
“Hər nə qədər yaxın və uzaq qonşularımızda baş verən münaqişələr arzuedilməz olsa da, ancaq həmin hadisələr fonunda Azərbaycana, onun tranzit imkanlarına marağın artdığı da müşahidə edilməkdədir. Ən son İrana qarşı başlanan hərbi əməliyyatlar fonunda bunu aydın şəkildə görməkdəyik. Xüsusilə, Hörmüz boğazında gəmilərin hərəkətində yaranan məhdudiyyətlər və təhlükəli tendensiya Körfəz ölkələrinin ixracının zəifləməsinə, nəticə etibarilə alternativ marşrutlara tələbatın artmasına gətirib çıxarıb ki, həmin alternativ marşrutlar sırasında Azərbaycan xüsusi önəmə malikdir”.
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Hörmüz boğazı dünyada neft və qaz daşımalarının ən mühüm nöqtələrindən biri hesab olunur və bu istiqamətdə müşahidə edilən hər hansı gərginlik boğaz vasitəsilə gəmi hərəkətini çətinləşdirir:
“Nəticə etibarilə, Körfəz ölkələrinin ixracı zəifləyir. Bu isə alternativ marşrutlara olan tələbatı artırır. Belə bir vəziyyətdə Azərbaycanın alternativ marşrutlar sırasında xüsusi əhəmiyyəti və çəkisi artmış olur. Bu sırada Orta Dəhliz Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti ön plana çıxır. Hörmüz boğazı riskli olduğu müddətdə ixracatçı ölkələr, yük sahibləri quru və multimodal marşrutlara üstünlük vermiş olurlar. Nəticə etibarilə, Azərbaycan tranzit qovşağa çevrilir. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin də belə bir situasiyada önəmi artır. Regionun ən böyük logistika mərkəzlərindən biri olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının rentabelliyi artır. Bildiyimiz kimi bu infrastruktur alternativ enerji və yük axınını qəbul etməyə hazırdır. Bir sözlə, regional münaqişələr səbəbindən enerji daşımalarına yaranan təhlükələr fonunda Azərbaycan yerləşdiyi coğrafiyada təhlükəsiz və stabil tranzit ölkə kimi qəbul olunur. Azərbaycanın tranzit imkanları Qərb, Türkiyə və Mərkəzi Asiya ilə əlaqələri birləşdirir”.
Arzuman Muradlı, “Bir sözlə, Hörmüz boğazında ciddi problem yaranarsa, o halda Azərbaycan tranzit ölkə kimi daha çox diqqət çəkə bilər və ölkəmiz vasitəsilə yükdaşımaları daha da artar. Bu da təbii ki, rəsmi Bakı üçün əlavə iqtisadi dividentlər deməkdir”,-deyə vurğulayıb.
Süleyman











































