Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan rəhbəri sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir

Ermənistan rəhbəri sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir


Azərbaycanın Ermənistana tranzitlə bağlı bütün məhdudiyyətləri ləğv etməsi həqiqətən də tarixi addımdır. Bu təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında bu barədə açıqlama verdi. Cənab Prezident bəyan etdi: "Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Bu addım regionda sülhə, sabitliyə və əməkdaşlığa böyük töhfədir. Bəli, Azərbaycan növbəti dəfə bütün dünyaya nümayiş etdirdi ki, biz sülhü təkcə kağız üzərində deyil, praktikada reallaşdırırıq. Prezident İlham Əliyev Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində artıq yeni mərhələ başlanıb: “Bu gün Azərbaycan və Ermənistan arasında sülhün yeni mərhələsi başlayıb. Son toqquşmalardan cəmi iki ildən az vaxt keçməsinə baxmayaraq, sülh sazişinin paraflanması istiqamətində irəliləyiş göstərir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib”.
Azərbaycanın bu təşəbbüsü sülhə əməli töhfə verməklə bərabər, həm də Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası və iqtisadi əməkdaşlığın genişlənməsi istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilir. Biz bu addımımızla hamıya sülhün iqtisadi faydalılığını nümayiş etdiririk. Artıq iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin açılmasının təməli qoyuldu. Bu cür addımlar regionda qalıcı sülhün bərqərar olunması üçün çox vacibdir. Prezident İlham Əliyevin bu qərarının sayəsində Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşdı.
Yeri gəlmişkən, Ermənistanın hakim komandasının üzvləri də Azərbaycan Prezidentinin bu qərarını birmənalı surətdə alqışlayırlar. Ermənistan Baş naziri Nikol Paşinyan isə Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı Prezident İlham Əliyevin bu qərarını mühüm və pozitiv addım kimi qiymətləndirərək təşəkkürünü bildirdi. Paşinyan və onun komanda üzvləri başa düşürlər ki, iki ölkə arasında tranzit yük daşımalarının qarşılıqlı blokadadan çıxarılması həm iqtisadi inkişafa təkan verəcək, həm də regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirəcək.
Beləliklə, Azərbaycan yekun sülh sazişinə doğru daha bir addım atdı və real sülhə necə nail olmağın yolunu göstərdi. İndi də növbə Ermənistandadır. Nikol Paşinyan növbəti seçkiləri udmaq və ölkəsini tərəqqi yoluna yönəltmək istəyirsə, Azərbaycanın sülh gündəliyi ilə hərəkət etməlidir. Regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi üçün Ermənistan tərəfi səmimi davranmalı və əməli cavab addımları atmalıdır. İlham Əliyevin Ermənistan ilə Azərbaycan arasında sülhün institusionallaşdırılması baxımından atdığı bu addım mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin qərarı Nikol Paşinyan üçün əla nümunədir. İndi Ermənistan rəhbəri sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş