
• Məlum olduğu kimi Azərbaycan tərəfi Sülh körpüsü təşəbbüsü çərçivəsində Ermənistanda keçirilməsi nəzərdə tutulan görüşü təxirə salıb.
• Bu addımın atılmasına səbəb xarici diplomatların böyük heyətinin bu günlərdə Qarabağa səfərindən sonra İrəvandakı revanşist qüvvələrin başlatdığı kampaniya və Azərbaycanın suverenliyinə müdaxilə cəhdlərinin Ermənistanın dövlət qurumları tərəfindən açıq şəkildə dəstəklənməsidir.
• Ermənistan hökumətinin ölkəmizə qarşı nifrət təbliğatı aparan qüvvələrə qarşı heç bir tədbir görməməsi açıq şəkildə sülh dialoqunda qarşı tərəfin riyakarlığını əks etdirir. Erməni cəmiyyətinin Xalq diplomatiyasına dırnaqarası baxdığını göstərir.
• Azərbaycan həmişə sülh gündəliyinə sadiq olub, Ermənistana qarşı heç bir ərazi iddiası olmayıb və yoxdur. Qədim ərazilərimiz olan Göyçə, Zəngəzur, İrəvana gələn xarici qonaqlara qarşı biz heç vaxt narazılıq ritorikası nümayiş etdirməmişik.
• Soydaşlarımızın öz doğma dədə-baba torpaqlarına qayıdışını nəzərdə tutan Qərbi Azərbaycan İcmasının proqramında da Ermənistanın daxili işlərinə, suverenliyinə təhdid yoxdur, xarici siyasətinə müdaxilə çağırışı əks olunmayıb.
• Qərbi Azərbaycan Qayıdış Konsepsiyasında qətiyyən ərazi iddiası yoxdur.
• Reallıq budur ki, biz Ermənistanın vətəndaşlarıyıq. “ASAN Xidmət”də verilən şəxsiyyət vəsiqələrində soydaşlarımızın doğulduğu ərazilər öz tarixi adları ilə qeyd olunub.
• Bu, bizim milli kimliyimiz, imzamız, doğulduğumuz torpağın toponimini əks etdirən milli nişanəmizdir.
• Biz öz torpağımıza qayıdıb Ermənistan vətəndaşı kimi bu ölkənin qanunlarına tabe olmaqla yaşayıb, yaratmaq istəyirik.
• Bu, bizim tarixi-mənəvi, insani və hüquqi haqqımızdır.
• Etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının öz tarixi yerlərində yaşamaq hüququdur.
• Bu, 200 il əvvəl İrəvanda doğulmuş Mirzə Qədim İrəvanının tarixi haqqıdır.
• Mirzə Qədim bəyin ruhunun dolaşdığı küçə və meydanların, keçmiş tarixi-mədəni irsimizin yaşadığı yerlərin bizi səsləyən harayıdır.
• İrəvanın qəhrəman oğlu, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ilk baş qərargah rəisi, general-mayor Həbib bəy Səlimovun qarış-qarış gəzdiyi torpağın çağırışıdır.
• Aşıq Ələsgərin bizi Ağkilsəyə səsləyən hayqırtısıdır.
• Ona görə də, biz öz tarixi milli kimliyimizin bərpa olunmasını istəyirik.
• Dünyada çoxsayl deportasiyalar, miqrasiyalar baş verib və öz torpaqlarından didərgin salınmış xalqların beynəlxalq hüququ sonradan təmin edilib, doğma yerlərinə qayıdışı təmin edilib.
• Ona görə də, bizim istəyimiz Ermənistanın beynəlxalq hüquqa əməl etməsidir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































