
“Azərbaycanın xarici siyasət konsepsiyasında yer alan mühüm istiqamətlərdən biri Türk dünyası, bu coğrafiyaya daxil olan ölkələrlə əlaqələrin inkişaf etdirilməsidir. Qeyd edilən istiqamətdə rəsmi Bakının atdığı addımlar təqdirəlayiqdir və nəticəyə hesablanandır. Ötən illər ərzində Türk dünyasının ayrı-ayrı ölkələri ilə qurulan yüksək səviyyəli əməkdaşlıq təkcə siyasi deyil, eyni zamanda iqtisadi sahədə də ölkəmiz üçün müsbət dividentlər gətirib. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinin də təkcə siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyəti, faydası böyükdür”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi ötən illərdə kəskin artıb. 2020‑ci ildə bu rəqəm təqribən 109 milyon dollar səviyyəsində olduğu halda, 2023‑cü ildə 529,4 milyon dollara çatıb:
“Bu artım mal çeşidlərinin genişlənməsi, ixrac‑idxal balansının yaxşılaşması və nəqliyyat/logistika sahəsində əməkdaşlığın güclənməsi hesabına baş verir. Məsələn, Qazaxıstanın Azərbaycana buğda ixracı artıb. Eyni zamanda neft və neft məhsulları da bu istiqamətdə önəmli yer tutub.
Eyni zamanda Azərbaycandan Qazaxıstana qoyulan investisiyalar artmaqdadır:
“Azərbaycan investisiyaları Qazaxıstan iqtisadiyyatında 225 milyon dollara çatıb. Qarşı tərəfdən isə bu göstərici 136 milyon dolar təşkil edib. Bu da ölkələrimiz arasında iqtisadi‐ticari sahədə səmərəli əməkdaşlıq perspektivlərinin genişləndiyini göstərir”.
Arzuman Muradlı deyib ki, Bakı ilə Astana arasında iqtisadi sahədə əməkdaşlıqda nəqliyyat və logistika xüsusi yer tutur:
“Məsələn, Qazaxıstanın nefti Azərbaycan vasitəsilə Avropaya, Türk dünyasına çıxış imkanlarını artırmaq niyyətindədir. Bu, həm Qazaxıstan üçün yeni bazarlar, həm də Azərbaycan üçün tranzit və logistika gəlirləri deməkdir. Hər iki ölkə Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır.
Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar və əməkdaşlıq istiqamətləri Bakı və Astanaya iqtisadi baxımdan əhəmiyyətli faydalar gətirə bilər. Bu, sadəcə ticarət artımı deyil — strateji və struktural səviyyədə əməkdaşlıqdır”.
Süleyman