Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsas prioritetləri

Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsas prioritetləri


"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsas prioritetlərini müəyyənləşdirən proqram xarakterli mesajlarla zəngin oldu. Çıxışın başlıca xüsusiyyəti ondan ibarətdir ki, cənab Prezident Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını artıq başa çatmış tarixi mərhələ kimi təqdim etdi və diqqəti bu nəticələrin qorunmasına, dövlət gücünün artırılmasına və yeni imkanlardan istifadəyə yönəltdi".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O hesab edir ki, çıxışın ən mühüm mesajlarından biri “Zəfərin qorunması üçün gücün daim artırılması” tezisidir:

"Dövlət başçısı Ermənistanla sülh prosesində irəliləyişlərin, təmasların və ticarət əlaqələrinin mövcudluğunu qeyd etməklə yanaşı, hərbi potensialın gücləndirilməsini əsas vəzifələrdən biri kimi göstərdi. Bu o deməkdir ki, sülhün davamlılığı yalnız siyasi razılaşmalardan deyil, həm də dövlətin öz təhlükəsizliyini təmin etmək imkanından asılıdır. Prezident bu yanaşmanı haqlı olaraq regionda və daha geniş coğrafiyada davam edən müharibələr və təhlükəsizlik böhranları ilə əlaqələndirdi".

Politoloq qeyd edib ki, ikinci mühüm istiqamət ideoloji və informasiya təhlükəsizliyidir:

"Çıxışda internet, kiberhücumlar, süni intellekt və müxtəlif informasiya mənbələrinin yaratdığı yeni risklər xüsusi vurğulandı. Prezident bu müstəvidə təhsili, savadlılığı və vətənpərvərliyi əsas müdafiə vasitələri kimi təqdim edərək YAP-ın ideoloji fəaliyyətinin ənənəvi, formal üsullardan daha müasir yanaşmalara keçməli olduğunu bildirdi. Bu əslində, dövlət təhlükəsizliyi anlayışının yalnız hərbi sərhədlərlə məhdudlaşmadığını göstərən mühüm mesajdır.

Xarici siyasətlə bağlı əsas tezis isə müstəqil və çoxşaxəli kursun davam etdirilməsidir. Prezident növbəti dəfə Azərbaycanın hər hansı geosiyasi düşərgəyə qoşulmayacağını, müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmağa davam edəcəyini bildirdi. Çin, ABŞ, Avropa İttifaqı, Mərkəzi Asiya və İslam dünyası ilə əlaqələrə istinad edilməsi Azərbaycanın özünü müxtəlif platformalarda əlaqələndirici və etibarlı tərəfdaş kimi təqdim etmək strategiyasını nümayiş etdirir".

Yusif Bağırzadənin qənaətincə, çıxışın digər mühüm bloku özündə iqtisadi və enerji siyasəti ehtiva etdi:

"Xarici investisiyaların cəlb edilməsi, maliyyə sabitliyinin qorunması, enerji ixracının genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının artırılması prioritet kimi göstərildi. Xüsusilə enerji və nəqliyyatın təkcə iqtisadi gəlir mənbəyi deyil, Azərbaycanın geosiyasi çəkisini artıran amillər kimi təqdim edilməsi xüsusilə diqqət çəkdi.
Ən nəhayət çıxışda Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdışın növbəti mərhələnin konkret praktiki istiqaməti kimi təqdim olunmasına şahidlik etdik. Beləliklə, çıxışın ümumi məntiqi əldə edilmiş Zəfərin qorunması, dövlətin iqtisadi-siyasi və təhlükəsizlik imkanlarının genişləndirilməsi və bu gücün davamlı inkişaf modelinə çevrilməsi oldu deyə bilərik".

Süleyman
Xəbəri paylaş