Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Media Forumunun Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir

Qlobal Media Forumunun Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir


Bu dəfə Xankəndinin ev sahibliyi etdiyi III Şuşa Qlobal Media Forumunun dünya gündəminə düşərək trend olması təbiidir. Çünki bu Forumda Azərbaycan Prezidenti elə aktual məsələlərə toxundu və cəsarətli açıqlamalar verdi ki, bunun nəticəsində çoxsaylı paylaşımlar, manşetə çıxarılan başlıqlar səbəbindən Dövlətimiz, Prezidentimiz növbəti dəfə dünya mediasının gündəmində geniş yer aldı. Ümumiyyətlə, işğaldan azad olunmuş şəhərlərimizdə təşkil olunan beynəlxalq tədbirlərin dünya ictimaiyyətinin diqqətini cəlb etməsi artıq ənənəvi hal alıb. Şuşa və Xankəndi isə bu tədbirlərə ev sahibliyi etmək baxımından liderlik mövqeyindədir. 3-cü dəfə keçirilən Şuşa Qlobal Media Forumunun bu dəfə Xankəndiyə daşınması isə xüsusilə önəmli yenilik kimi diqqətləri cəlb etdi.

Forumun əsas personası sözsüz ki, Prezident İlham Əliyev idi. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun jurnalistlərə açıqlamasında bildirdiyi kimi, III Şuşa Qlobal Media Forumu qalib ölkənin lideri, Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini eşitmək və dünyanın bir çox ölkəsindən olan həmkarlarla ünsiyyət qurmaq üçün unikal fürsət sayılırdı. Kifayət qədər aktual bir mövzuya - “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunan, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun qatıldığı bu mötəbər tədbir çərçivəsində Prezident İlham Əliyevin çoxsaylı xarici və yerli KİV nümayəndələrinin, tanınmış analitiklərin suallarını korrekt və əhatəli cavablandırması III Şuşa Qlobal Media Forumundan gözləntilərin doğrulması baxımından da olduqca əhəmiyyətli idi.

İlham Əliyevin çıxışını gözləyənlər, ona qalib ölkənin lideri kimi sual ünvanlamaq, onunla dialoq qurmaq istəyənlər həqiqətən də çox idi. Bunu da nəzərə alsaq ki, bu gün dünyada müharibədə inamlı qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa etməyə nail olan ölkələrin sayı elə də çox deyil, bu baxımdan Azərbaycan Prezidentinin qalibiyyət sirrini öyrənmək istəyənlərin də və bu təcrübəni öz ölkəsi üçün tətbiq etməyi düşünənlərin də sayının çox olması tamamilə təbiidir. Elə Cənab Prezidentə ünvanlanan bir sıra sualların məzmunu da bir daha onu göstərdi ki, xarici media nümayəndələrini Azərbaycanın işğala son qoymaq təcrübəsi xüsusilə maraqlandırır. Dövlətimizin başçısı hər bir qonağın suallarını xüsusi təmkin və məntiqi əsaslarla cavablandırmaqla, regionla və qlobal sülhün konsepti ilə bağlı fikirlərini açıq şəkildə bölüşməklə yanaşı, həm də konkret olaraq bu gün müharibədən əziyyət çəkən ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət gördü. Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordonun müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını belə bir tövsiyə ilə cavablandırması o demək idi ki, 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə Ukrayna üçün ən yaxşı təcrübədir.

Bu mənada Azərbaycan Prezidentinin Ukrayna xalqına işğalla heç vaxt barışmamağı tövsiyə etməsinin Rusiyanın siyasi dairələrində böyük qıcıq və ajiotaja səbəb olması heç də təsadüfi deyil. Hazırda Kremlin Azərbaycana qarşı təzyiqləri gün-gündən artırması fonunda dövlətimizin başçısının Rusiyanın işğalçılıq faktını açıq şəkildə vurğulaması ukraynalıların İlham Əliyevə rəğbətini artırmaqla yanaşı, ölkəmizin tutduğu prinsipial mövqenin dünya birliyi tərəfindən hörmətlə qarşılanmasını təmin etdi. Odur ki, Azərbaycan Prezidentinin Ukrayna xalqına “heç vaxt işğalla barışmayın!” mesajının nüfuzlu xarici media orqanlarının əsas xəbərinə çevrilməsi gözlənilən idi.

Dövlət başçısının ötən ilin dekabrında sərnişin təyyarəmizin Rusiya tərəfindən vurulması faktının araşdırılmasını beynəlxaq məhkəməyə yönləndirmək niyyətini Forumda açıq şəkildə bəyan etməsi də təqdirəlayiq addımdır. Yeddi ay ərzində Kremlin bu istiqamətdə heç bir müsbət addım atmadığı üçün ölkəmizin bu məsələni beynəlxalq hüquq müstəvisinə daşımaq məcburiyyəti qarşısında qalmasının günahı şübhəsiz ki, Rusiya rəhbərliyinin üzərinə düşür. Ona görə də Azərbaycan Prezidenti tamamilə haqlı olaraq Şuşa Media Forumunda Rusiya tərəfinin süründürməçiliyi və qeyri-obyektivliyi ilə bağlı sərt fikirlər səsləndirməli oldu. Məhz bunun nəticəsidir ki, İlham Əliyevin “Əgər cavab vermirlərsə, beynəlxalq məhkəməyə müraciət edəcəyik” mesajı dünya KİV-lərinin xəbər başlıqlarında geniş yer aldı. Azərbaycan Prezidentinin bu cür prinsipial mövqeyi dünyada böyük rəğbətlə qarşılandı.

3-cü Şuşa Qlobal Media Forumunda xarici jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualları da dövlətimizin başçısı tərəfindən geniş surətdə cavablandırıldı. Belə ki, Prezident İlham Əliyev Əbu-Dabidəki görüşdə Ermənistanın baş nazirinə dediyi "bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil" fikrini Forumda bir daha səsləndirərək, Ermənistan tərəfində Zəngəzur dəhlizi ilə bağlı hələ də heç bir işin aparılmadığını bildirdi. Həmçinin, Zəngəzur dəhlizi ilə bağlı o da qeyd olundu ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu beynəlxalq dəhlizlərdən təcrid edə bilər.

Prezident İlham Əliyev Forumdakı çıxışı zamanı ABŞ Prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. Dövlət başçımız vurğuladı ki, Tramp müharibə başlatmayan yeganə ABŞ prezidentidir və onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir. İlham Əliyev ABŞ Prezidentinin Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi: “Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”na gəldikdə, onu dibinə qədər qurutsun”.

Dövlətimizin başçısı, həmçinin çıxışında regional sabitlik üçün sülh müqaviləsinin vacibliyini də önə çəkdi və bildirdi ki, yekun sülhə nail olmaq üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi vacibdir. Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, bizə sabitlik, təhlükəsizlik lazımdır: “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq. Cənubi Qafqaz sabit məkan olacaq”.

Cənab Prezident III Şuşa Qlobal Media Forumundakı çıxışında Böyük Qayıdış prosesinə də toxundu və bildirdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən bərpa-yenidənqurma işləri o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Dövlətimizin başçısı qısa müddət ərzində bu qədər böyük işlərin uğurla görülməsinin səbəbi barədə fikirlərini açıqladı və böyük əminliklə bildirdi ki, azad edilən ərazilərə ildən-ilə qayıdan vətəndaşların sayı daha da çoxalacaq, Qarabağ və Şərqi Zəngəzur dirçələcək: "Qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük".

Şuşa Qlobal Media Forumu isə azad edilmiş ərazilərdə görülən işləri, dirşəlişi işıqlandırmağa, bütün dünyaya göstərməyə imkan verəcək. Prezident İlham Əliyevin Forumda media ilə açıq və birbaşa ünsiyyəti isə Qarabağın informasiya diplomatiyasının mərkəzinə çevrilməsi prosesinə təkan verdi. Bu mənada, Forumun məhz Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Davamlı olaraq informasiya hücumlarına məruz qalan Azərbaycan indi əsl gerçəkləri birbaşa Şuşadan, Xankəndidən, Laçından - uzun illər erməni yalanlarının girovuna çevrilmiş şəhərlərimizdən dünyaya çatdırmaqla dezinformasiya kampaniyalarının qarşısını müvəffəqiyətlə alır.

Milli mətbuatımızın 150 illiyi ərəfəsində Xankəndidə keçirilən bu böyük mediaforum informasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin müzakirəsi baxımından təkcə yerli mediamız üçün deyil, həm də xarici KİV təmsilçiləri üçün də kifayət qədər faydalı oldu. Qlobal çağırışlara cavab olaraq informasiya məkanı üçün süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanlarını diqqət mərkəzinə gətirməyimiz informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində vacib addımlar atmağımızın təsdiqidir. Forum çərçivəsində əcnəbi jurnalistlərin, o cümlədən hal-hazırda müharibə vəziyətində olan ölkələrin jurnalistlərinin Azərbaycan Prezidentindən qələbə formulunu, siyasətin təməl prinsiplərini soruşmaları isə İlham Əliyevin dünyadakı böyük nüfuzunun göstəricisidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş