
Bəzi şəhərlər var ki, onların tarixi sadəcə daş divarlarda deyil, bir xalqın kollektiv yaddaşında, onun ağrısında və fərəhində yazılır. Laçın məhz belə şəhərlərdəndir. Onun hər bir qayası dözümün, hər bir cığırı isə geri dönüşün rəmzidir. Bu gün avqustun 26-da qeyd etdiyimiz Laçın Şəhəri Günü sadəcə təqvimdəki sıradan bir bayram deyil; bu, otuz ilə yaxın düyünlənmiş bir həsrətin qətiyyətlə çözülməsinin, tarixi ədalətin bərqərar olmasının təntənəsidir.Hər şey 1992-ci ilin may ayında dəyişdi. Həmin il mayın 18-də daxili siyasi çəkişmələr, xaos və xəyanət dalğası Laçını bağrımızdan qopardı. Strateji əhəmiyyətli bu dağlıq rayonun işğalı, Qarabağın digər bölgələrinin də taleyinə qara pərdə çəkdi. Laçınlılar üçün yurdsuzluq, bütöv bir nəsil üçün isə yuxulardan asılı qalan bir Laçın xatirəsi başladı. Şəhər sanki dondu, səsi kəsildi, amma ruhunu heç vaxt düşmənə təslim etmədi. Mıxtökən dağları dumanına bürünüb öz əsl sahiblərini gözlədi.O gözlənilən an 2020-ci ilin payızında gəldi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi hərbi Zəfər, diplomatiya masasında öz məntiqi nəticəsini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dahi hərbi-strateji və diplomatik gedişlər sayəsində, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər də olsun şəhid verilmədən işğaldan azad edildi. Bu, Azərbaycan hərb tarixinə ən qansız və ən böyük strateji qələbələrdən biri kimi düşdü.Lakin hekayə bununla bitmədi. Tam suverenliyin və tarixi ədalətin son nöqtəsi 2022-ci il avqustun 26-da qoyuldu. Ali Baş Komandanın qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olaraq üçrəngli bayrağımızı ucaltdı və buraları tam nəzarətə götürdü. Avqustun 26-sı məhz bu şanlı qayıdışın rəsmi möhürüdür. Möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu tarixin Laçın Şəhəri Günü kimi təsis edilməsi, xalqımızın öz torpağına olan əbədi bağlılığının simvoludur.
Ülviyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı












































