Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DTX hansı şəbəkənin izinə düşüb?

DTX hansı şəbəkənin izinə düşüb?


"DTX xaricdən idarə olunan və Azərbaycanda dövlət qurumları və şirkətlərin əməkdaşlarını hədəfə alan kiberdələduzluq şəbəkəsi haqqında maraqlı məlumat yayıb.

Açıqlamaya diqqət etdikdə maraqlı sxem görünür. Xüsusi proqramlarla dövlət qurumları və şirkətlərin əməkdaşlarının adları, vəzifələri, fotoları, telefon nömrələri kütləvi toplanıb. Sonra rəhbərlərin adı və fotosu ilə saxta “WhatsApp” hesabları yaradılıb. Özü də Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə olunub".

Newscenter-az xəbər verir ki, bunları Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib. O bildirib ki, +994 nömrələrin cinayətkarların əlinə necə keçdiyi açıqlanmır:

"Güman ki, yerli vasitəçilər üzərindən əldə edilmiş SIM/eSIM-lərdən, başqa şəxslərin adına rəsmiləşdirilmiş və ya ələ keçirilmiş nömrələrdən istifadə oluna bilərdi.

Əməkdaşa rəisi adından “təcili” tapşırıq göndərilib, sonra o, guya hüquq-mühafizə orqanının nümayəndəsi olan başqa saxta hesaba yönləndirilib. Sonda xarici hesaba pul köçürülməsi və ya başqa tapşırıqlar tələb olunub".

Osman Gündüzün sözlərinə görə, baş verənlər bir daha göstərir ki, insan amili həmişə öndədir:

"Rəhbərin fotosu və adı WhatsApp hesabının həqiqiliyini sübut etmir. Pul köçürülməsi, məxfi məlumatın verilməsi və qeyri-adi “təcili tapşırıqlar” başqa etibarlı kanal vasitəsilə mütləq təsdiqlənməlidir. Xüsusilə maliyyə əməliyyatlarında ikili təsdiq mexanizmi olmalıdır.

Baş verənlər bir daha göstərir ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır".

Mərkəz rəhbəri qeyd edib ki, DTX artıq şəbəkənin bəzi iştirakçılarını müəyyən edib:

"Mobil nömrə və SIM məlumatları, cihaz və IP izləri, platformaların texniki məlumatları və maliyyə tranzaksiyalarının əlaqələndirilməsi cinayətkarların izinə çıxmağa imkan verə bilər.

Cinayətkarların, platformaların və bank hesablarının müxtəlif ölkələrdə olması isə beynəlxalq əməkdaşlığı zəruri edir. DTX də xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə birgə araşdırmanın davam etdiyini bildirir".

Süleyman
Xəbəri paylaş