
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca qərb qonşumuzda iqtidar- müxalifət və müxalifət qanadının yanında yer alan kilsə arasında ziddiyyətlər daha da artır. Artıq "Ermənistan" bloku baş nazir postuna keçmiş prezident Robert Koçəryanın namizədliyini irəli sürüb. Köçəryanın namizədliyi gözlənilən idi. Əslində, bu vaxta qədər Samvel Karapetyan kimi bir çox siyasi fiqurun oyundan kənarlaşdırılması ən çox sabiq prezidentin işinə yarayan məqam idi. Çünki, Robert Koçəryan hər nə qədər milliyyətçi və manipuliativ rolda çıxış etsə də, onun erməni cəmiyyətində nüfuzu yüksək deyil və digər müxalif simalar qarşısında reputasiyası aşağıdır. Lakin situasiya hazırda onun lehinə işləyir və Nikol Paşinyanın rəqibi kimi öz rolunu təsdiqləyir. Aydın məsələdir ki, gözlənilən seçkilərdə iqtidarın şansları rəqiblərə nəzarən daha yüksəkdir. Lakin Ermənistan üzərində xarici aktorların təsir imkanlarını nəzərə aldıqda istənilən ssenarinin reallaşması istisna deyil. Məhz bu səbəbdən, Aİ Ermənistana yeni "hibrid sürətli reaksiya qrupu" yerləşdirməyi planlaşdırır. Bu niyyət birmanalı şəkildə Rusiyadan gələ biləcək potensial təsirləri neytrallaşdırmaq məqsədi daşıyır. Bütün bunlar isə qarşımızda Ermənistandakı real siyasi mənzərənin portretin yaradır.
Robert Koçəryan və onunla eyni niyyəti, məntiqi bölüşənlərin qalib gələcəkləri təqdirdə görəcəyi ilk iş heç şübhəsiz yenidən Rusiyanın orbitinə qayıtmaq olacaq. Çünki onların ideoloji xətti köhnəlmiş və artıq heç bir əsası olmayan narrativlər üzərindən qurulub. Bu isə yeni geosiyasi və geoiqtisadi dinamika ilə üst-üstə düşmür. Təbii ki, iqtidarın siyasi kursu məhz yenilikçi yanaşmalar əsasında formalaşır və onlar ilk növbədə Ermənistanın Rusiyadan iqtisadi, təhlükəsizlik asılılığını azaltmağ, qərblə əlaqələri genişləndirməklə regionda iqtisadi layihələrdə müstəqil iştirakını təmin etməyə çalışır. Moskva bunu qəbul etməkdə çətinlik çəkir və Avropa İttifaqı ilə hazırda Ermənistan üzərində rəqabət gedir. Eyniylə Moldova ssenarisi kimi. Nəticə etibarilə, qarşıdan gələn parlament seçkilərinin Ermənistan üçün taleyüklü olması prosesi mürəkkəbləşdirir.
Siyasi şərhçi Pərviz Mirizadə.











































