar artıq 26 əyaləti və 78 şəhəri əhatə edir. Dini lider tərəfindən etirazçıların qiyamçı adlandırılması, onlara qarşı sərt tədbirlər üçün yaşıl işığın yandırılması anlamına gəlir. Müşahidələr göstərir ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir. Hökumətin etiraz edənlərə qarşı sərt güc tətbiq etməsi dalğanı səngitmək əvəzinə, qarşıdurmanın miqyasını daha da artıra bilər".

Newscenter.az xəbər verir ki, bunları politoloq Aqil Məmmədov deyib. O bildirib ki, qonşuda xaosun olması həm Azərbaycan, həm də Qafqaz regionu üçün bir sıra birbaşa və dolayı təhdidlər formalaşdırır:

"Birincisi, vəziyyətin gərginləşməsindən istifadə edən bəzi dairələr burada İraq, Suriya ssenarilərini işə sala bilər ki, bu da qonşuda uzunmüddətli qeyri-sabitlik yaradar. Bunun nəticəsində kütləvi şəkildə insanların köçü baş verə bilər. Belə olan halda Azərbaycanın mümkün köç üçün əsas istiqamətlərdən biri olacağı şübhəsizdir. Belə bir köç eyni zamanda müəyyən radikal qüvvələrin sərhədi keçib, Azərbaycan üçün təhdid formalaşdırması ilə nəticələnə bilər. Eyni zamanda Cənubdan gələn soydaşları qəbul etmək mənəvi borc olsa da, bu prosesin özü sosial-iqtisadi infrastrukturumuza ciddi yük formalaşdıracaq.

İkincisi, qonşuda gərginliyin artması regional əhəmiyyət kəsb edən iqtisadi layihələrin reallaşdırılmasına da mənfi təsir edəcək. Ötən ilin sonlarında mətbuata verilən məlumatda qeyd edilirdi ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisinə 2026-cı ildə başlanacaq. Qonşuda etiraz dalğasının uzun müddət davam etməsi bu layihənin start tarixinin yenidən dəyişməsinə səbəb ola bilər.

Üçüncüsü, İran daxilində gərginlik birbaşa Naxçıvan iqtisadiyyatına mənfi təsir etmək imkanındadır. Belə ki, bu gün Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ticarət əsasən quru yolu və İran üzərindən həyata keçirilir. Bu yolun qısa müddət belə bağlanması Naxçıvan iqtisadiyyatını itkilərlə üz-üzə qoya bilər. Düzdür, Türkiyə üzərindən alternativ mövcuddur. Ancaq bu yol uzundur və logistik xərcləri yüksəkdir. Ermənistan üzərindən, Zəngəzur dəhlizi ilə gələn yol isə hələ bağlıdır. İndiki məqamda bu yol təhlükəsizlik baxımından alternativ hesab edilmir. Bu yolun ən yaxşı halda 2027-ci ildə açılmasını gözləmək olar.

Dördüncüsü, digər risk isə İran-Azərbaycan sərhədində narkotrafikin artmaq ehtimalıdır. Belə ki, daxildə vəziyyətin gərginləşməsi və onun coğrafiyasının genişlənməsi sərhədin İran istiqamətində nəzarətin zəifləməsi ilə nəticələnə bilər. Belə olan halda qaçaqmalçılar yaranmış vəziyyətdən istifadə etməyə çalışacaqlar ki, bu da Azərbaycan sərhədçilərinin və xüsusi xidmət orqanlarının iş yükünü artıracaq. Belə olan halda onların ayıq-sayıqlığının artırılması vacib olacaq ki, bu da əlavə canlı qüvvə və texniki vasitələrin sərhəddə cəlbi və xərclərin artımı ilə nəticələnəcək.

Beşincisi, digər məqam isə azərbaycanlı soydaşların təhlükəsizliyi ilə sıx bağlıdır. Belə ki, uzun müddətdir Urmiya gölünün quruması fonunda bu ərazilərdə sosial-iqtisadi gərginlik müşahidə edilir. Əkin torpaqlarının sıradan çıxması soydaşların İranın iç ərazilərinə köçünü sürətləndirib. Soydaşlardan boşalan əraziləri isə kürdlər ələ keçirir. Xüsusilə Türkiyə ilə sərhəd ərazilərdə PJAK tərəfdarları aktiv şəkildə yerləşməkdədirlər. İran daxilində müşahidə edilən sosial gərginlik nəzarətdən çıxarsa, bu, PJAK-ın baş qaldırmasına səbəb ola bilər. Belə olan halda Cənubi Azərbaycan ərazilərində, çox böyük bir arealda azərbaycanlılar PJAK-ın silahlı təhdidi ilə üz-üzə qala bilər".

Politoloq qeyd edib ki, bu gün İran daxilində baş verən proseslər rəsmi #Bakı və #Ankara tərəfindən aktiv şəkildə izlənməli, prosesin istənilən ssenarisinə hazırlıqlı olmaq vacibdir.

Süleyman
Xəbəri paylaş