
Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin vətəninə olan sevgisi, xalqına, millətinə xidmət etmək arzusu onun 22 iyul 1875-ci ildə Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmasına səbəb oldu. Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Azərbaycan milli mətbuatının əsası qoyan “Əkinçi” qəzeti 22 iyul 1875-ci ildən 1877-ci ilin 29 sentyabr ayına qədər çapını davam etdirmişdir. “Əkinçi” qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Ümumilikdə, qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. Həsən bəy Zərdabinin qurucusu olduğu “Əkinçi” qəzetinin əsas ideyası Şərqin geriliyini, ətalət və süstlüyünü məhv edərək həqiqi azadlığını bərpa etmək idi. Onlar öz sözlərini, dolayı yolla olsa da, bu qəzet vasitəsilə xalqa çatdırıb, xalqın başa düşəcəyi sadə dildə fikirlərini səsləndirirdilər. İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələbləri irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov, köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Azərbaycanın böyük ziyalıları “Əkinçi”nin ətrafında cəm olmuşdurlar. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayaraq, cəmiyyətdə maarifçi və demokratik ideyaların carçısına çevrilmişdir. “Əkinçi” qəzeti Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmişdir. Həsən bəy Zərdabinin qurucusu olduğu “Əkinçi” qəzetini nəşr etməkdə əsas məqsədi həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi. Başqa sözlə, maarif, təhsil əkinçi üçün ən böyük meydan, münbit tarla şüurunu milli biganəlik, nadanlıq və cəhalətin “alaq otları” basmış geniş kütlə, savadsız xalq ola bilərdi. “Əkinçi” qəzetinin 2 ildə göstərdiyi fəaliyyət özünün müqəddəs amalına - xalqın maariflənməsinə ləyaqətlə xidmət etmişdir. Qəzet qısa bir zamanda xalq maarifi və mədəniyyətinin, ana dilli məktəblərinin böyük carçısı oldu.
Esmira Cavadova “Azərbaycan milli mətbuatının ilk qəzeti” məqaləsində Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindəki fəaliyyətini geniş şəkildə analiz etmişdir. “Həsən bəyin bu arzusunun həyata keçirilməsi üçün Azərbaycanda heç bir şərait yox idi. Özünün dediyi kimi, “qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”. Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, “dağ çapmaq kimi” bir işə bənzəyirdi. Lakin Həsən bəy buna nail oldu. Belə ki, o vaxt Bakının qubernatoru rus generalı olan Staroselski idi, amma övrəti gürcü qızı idi. Ona görə də qafqazlılara çox hörmət edirdi. Zərdabi bu məqamdan istifadə edərək qəzet barəsində ona müraciət edir, ondan məsləhət istəyir. General ona məsləhət görür ki, qəzetin adını “Əkinçi” qoysun. Guya qəzet əkin və ziraətdən danışacaq özü də boyuna çəkir ki, onda senzorluğu da öz üzərinə götürür. Bu imkandan istifadə edən Həsən bəy ərizə verib qəzetin nəşrinə icazə alır”.
“Əkinçi” qəzeti bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları öz bəhrəsini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı. Həsən bəy Zərdabi “Əkinçi” qəzeti ilə Azərbaycan ədəbiyyatında türkçülüyün inkişaf etdirilməsinə nail oldu. Milli ruhlu, vətənpərvər bir ziyalı, əsl müsəlman təəssübkeşi olan Həsən bəy Zərdabi XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda milli ziyalıların bir araya gəlməsində, vahid milli Azərbaycan ideyası ətrafında birləşməsində müstəsna rol oynamışdı. Həsən bəy Zərdabi “Əkinçi” qəzeti vasitəsi ilə qadın təhsili ilə bağlı ideyalarının gerçəkləşməsi istiqamətində mühüm addımlar atmışdır. O dövrdə böyük mesenat Hacı Zeynalabdin Tağıyevin məliyyə dəstəyi və Həsən bəy Zərdabinin məsləhəti ilə 1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman Qadın Məktəbi (“Tağıyev qız məktəbi”) açılır. Bununla da böyük maarifçi Həsən bəy Zərdabinin uğrunda illərlə mübarizə apardığı azərbaycanlı qızlar üçün təhsil müəssisəsi yaratmaq ideyası reallaşır. Bu məktəbin açılmasında müstəsna rol oynayan Zərdabi həmin məktəbin nizamnaməsini də özü yazmış, məktəbin qəyyumlar şurasının üzvü seçilmişdi. Məktəbin ilk müdiri Həsən bəyin ömür-gün yoldaşı və silahdaşı Hənifə xanım Məlikova təyin edilmişdi.
Həsən bəy Zərdabi “Əkinçi” qəzetində Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verirdi. Dahi şəxsiyyət 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərərək, Azərbaycan qızlarını elmə, mədəniyyətə, maarifə həvəsləndirib, onları gələcəkdə geniş ictimai fəaliyyətdə görməyi arzu edirdi. Həsən bəy Zərdabi “Əkinçi” qəzetində apardığı təbliğatın nəticəsində Bakı gimnaziyasında oxuyan tələbələrin sayı xeyli çoxalmışdı. Dahi şəxsiyyət zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görüb, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət verirdi. Həsən bəy Zərdabi “Əkinçi” qəzetində yazdığı məqalələrində xalqının maarif və mədəniyyəti naminə məsləhətlərini əsirgəməyirdi və həmişə əzilən və istismar olunan kütlələrin tərəfində olurdu. Azərbaycan milli mətbuatının əsası qoyan Həsən bəy Zərdabi şəhərdə ehtiyacı olan şagirdlərə kömək etmək üçün Xeriyyə Cəmiyyəti yaratmışdı. Həsən bəy Zərdabi “Əkinçi” qəzetində yazdığı məqalələrində ictimai-siyasi problemlərlə yanaşı, əxlaq məsələlərinə də geniş yer vermişdir. O, cəmiyyətdəki əxlaq və etika məsələlərini öz dünyagörüşü vasitəsilə analiz etmişdir. Həsən bəy Zərdabinin əsərlərində cəmiyyətdə mövcud olan, bir-birinə fəsad təşkil edən sifətlər müqayisəli şəkildə qarşı-qarşıya qoyulurdu: bir tərəfdə zəhmətkeş təbəqə üçün xarakterik olan ən üstün əxlaqi cəhətlər, digər tərəfdə isə istismarçı siniflərə xas olan rüşvətxorluq, riyakarlıq, sərxoşluq kimi qeyri-insani keyfiyyətlər dururdu.
Həsən bəy Zərdabi “Əkinçi” qəzetində yazdığı əsərləri onun gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olmasının əsas sübutudur və bu əsərlər onun Azərbaycan xalqının tarixində milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk qız məktəbinin təsisçisi, Birinci Müəllimlər Qurultayının təşkilatçısı və sədri, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi göstərdiyi xidmətlərin göstəricisidir. Həsən bəy Zərdabi qurucusu olduğu “Əkinçi” qəzeti vasitəsilə Azərbaycan xalqına sədaqətlə xidmət etmiş, xalqı maarifləndirmiş, azadlıq hərəkatını canlandırmaq naminə yaşadığı dövrün bütün eybəcərliklərini, haqsızlıqlarını, xalqın zəhmətkeş təbəqələrini əzən, onları zülm altında inlədən feodal qəddarlıqlarını çəkinmədən yazılarında ifşa etmişdir. Həsən bəy Zərdabinin qurucusu olduğu “Əkinçi” qəzetindəki zəngin ədəbi irsi və fəaliyyəti ilə Azərbaycan mədəniyyəti tarixinə yaddaşlardan silinməyən izlər qoyulmuşdur. Azərbaycan maarifçilik hərəkatının korifeylərindən olan Həsən bəy Zərdabi Azərbaycanda mətbuatın sürətli inkişaf getdiyinin yolunu ana dilində çap olunan qəzetlərin yaradılmasında görürdü. Azərbaycan milli mətbuatının bünövrəsinə çevrilmiş “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də nəşrinə icazə alındıqdan sonra nəşr olundu. Azərbaycanın milli dövri mətbuatının əsası bu tarixdə qoyulub. O, “Əkinçi” qəzetinin fəaliyyəti ilə cəmiyyətdə cahilliyi və mövhumatı aradan qaldırmaq, xalqı maarifləndirmək, öz dillərində qəzet oxuya bilən insanları görmək istəyirdi. Həsən bəy Zərdabi “Əkinçi” qəzetində yazdığı əsərlərində Azərbaycan xalqının acı həyatına ürəkdən yanan, insanları mənəviyyatca şikəst edib zədələyən, müti, qorxaq, məzlum hala salan ictimai səbəbləri bəzən dərinliyinə qədər görə bilməsə də, yaşadığı cəmiyyətə, onun qayda-qanunlarına qarşı bütün şüurlu fəaliyyəti boyu narazılığını bildirən ədib kimi çıxış etmişdir.
Dahi şəxsiyyət “Əkinçi” qəzetində yazdığı əsərlərində həyatın, təbiətin, obrazların təsvirində özünə xas yazı maneralarından geniş istifadə etmiş, surətlərin məkanını, mühitini, ayrı-ayrı adamlar, onların məşğuliyyəti, istifadə etdikləri əşyaların lakonik, dəqiq verilməsinə, onu səciyyələndirməyə, bir yönünü işıqlandırmağa uğurla nail ola bilmişdir. “Əkinçi” qəzetinin nəşr olunmasında və inkişaf etdirilməsində Həsən bəy ilə yanaşı onun ətrafında olan böyük ziyalılarında çox böyük xidmətləri olmuşdur. Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla o, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də koorrektoru kimi fəaliyyət göstərmişdir. O, “Əkinçi” qəzetini maarifdən, elmdən məhrum xalqının yolunu işıqlandırsın deyə açmışdı. “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, kənd təsərrüfatı barədə elmi yenilikləri və bilikləri təbliğ etmək, millətinin hərtərəfli inkişafına nail olmaq idi.
Həsən bəy Zərdabi məqalələrində yoxsul kəndlilərin, əkinçilərin vəziyyətini, onların arzu və istəklərini işıqlandırır, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın geridə qalmış kənd təsərrüfatının inkişafına xidmət etmək üçün əlindən gələn hər şeyi edirdi. Dahi şəxsiyyət “Əkinçi” qəzetində kənd təsərrüfatına dair yazdığı əsərlərində kəndlilərə səmərəli, elmi, təcrübi tövsiyələr vermişdir. Belə ki, “Əkinçi” qəzetinin ilk nömrəsindən son nömrəsinədək hər sayında yerlərdə çarizm, bəylər və mülkədarlar tərəfindən amansız olaraq istismara məruz qalan yoxsul kəndlilərin təsərrüfat dərd-sərlərindən danışılır, torpaqbecərmə alətləri, əkinçilik, bitkiçilik, becərmə, su problemi, heyvandarlıq, ipəkçilik və sair bu kimi məsələlərdən söhbət açılır, zəhmətkeş kəndlilərə lazımı məsləhətlər, tövsiyələr verilir. Çarizmin bütün məneələrinə baxmayaraq xeyirxah əməl sahibi Həsən bəy Zərdabi zəruri vasitə və üsulları öyrənib tətbiq etməklə millətinin, xalqının tərəqqisinə çalışmış və onlara yardımçı olmuşdur. “Əkinçi” qəzetinin fəaliyyəti Azərbaycan xalqının tərəqqisinə xidmət etmişdir.
Nəsibə Murtuzayeva
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu