
"Meşədə, dağda bitən ağacların meyvəsi daha dadlı və təsirli olur. Kəndlərdə əli heç yerə çatmayan, çox kasıb adamlar yay mövsümündə meşələrdən, kol-kosdan moruq, böyürtkən yığıb aparıb bazarda satar, qənd-çay, toyuqlarına dən alardılar. Adamları gün yandırar, paltarlarını kol didər, qolları cızılar, əlləri deşilərdi. İndi də o adamları, o zamanları xatırlayanda qəhərlənir, kövrəlirəm. Çünki özüm də uşaq vaxtı o adamlardan biri olmuşam".
Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı alim Tural İrfan deyib. O bildirib ki, meşə fondundan giləmeyvə yığmağı qadağan ediblər. Hansı ki, quşlar, heyvanlar o meyvəni adamlardan daha çox yeyir:
"Onsuz da yağış, dolu o giləmeyvələri vurub məhv edir. Yəqin birazdan arıçılara da xüsusi vergi tətbiq ediləcək. Çünki arı da təbiətdən, meşədən çiçəklərdən şirə toplayır. Varlı, imkanlı, vəzifəli adam heç vaxt gedib günün altında koldan moruq yığmır. Kənddə heç ortabab yaşayanlar da özünü əziyyətə salmır, pulla alır. Yığanlar sadəcə ümidi, əlacı kəsilənlərdir. Ya qışda yemək üçün mürəbbəyə ya da satıb miskin balalarına məktəb paltarı almağa görə yığırlar".
Tural İrfan qeyd edib ki, suyu və çöl meyvələrini kasıbın, miskinin üzünə qapatmaq ilahi əzaba səbəb olar:
"Çünki ahı içini yandıran, acından danışmağa halı olmayan fəqirlər var, məzlumlar var. O nemətləri Allah özü məhz insanlardan köməyi kəsilənlərə verib ki, yeyib ona bəndəlik etsinlər. Allahın bəndəsinə verdiyinin qabağını almağa çalışmaq ağır nəticələr verər. Allaha çox adam inanmır, özü bilər. Amma elə şeylər var ki, gərək ona toxunmayasan. Elə bəla verər ki, azı yetmiş il çəkər. Bir zəlzələnin, sunaminin, adi küləyin, selin qabağını almaq olmur. O ki, qala Allahın qabağını kimsə alsın. Allah yanında sözü keçən imanlı, sağlam bircə ruhanimiz, övliyamız da yoxdur ki, əlini göyə qaldırıb ilahi əzabın təxirini murad edə.
Ümumiyyətlə son dövrdə məmurların əsasən kasıb əhaliyə qarşı haqsızlığı, zülmü həddən artıq çoxalıb. Artıq təbiət də pozulur. Səbəbsiz heç nə baş vermir dünyada. Hamısı mesajdır, xatırlatmadır".
Süleyman











































