
Martın 19-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışıb.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, dövlət başçıları bir-birini qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, qardaş xalqlarımıza sülh, firavanlıq və rifah arzulayıblar.
Söhbət zamanı Ali Dövlətlərarası Şuranın ikinci iclasında əldə edilən razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Məmnuniyyətlə qeyd edilib ki, ticarət dövriyyəsi durmadan artır, ticarət-iqtisadi, investisiya, nəqliyyat, mədəni-humanitar və digər prioritet sahələrdə birgə əməkdaşlıq layihələri təşviq olunur.
Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Qeyd edilib ki, onun daha da gərginləşməsi daha geniş region üçün gözlənilməz nəticələrə, dünya iqtisadiyyatında tənəzzülə səbəb ola bilər və vəziyyət yalnız siyasi və diplomatik vasitələrlə tez bir zamanda aradan qaldırılmalıdır.
Gələcək ikitərəfli və çoxtərəfli fəaliyyət planı da nəzərdən keçirilib.
Süleyman











































