Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bacarıqsız şəxslərin rəhbər vəzifələrə gətirilməsi cəmiyyəti çürüdür

Bacarıqsız şəxslərin rəhbər vəzifələrə gətirilməsi cəmiyyəti çürüdür


Bacarıqsız, savadsız, ləyaqətsiz və təkəbbürlü şəxslərin rəhbər vəzifələrə gətirilməsi yalnız iş mühitini deyil, bütövlükdə cəmiyyəti çürüdür. Belə kadrlar insanları birləşdirmək yerinə nifaq salır, işə inkişaf gətirmək əvəzinə çökdürür, əməkdaşlıq mühitini pozaraq qarşıdurmalar yaradır. Bu xidmət sahəsinin gələcəyinə vurulan ən böyük zərbədir.
Əslində, bu hal təsadüfi deyil illərlə aparılan yanlış kadr siyasətinin acı nəticəsidir. Layiq olanlar kənara atılıb, əqidəsizlər önə çəkilib. Bununla da sağlam düşüncəli, savadlı, vicdanlı insanların ruhu sındırılır, onlar həmin mühitdən uzaqlaşmağa məcbur qalır. Nəticədə isə “fitnəkar komandalar” formalaşır intriqadan başqa heç nə bacarmayan, yalnız yaltaqlıq və böhtanla irəliləyən, işə yalnız şəxsi maraq prizmasından yanaşan adamlardan ibarət “idarəetmə mexanizmi” meydana çıxır. Belə mühitdə formalaşan təcrübəsiz gənc kadrların düşüncəsi də zəhərlənir. Onlara “düz düzdə qalar” kimi saxta, təhrif olunmuş atalar sözləri sırınır, əxlaqa zidd davranışlar normal kimi təqdim olunur. Halbuki əsl hikmət budur: “Düz düz də qalar” – yəni düz insan həmişə düz olacaq. Amma naqis düşüncə sahibləri bu həqiqəti belə saxtalaşdırmaqdan çəkinmirlər.

Böyük şair Hüseyn Cavidin dediyi kimi, belə insanlar əslində “İblis”in özüdür. Onların varlığı hər yeri zəhərləyir. Bir zamanlar səhv hesab edilən davranışlar onların çoxluq təşkil etməsi ilə “yeni norma”ya çevrilir. Quyruğu kəsilmiş tülkülərin hekayəsi də bu günümüzə tam uyğun gəlir, naqis insanlar başqalarını da özlərinə oxşadaraq cəmiyyətə hökm etməyə başlayırlar. Ən dəhşətlisi isə odur ki, bu kadrlar dövlət, vətən, xalq anlayışlarından məhrumdurlar. Onların gündəlik söhbətləri restoranlarda yedikləri yeməklər, şəxsi maraqlar və eqoist arzular üzərində qurulub. Belələrinin əlinə vəzifə verilməsi dövlətin sütunlarını içəridən çürütmək deməkdir.

Unutmaq olmaz ki, sağlam iş mühiti yalnız sağlam əqidəli rəhbərdən başlayır. Rəhbər özü oxumayan, düşünməyən, liderlik bacarığından uzaq, savadsızdırsa, belə birisindən ədalət, düzgün kadr seçimi və sağlam komanda gözləmək sadəlövhlükdür. Əksinə, o, bacarıqlı kadrı özünə təhlükə görüb kənarlaşdıracaq, yerinə isə öz səviyyəsinə uyğun bayağı və riyakar şəxsləri gətirəcək.

Əsl rəhbər qanunu göz-bəbəyi kimi qorumalı, yalnız savadlı, əxlaqlı, vətənpərvər insanlara etibar etməlidir. Əks halda, cəmiyyətin idarəetmə mexanizmi “quyruğu kəsilmiş tülkülər”in əlində oyuncağa çevriləcək. Uğur yalnız sağlam əqidəli insanların sükan arxasına keçməsi ilə mümkündür.

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş