
XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlanan tərəqqimizə, dirçəlişimizə erməni maneəsi yaratmaq “niyyətləri” əfsuslar olsun ki, işə düşmüşdü. Bu soyqırımın gerçəkləşməsində erməni millətçiliyi nə qədər günahkardırsa, onları bölgəyə gətirən rus imperializmi və Qərb müstəmləkəçiliyi də bir o qədər məsuliyyət daşıyır. Bu məsuliyyət bir xalqı yer üzündən, tamamilə silməyə yönəlmiş misli-bərabəri olmayan vandalizm aktının gerçəkləşdirilməsi, bu prosesi yetişdirməyə, dəstəkləməyə yönələn qeyri-insani davranış təzahürüdür
Bəli Azərbaycan xalqını, Azərbaycan türklərini yer üzündən silmək başlıca “mərama” çevrilmişdi. Çarizmin dağılması fonunda bölgədə türk dövlətinin yaranmasını əngəlləmək idi məqsəd. Çünki bu dövlət itirilmiş ruhun bərpası idi. Bu dövlət özünəqayıdışın, dirçəlişin rəhni idi. Buna görə 31 Mart soyqırımının miqyasını böyük götürdülər. Təsəvvür edin, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdilər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Leonard Ramsden Hartvillin az əvvəl haqqında söz açdığımız kitabı də tələfatın böyüklüyündən xəbər verir, üstəlik, bunu təsdiqləyən digər mənbələr də var. Ümumilikdə son illər aparılmış araşdırmalar həmin dövrün statistikasını yeniləməyə imkan verir. Söhbət dəhşət statistikasının yenilənməsindən gedir...
Əvvəldə də vurğuladığımız kimi, azərbaycanlıların başına gətirilmiş bəlalar yalnız 31 Mart Soyqırımı ilə məhdudlaşmadı. Bu qorxunc, insanlıq əleyhinə yönəlmiş ssenari XX əsr boyu xalqımızı qarabaqara izlədi. Torpaqdan pay verməzlər, – deyib atalarımız. Biz zülmün dayanması üçün torpağımızı– doğma Zəngəzurumuzu pay verdik. Ancaq gələcək vəhşətlərin sistemləşməsinə kömək etmiş olduq. Böyük və bağışlanılmaz səhv etdik...
SSRİ zamanında da, əvvəllər də olduğu kimi, bölgədən TÜRK varlığını qazımaq niyyətləri tam “işlək” durumda idi. Azərbaycan dilinə, mənəviyyatına qarşı hücumlar olurdu, xalqımızın tarixi unutdurulur və saxtalaşdırılırdı, assimlyasiya siyasəti aparılırdı. Təsəvvür edin, Bakı mərkəz idi, ancaq şəhər əhalisinin heç 30 faizini azərbaycanlılar təşkil etmirdi. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra mövcud mənfi duruma qarşı tədbirlər görülməyə başlandı. Şəhərin sürətli sanayeləşdirilməsi xətti götürüldü ki, bunun nəticəsində rayonlardan paytaxta axın yaşandı. Nəhayət, 70-ci illərin sonlarına doğru haqqında söz açdığımız 30 rəqəmi 50 ilə əvəzləndi. Respublikamızda inkişaf getdikcə, Bakının azərbaycanlı çoxluğu formalaşaraq möhkəmləndi.
Ümumiyyətlə, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü xalqımıza qarşı erməni iddiaları ilə həyata keçirilmiş mənfur siyasətin qarşısının alınmasında, misilsiz məharət, prinsipiallıq və qətiyyət illəri kimi yadda qaldı. Heydər Əliyev şəxsiyyəti neçə-neçə erməni planını pozdu. Ermənilərin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı çoxsaylı istəklərini puça çıxardı. Üstəlik, Qarabağın Azərbaycan xalqına məxsusluğunu vurğulayan real addımlar atdı. Bu mənada Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin ucaldılmasından tutmuş, Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının yaradılmasınadək, bir çox misilsiz xidmətlərin üzərində dayanmaq mümkündür.
Dahi Heydər Əliyev Azərbaycan xalqının milli mənliyini, mənəviyyatını, soykökünü silmək planlarına qarşılıq mədəniyyətimizi ucaltdı, xalqımızın minillik tarixinə aid mirası dirçəltdi. Bu böyük düha onu da yaxşı bilirdi ki, dövlətə çevrilib güclənmədən xalqımıza yönəlmiş məkrli niyyətlərin qarşısında duruş gətirmək mümkünsüzdür. Buna görə hələ o zamandan başlayaraq, müstəqil Azərbaycan üçün kadr potensialının hazırlanmasına üstünlük verdi, gənclərimizin ümumittifaq miqyaslı ali təhsil ocaqlarında oxumaları istiqamətində məqsədyönlü tədbirlər reallaşdırırdı.
Ümummilli Liderin fədakarlığını görən yalnız biz deyildik, düşmənlərimiz də bunu müşahidə edirdilər. Ona qarşı müxtəlif çirkin kampaniyalar aparırdılar. Təsadüfi deyil ki, Heydər Əliyevin SSRİ zamanındakı hakimiyyət olimpindən uzaqlaşdırılmasından, yəni xalqımıza qarşı soyqırımı, etnik təmizləmə istəkləri qarşısındakı sipər götürüldükdən dərhal sonra, Qarabağda erməni avantürizmi baş qaldırdı. Qətiyyətlə söyləmək mümkündür ki, ulu öndər hakimiyyətdə qalsaydı, XX əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyimiz bəlalar olmayacaqdı.
30 ilə yaxın müddətdə milli mənliyimizlə, soykökümüzlə, varlıq şüurumuzla yanaşı, əsəblərimiz, dözümümüz sınağa çəkildi. Ancaq sınmadıq. Xalqa sınmamağı, ayaqda qalmağı, mübarizə aparmağı yorulmadan, usanmadan təlqin edən məhz o oldu – Ulu Öndər Heydər Əliyev. Ulu öndər prezidentlik fəaliyyətinin hər ilində Qarabağın, işğal olunmuş yurd yerlərimizin təbliğatını apardı. Bütün beynəlxalq platformalarda Azərbaycan xalqının başına gətirilmiş zülmdən danışdı, erməni yalanlarını ifşa etdi, həqiqətlərimizi ucadan səsləndirdi. Ən əsası isə xalqa inam aşıladı. Bir an belə insanlarımızın Qarabağ köklənişinin sıradan çıxmasına, Vətənimizi bütöv görmək əzminin qırılmasına imkan vermədi. 26 mart 1998-ci il tarixdə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalamış Ümummilli Liderimiz Heydər Əliyev, xalqımızın faciə niskilini dindirməklə yanaşı, bu niskili mübariz ruha çevirdi, ona ideoloji məzmun qazandırdı.
Böyük Tarixi Sərkərdəmiz, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bütün sahələrdəki siyasətini davam etdirdiyi kimi, Qarabağ mücadiləsinə də məxsusi çalarlar gətirdi. Dövlətimizin başçısının sayəsində Qarabağ ruhunda qətiyyət, prinsipiallıq, məqsədyönlülük, dönməzlik kimi keyfiyyətlər ön plana çıxmağa başladı. Bu keyfiyyətlər, nəinki Qarabağ dirənişinin məzmunu müəyyənləşdirdi, eyni zamanda, bütövlükdə, tariximizin müxtəlif dövrlərində uğradığımız faciələrə, bir növ, üsyan mahiyyəti daşıdı. Nəhayət, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uzun illər müxtəlif beynəlxalq tribunalarda, nüfuzlu toplantılarda aramsız şəkildə apardığı Qarabağ davası 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək olan müddətdə özünün əsl müzəffərlik mərtəbəsinə ucaldı, Zəfər Zirvəsi fəth olundu.
Bəli, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz təkcə Azərbaycan xalqının deyil, bu millətin tarixdə üzləşdiyi soyqırımları qurbanlarına çevrilmiş on minlərlə nümayəndəsinin dualarının Tanrı dərgahında eşidilməsi idi. İşğaldan azad olunmuş torpaqlarımızı bürüyən azan səsi onların küskün ruhlarının dinclik sədasıydı, sevinc hayqırtısıydı. Yurd yerlərimizə hopan əsgər nəfəsi Ağdamla yanaşı, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan, Laçın və nəhayət, Şuşadakı qürubu dan yerinə çevirdi. Xalqımızın iradəsi əsgər çəkməsinin iz buraxdığı yollarda özünün təntənə anını yaşadı.
Vətən müharibəsi erməni millətçiliyindən, dünya erməniliyindən və onların əlaltılarından tarixdə başımıza gətirdikləri bütün müsibətlərin intiqamı idi. Əminliklə deyə bilərik ki, bu intiqam bizi tarixdən silmək istəyənlərə, varlığımıza düşmən kəsilənlərin məkrlərinə qarşı, onların heç zaman unutmayacaqları misilsiz cavab oldu. Bu cavab bizi yüksəklərə qaldırdı. Bizi əzilən xalq sindromundan qurtardı. Biz özümüzə qayıtdıq, şərəfimizi, ləyaqətimizi, qeyrətimizi bərpa etdik.
Onu da qətiyyətlə deyə bilərik ki, bu gün növbəti ildönümünü qeyd etdiyimiz 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə soyqırımı qurbanlarının ruhları şaddır. Onların məhrum edildikləri həyat, Qarabağda və digər yurd yerlərimizdə yenidən, sanki, bir Günəş kimi doğur. Bu yüksəliş, xalqımızın, dövlətimizin əzmi isə tarixdə üzləşdiyimiz bəlalarla yenidən qarşılaşmağın son dərəcə ciddi təminatıdır.
YAP Yevlax rayon təşkilatının fəalı
Zülfiyyə Bayramlı











































