Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz ədalətin bərpa olunmasını gözləyirik

Biz ədalətin bərpa olunmasını gözləyirik


Rusiya kimi toksik ölkələr qərəzli, destruktiv siyasətlərini heç vaxt bir göz qırpımında dəyişmirlər. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Pekində keçirdiyi mətbuat konfransında "Prezident İlham Əliyevlə və həyat yoldaşı ilə salamlaşdıq, 2- 3 kəlmə danışdıq. Fundamental əlaqələr və onu inkişaf etdirmək istəyi hər şeyi yerinə qoyacaq" səpkili açıqlama verməsi, əslində, heçnəyi dəyişmir. Rəsmi Moskva ölkəmizə qarşı yanlış siyasətini yenə də əvvəlki tərzdə davam etdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi “Azərbaycanın həbsdə saxladığı 13 Rusiya vətəndaşının azadlığa buraxılması münasibətlərin yaxşılaşması istiqamətində mühüm addım ola bilər” bəyanatından da görmək mümkündür. Belə ki, Mariya Zaxarovanın öz ölkə başçısının Azərbaycana qarşı yol verdiyi səhvləri düzəltməsini gözləmədən belə bir bəyanatla çıxış etməsi və Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması şərtini irəli sürməsi Kremlin növbəti hegemonluq cəhdi və ultimatum ritorikasıdır.

Biz Rusiya rəhbərliyindən Azərbaycan Prezidenti ilə iki-üç kəlməlik ayaqüstü söhbət və ya rusiyalı diplomatlardan şərt, ultimatum xarakterli bəyanatlar yox, Kremlin iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuş yanlış siyasətinin dayandırılması və bu siyasətin nəticəsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində görəcəkləri işlər, atacaqları addımlar barədə səmimi fikir və real hərəkət gözləyirik. Putin də, onun sözçüləri də AZAL təyyarəsinin vurulması ilə bağlı icra edilməli prosedurları, Yeketerinburq olayları, Azərbaycan diasporuna qarşı aparılan "səlib yürüşü", azərbaycanlı iş adamlarının bizneslərinin əlindən alınması və ya deport olunması, Azərbaycan məhsullarının sərhəd-keçid məntəqələrindən buraxılmaması və bu qəbildən olan digər qeyri-dost hərəkətlərə aydınlıq gətirməlidirlər. Başqa sözlə desək, Rusiya rəhbərliyi Azərbaycana qarşı səhvlərinin üzərindən guya heçnə olmamış kimi ötüb keçmək əvəzinə, hazırkı gərginliyin ilkin nöqtəsinə qayıtmalı, problemin kökünə baxmalıdır.

Vladimir Putin düşünməməlidir ki, onun öz günahı ucbatından zədələnmiş iki ölkə arasındakı fundamental münasibətləri qısa ayaqüstü söhbətlə, diplomatik etiket xarakterli salamlaşma ilə düzəltmək və əvvəlki məcrasına qaytarmaq mümkündür. Həmçinin, belə bir kritik, həssas məqamda Rusiya tərəfinin bizə qarşı hər hansı bir şərt irəli sürməyə və ya çaşdırıcı bəyanatlarla çıxış etməyə də heç bir mənəvi ixtiyarı yoxdur. Rusiya XİN-in mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi ağ yalandır. Eləcə də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 4 sentyabr tarixli açıqlaması da açıq-aşkar ictimai rəyi çaşdırmaq cəhdidir. Çünki sığorta ödənişi ilə kompensasiya ödənişi tamam fərqli məsələlərdir. Rusiya tərəfinin təyyarəyə görə sığorta ödənişini təyyarə qəzasının qurbanlarına kompensasiya ödənilməsi kimi təqdim etməsi heç bir mənəvi ölçülərə, meyarlara sığmır. Qəza baş verən andan bu günə kimi Rusiya tərəfindən qəza nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına hər hansı ödəniş edilməyib. Rusiya tərəfi rəsmi səviyyədə yalan məlumatlar paylaşır. Daha doğrusu, Rusiyanın Xarici İşlər Nazirliyi özünü böyük bir ölkənin baş diplomatiya idarəsi kimi yox, peşəkar yalançı və fırıldaqçı Ostap Bender kimi aparır. Sergey Lavrov kimi bir adamın rəhbərlik etdiyi idarədən bundan başqa nə gözləmək olar ki?
Azərbaycan bütün qonşu ölkələrlə bərabər, Rusiya ilə də hər zaman ikitərəfli münasibətlərin dinc qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf etdirilməsininin tərəfdarı kimi çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyev şimal və cənub qonşularımızla münasibətlərin normal məcrada inkişafına hər zaman xüsusi önəm verib. Bu gün hər kəsə məlumdur ki, hazırda Rusiya ilə Azərbaycan arasında yaşanan gərginliyin səbəbkarı bilavasitə Kremldir. Bu da danılmaz həqiqətdir ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin Qroznı səmasında vurulması və bundan sonra Rusiya tərəfinin Azərbaycana qarşı yanlış davranış sərgiləməsi səbəb olub. Bütün sonrakı hadisələr də məhz bundan qaynaqlanıb. Ona görə də bu gün Kreml 13 Rusiya vətəndaşının azadlığa buraxılmasını münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməzdən öncə, son 9 ayda Azərbaycana qarşı yol verilmiş səhvlərin düzəldilməsi haqqında düşünməlidir.

İki ölkə arasında münasibətlərin əvvəlki məcrasına qayıtması (qaytarılması) mümkün deyil. Ancaq münasibətlərin normallaşması və yeni mərhələnin başlanması mümkündür. Putin artıq başa düşməyə başlayıb ki, Azərbaycanla münasibətlərdə həqiqətən də çox ciddi problemlər var. O, bu problemlərin məhz Rusiyanın günahı üzündən ortaya çıxdığını da əslində yaxşı bilir. Lakin bunu etiraf etmək istəmir. Həmçinin, Putin dərk edir ki, Azərbaycanla münasibətlərin pisləşməsi Rusiyanın öz maraqlarına ağır zərbə vurur. Ona görə də Azərbaycanla münasibətləri səhmana salmaq, normallaşdırmaq haqqında düşünür.

Ancaq görünən budur ki, Putin bu məqsədinə problemlərin kökünə qayıtmadan və münasibətlərdəki mövcud problemlərin ilkin mahiyyətini, səbəbini, səbəbkarını etiraf etmədən nail olmaq istəyir. Bu isə əsla mümkün deyil. Rusiya rəhbəri "Fundamental əlaqələr və onu inkişaf etdirmək istəyi hər şeyi yerinə qoyacaq" düşüncəsindən çıxış edirsə, öncə bu əlaqələri zədələyən səbəbləri aradan qaldırmalı və Rusiya tərəfinin Azərbaycana münasibətdə yol verdiyi səhvləri etiraf etməlidir. Kreml Azərbaycan-Rusiya münasibətlərini özü zədələdiyi kimi özü də düzəltməlidir. Onlar bu istiqamətdə ilk addımların bizim tərəfimizdən atılmasını gözləməməlidirlər. İlk və həlledici addımları Rusiya tərəfi atmalıdır. Moskva bizi səmimi qonşuluq münasibətlərinə inandırmalıdır. Siyasi təzyiq, qərəzli ritorika, informasiya hücumları və bu kimi digər ənənəvi imperiya metodları ilə münasibətləri yenidən normal məcraya qaytara biləcəklərini əsla düşünməsinlər və Azərbaycandan da birtərəfli addımlar, güzəştlər gözləməsinlər. Biz ədalətin bərpa olunmasını gözləyirik.

Azərbaycan Prezidentinin vurğuladığı kimi biz ölkəmizə qarşı yol verilmiş ədalətsiz münasibətə göz yummayacağıq. Odur ki, Rusiya tərəfi ilk növbədə problemlərin kökünə, başlanğıc nöqtəsinə qayıtmalı, AZAL-ın təyyarəsinin vurulmasına görə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Eyni zamanda, Yekaterinburqda soydaşlarımıza qarşı törədilən basqın və qətliama görə də ölkəmizdən üzr istənilməli və zərərçəkmişlərə kompensasiya ödənilməlidir. Azərbaycan diasporunun rəhbərlərinə qarşı repressiyalara da son qoyulmalı, həbs edilən diaspor fəalları dərhal azadlığa buraxılmalıdır. Yalnız bu kimi xoşməramlı ilkin addımlardan sonra iki ölkə arasında münasibətlərin normal məcraya dönüşü üçün yol açıla bilər. Rusiya rəhbərliyi bu addımları atmadan, "fundamental əlaqələrin və onu inkişaf etdirmək istəyinin hər şeyi öz yerinə qoyacağ"ını düşünürsə, ciddi şəkildə yanılır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş