
"Azərbaycan və Rusiya münasibətlərində hər zaman üstüörtülü gərginlik və deyilməyən, amma mövcud olan problemlər olub. Müstəqillik dövrünün bütün mərhələlərində ara-sıra üzə çıxan, qismən gərginlik doğuran və sonra arxa plana keçən hallar olub. Amma indi geosiyasi dövrün və Rusiya dövlətinin elə bir dövrüdür ki, hər iki ölkə arasında açıq və gərginlik doğuran məsələlər öz həllini tapmaq üçün açıq şəkildə dilləndirilməlidir".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, bu, hər iki ölkənin gələcək münasibətlərinin taleyi üçün mühüm əhəmiyyət kəsb edir:
.
"Bu, o demək deyildir ki, hər iki ölkə bundan sonra öz aralarındakı məsələləri həll edib yenidən öz münasibətlərində yeni səhifə açacaqlar, ya da bir-birilərindən tamamilə uzaqlşacaqlar və ya ölkələr arasında bəzilərinin dediyi kimi müharibə çıxacaq. Bunlar nəzəri olaraq belədir. Hesab edirəm ki, əslində, məsələ başqadır. Məsələ ondadır ki, Azərbaycan və Rusiya Cənubi Qafqazda güc mərkəzi olmaq üçün mübarizə aparırlar. Göründüyü kimi də proses yüz ilə hesablanmış məsələdir".
O deyib ki, hər iki tərəf öz maraqları uğrunda mübarizə aparır:
"Burda Ukraynada olduğu kimi Rusiyanın həyatı məsələlərinə təhlükə yaradan durum yoxdur. Məsələ sadəcə iki ölkə arasında təsir imkanlarının bölüşdürülməsi məsələsidir ki, bu da Rusiya üçün həyatı əhəmiyyət kəsb etmir. Rusiyanın Azərbaycana güzəştə gedəcəyi məsələlər əksinə iki ölkənin münasibətlərini daha da möhkəmləndirə bilər.
Bu baxımdan hesab edirəm ki, Rusiya və Azərbaycan yaxın müddətdə bu məsələni özləri üçün ayırd edib razılığa gələcəklər. Ortalıqda olan problemlər iki ölkənin bir-birindən uzaqlaşmasına səbəb olacaq problemlər deyil. Rusiya da güzəştə gedə bilər".
Süleyman