
Mayın 16-da Bakıda AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilmişdir.
Newscenter.az xəbər verir ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan QHT-lərinin nümayəndələri iştirak etmişlər.

Forumun açılış mərasimində QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov qonaqları salamlayaraq qeyd etdi ki, Türk birliyinin artan gücü, Türk Dünyasının yüksəlişi ortaq soya, tarixə, dilə, mədəniyyətə, ənənələrə sahib olan Türk xaqlarının qarşısında böyük imkanlar açır. F.Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk dünyasının gücləndirilməsi istiqamətində türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının xüsusi tarixi əhəmiyyətini vurğuladı.
Forum çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan və Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları təşkil olunmuşdur.
Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu panelində moderator, Azərbaycalıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edərək qeyd etdi ki, bir vaxtlar QHT-lər istər Azərbaycan həqiqətlərinin, istərsə də Kuzey Kiprin
problemlərinin dünya ictimaiyyətinə çatdırılması ilə məşğul idisə, artıq bu gün Qarabağ problemi həll olunsa da, növbəti mərhələdə qarşımızda duran problemlərdən biri Şimali Kiprin beynəlxalq hüquq müstəvisində hüquqlarının tanınmasıdır. Yəni uzun illərdir QHT olaraq, biz də bu istiqamətdə, ortaq dəyərlərin, mədəniyyətin, tarixin ortaya çıxması ilə bağlı bir sıra fəaliyyətlər həyata keçirmişik və bunu davam etdiririk. Türkdilli xalqlar hər biri öz ləhcəsində danışsalar da, hazırda üzərində işlənilən ortaq türk dilinin tezliklə yaranmasının zəruri olması belə beynəlxalq
tədbirlərin keçirilməsində daha çox hiss olunur. Bu gün artıq ortaq Türk dili qurumu yaranmışdır. YUNESKO tərəfindən Türk Dili Günü rəsmi tanınıb, qeyd olunur. Bu bizim dilimizin də beynəlxalq müstəvidə qəbul olunması deməkdir. Tam zamanıdır ki, yavru vətən dediyimiz Kuzey Kipr sonucda böyüyüb tam hüquqlu bir tərəfdaş kimi TDT-yə qoşulsun. Azərbaycan və Şimali Kipr arasında QHT əməkdaşlığı həm regional həmrəyliyin gücləndirilməsi, həm də ortaq dəyərlərin beynəlxalq platformalarda təbliği baxımından önəmlidir.

Daha sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək qeyd etdi ki, Azərbaycanın və Şimali Kipr Türkiyə Cümhuriyyətinin uzun illər sürən dostluğunun daha da möhkəmləndirilməsi, QHT-lər arasında sıx əməkdaşlığın yaranması və gələcəkdə ŞKTC-nin TDT-nin üzvü olaraq beynəlxalq aləmdə özünəməxsus yer tutması bu gün qarşımızda duran ən önəmli vəzifələrdəndir.
Şimali Kipr Tanıtım Platformunun sədri Okyay Sadıkoğlu çıxış edərək qeyd etdi ki, bu gün biz təkcə şəhərlərimizin gələcəyini deyil, həm də türk dünyasının ortaq gələcəyini müzakirə edirik.

Şimali Kipr Təşviq Platforması mədəni diplomatiya, media işi, turizmin təşviqi, sosial həmrəylik və türk dünyası ilə əlaqələrin inkişafı sahələrində fəal şəkildə fəaliyyət göstərir.
Biz inanırıq ki, davamlı inkişaf təkcə iqtisadi artımla deyil, həm də mədəni kimliyin qorunması, ətraf mühitin qorunması və şəhərlərin ruhunun gələcək nəsillərə ötürülməsi ilə mümkündür.
Tarixi şəhərlərin qorunması, yerli istehsalın dəstəklənməsi, ekoloji cəhətdən təmiz şəhərsalma siyasəti, təbii ərazilərin qorunması və yerli əhalinin inkişaf prosesində fəal iştirakı artıq seçim deyil, zərurətdir. Bu baxımdan vətəndaş cəmiyyəti təşkilatlarının rolu son dərəcə vacibdir.
Bu gün Bakı müasir şəhərsalma ilə tarixi irsi uğurla birləşdirən bir şəhərin bariz nümunəsidir.
Kıbrıs Türk Sahibkar Qadınlar Dərnəyinin üzvü Gülnur Sadıkoğlu çıxış edərək bildirdi ki, Kipr Türk Sahibkar Qadınlar Assosiasiyası olaraq, illərdir qadınları iqtisadi və sosial həyatda daha çox görünən etmək üçün çalışırıq.
Qadınların sadəcə təhsil alması kifayət deyil. Onların istehsalı iqtisadi dəyərə çevrilməlidir.
Biz inanırıq ki, qadın səlahiyyətləndirilirsə, ailə də dəyişir. Ailə dəyişirsə, cəmiyyət də dəyişir. Cəmiyyət dəyişirsə, gələcək yenidən formalaşır.
Burada qadınlar yalnız istehsal etmirlər, onlar liderliyi öyrənirlər, qərar qəbuletmə proseslərində iştirak edirlər və bir-birlərini dəstəkləyirlər. Bu gün gənclər üçün xüsusi məkanlar yaradırıq. Türk dünyasında qadınların və gənclərin ortaq bir vizyon ətrafında bir araya gəlməsi böyük güc yaradacaq.

Daha sonra Şəhid və Qazi Ailələri Dərnəyinin rəhbəri Buba Barış çıxış edərək Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, sosial-humanitar layihələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etdi.
Çıxışlardan sonra forum iştirakçıları mövzu ətrafında maraqlı müzakirələr apararaq öz fikirlərini söylədilər.
Belə forumların keçirilməsi Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə və koordinasiyalı fəaliyyətinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Forum çərçivəsində keçirilən bədii hissədə rəqs ansamblı türk dövlətlərinin milli rəqslərini ifa etmişdir.
Süleyman









































