
“İranın siyasi strukturu mərkəzləşdirilib və əsas güc dini lider və İnqilab Keşikçiləri Korpusunun əlindədir. Prezident və parlamentdəki dəyişikliklər belə, sistemin ideoloji və siyasi əsaslarını dərindən dəyişdirmir. Bu səbəbdən sürətli inqilab və ya radikal transformasiya ehtimalı çox aşağıdır”.
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə İranda baş verən etiraz aksiyalarının mümkün nəticələrini şərh edərkən deyib. Politoloq bildirib ki, qısa müddətdə etirazların nəticəsi daha çox simvolik xarakter daşıya bilər:
“Məsələn, müəyyən iqtisadi güzəştlər, məhbusların azad edilməsi və bəzi siyasi islahatlar.
Buna baxmayaraq, əgər etiraz dalğası uzun müddət davam edərsə, şəhərlər və sosial qruplar arasında koordinasiya güclənərsə və ən əsası Azərbaycan türkləri də ayağa qalxarsa o zaman hansısa daha dərin və mərhələli siyasi dəyişikliklər başlaya bilər. Bu dəyişikliklər qismən sistemin davranış modelini dəyişdirə, bəzi idarəetmə və siyasət metodlarını yenidən formalaşdıra bilər. Amma indiki halda köklü dəyişiklərdən söhbət getmir və nəticə də bundan əvvəlki etirazlardan elə də ciddi fərqlənməyəcək”.
Süleyman












































