Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı dərslik və dərs vəsaitləri olduqca azdır

Türkiyədə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı dərslik və dərs vəsaitləri olduqca azdır


İlkin Qulusoy: "Həm dilimizi incəliklərinə qədər öyrətmək, həm də zəngin ədəbiyyatımızı Türkiyədə daha yaxşı tanıtmaq məqsədilə dil və ədəbiyyatla bağlı yeni dərs vəsaitləri üzərində işləyirəm"

Müsahibimiz Türkiyə Respublikası Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamentinin müdiri həmyerlimiz professor İlkin Qulusoydur.


-İlkin bəy, bildiyimiz qədər, qardaş Türkiyədə elmi fəaliyyətlə məşğulsunuz. İlk sualım ondan ibarətdir ki, nə zamandan qardaş ölkədəsiniz və elmi fəaliyyətlə məşğul olursunuz?

- Ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə (2002-ci ildə Qars şəhərinə səfərindən sonra) 2005-ci ildə Kafkas Universitetinin Humanitar və Dəqiq Elmlər Fakültəsinin nəzdində Azərbaycan dili və ədəbiyyatı departamenti yaradılmış və fəaliyyətə başlamışdır. Mən də 2011-ci ildən Türkiyədəki ali təhsil müəssisələri arasında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr səviyyəsində təhsil verən yeganə departamentdə elmi-pedagoji fəaliyyətlə məşğulam. Türkiyəyə getmədən öncə Bakı Slavyan Universitetində çalışırdım və Türkiyədə sadəcə bir universitetdə 4 il Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr səviyyəsində təhsil verən bir şöbədən dəvət gəldikdə heç tərəddüd etmədən getmək qərarına gəldim. 2014-cü ilə şəxsi təşəbbüsümlə magistratura şöbəsinin açılmasına nail oldum. Departamentimizdə hazırda 150-ə yaxın tələbə və magistrant təhsil alır. 14 ildir bu universitetdə dilimizi, ədəbiyyatımızı, mədəniyyətimi təbliğ edir, sevərək öyrədirəm. Hazırda professor olaraq fəaliyyət göstərməklə bərabər, departamentə də rəhbərlik edirəm.

Bu müddət ərzində Azərbaycan dilinin sintaksisi, Azərbaycan dilinin tarixi qrammatikası, Azərbaycan ədəbiyyatı, Azərbaycan dilinin dialektologiyası, müqayisəli qrammatika, ümumi dilçilik, Azərbaycan folkloru, mədəniyyətşünaslıq, pedagogika, dilin tədrisi metodikası, tərcüməşünaslıq ilə bağlı bir çox məqalə və kitablarım nəşr olunmuşdur. Azərbaycan, Polşa, Rusiya, Gürcistan, Türkiyə, İsveç, Hollandiya, Amerika, Rumıniya, Qazaxıstan, Qırğızıstan, İran, Özbəkistan və b. ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmiş, Azərbaycan və Türkiyəni yüksək səviyyədə təmsil etmiş, bir neçə mükafata layiq görülmüşəm. Ümumiyyətlə, beynəlxalq indeksli jurnallarda 25 məqaləm, beynəlxalq konfranslarda 70-ə yaxın məqaləm, 11 elmi kitabım, kollektiv monoqrafiyada 8 məqaləm nəşr olunmuş, 60-dan çox kitabın elmi redaktoru olmuşam.

- Kafkas Universitetində elmi fəaliyyətlə məşğul olduğunuz üçün istər-istəməz bu təhsil ocağının üstünlüklərindən də məlumatlısınız. Sualım belədir ki, azərbaycanlı, yaxud hər hansı bir xarici ölkə gənci ali təhsil almaq üçün nə üçün Qars Universitetini seçməlidir? Bu universitetin tələbələr üçün üstünlükləri nələrdir?

-Kafkas Universiteti adından da göründüyü kimi, Qafqaz bölgəsində yerləşir və bu baxımdan Azərbaycan üçün də əlverişli bir nöqtədədir. Burada təhsil alan azərbaycanlı gənclər demək olar ki, heç bir qəriblik hiss etmirlər. Bunun əsas səbəblərindən biri Qarsın Naxçıvana yaxın olması, digəri isə Qars əhalisinin böyük bir qisminin tarixi-siyasi səbəblərdən Qərbi Azərbaycan və Gürcüstandan köç etmiş soydaşlarımızdan ibarət olmasıdır. Bu amillər, əlavə olaraq dil və kültür yaxınlığı tələbələrin burada daha rahat mühitdə yaşayıb-oxumalarına imkan verir. Kafkas Universitetində elmi-mədəni mühitin yüksək səviyyədə olması, təhsil haqqının uyğun olması, dövlət universiteti olaraq diplomunun xarici ölkələr tərəfindən tanınması başqa ölkə vətəndaşlarını bölgəyə çəkən amillərdəndir.

-Səhv etmirəmsə, Kafkas Universitetində müxtəlif xarici ölkələrdən də tələbələr təhsil alır. Bəs xarici ölkə gəncləri arasında Azərbaycan dili və ədəbiyyatına maraq nə dərəcədədir?

- Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alanların böyük bir qismi Türkiyə vətəndaşlarıdır. Hər il Türkiyənin Ali Təhsil Qurumu tərəfindən bu proqram üçün 55 yer ayrılır, bunun təxminən 20 faizini xarici tələbələr təşkil edir. Xarici ölkə vətəndaşları olaraq, Azərbaycandan və Türkmənistan oxumaq üçün gələn tələbələrimiz var. Tələbələrimiz Azərbaycan dilini, ədəbiyyatını, folklorunu, mədəniyyətini sevərək öyrənirlər, bakalavr pilləsindən sonra eyni ixtisas üzrə magistratura pilləsində təhsilini davam etdirənlər də çox olur. İmkan olduqca seçilən tələbələri Azərbaycana pedagoji təcrübəyə göndəririk, bu baxımdan Naxçıvan Dövlət Univeristeti rəhbərliyi öz dəstəyini əsirgəmir. Bakıda keçirilən beynəlxalq konfranslarda iştirak edən tələbə və magistrlərimiz də çoxdur. Bir çoxunun arzusu gələcəkdə Azərbaycanda çalışmaq, Azərbaycan və Türkiyə arasındaki elmi-mədəni əlaqələri gücləndirməkdir.

-Siz həm də Azərbaycan dili ilə bağlı dərs vəsaiti də yazmışınız. Belə bir vəsaitin hazırlanması ideyası haradan ortaya çıxdı? Ümumiyyətlə, buna tələbat, sosial sifariş vardımı?

-Türkiyədə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı dərslik və dərs vəsaitləri olduqca az və ya yox dərəcəsindədir. Hazırlamış olduğum dərs vəsaiti də bu boşluğu aradan qaldırmaq, həm Kafkas Universitetinin, həm də digər universitetlərin Müasir türk dilləri və ədəbiyyatları departamentində təhsil alan tələbələrin istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Hazırda həm dilimizi incəliklərinə qədər öyrətmək, həm də zəngin ədəbiyyatımızı Türkiyədə daha yaxşı tanıtmaq məqsədilə dil və ədəbiyyatla bağlı yeni dərs vəsaitləri üzərində işləyirəm. Bununla həm elmi-pedaqoji ehtiyacları qarşılamaq, həm də tələbələrə, ümumiyyətlə geniş oxucu kütləsinə Azərbaycan mədəniyyətini tanıtmaq, sevdirmək istəyirəm.

-Bəs universitet daxilində fəaliyyət göstərən Heydər Əliyev Tədris Mərkəzi nə zaman yaradılıb və mərkəzin əsas fəaliyyət istiqamətləri, məqsəd və məramları nədir?

- Heydər Əliyev Tədris Mərkəzi 2008-ci ildə Heydər Əliyev Fondunun və Azərbaycan Qars Başkonsulluğunun dəstəyi ilə yaradılmışdır. Mərkəzdə kitabxana və kompüter masaları qurularaq tələbə-müəllim heyətinin istifadəsinə verilmişdir. Burada müxtəlif dövlət əhəmiyyətli tədbirlər keçirilir, o cümlədən Novruz Bayramı, 20 yanvar, Xocalı Faciəsi anma günü, 31 Mart soyqırım günü, Ümummmili lider Heydər Əliyevi anma günü, 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü, Qarabağ Zəfəri və s. kimi müxtəlif tədbirlər, beynəlxalq elmi konfranslar təşkil olunur, yerli və xarici qonaqlarla, Azərbaycandan gələn ziyalılarla görüşlər həyata keçirilir.

-Heydər Əliyev Tədris Mərkəzi ötən illərdə hansı işlər görüb, layihələr həyata keçirib?

- Ümumiyyətlə, Mərkəzdə keçirilən tədbirlərin sayı çoxdur. Təkcə bu il ərzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə iki görüşümüz olmuş, diaspora komitəsi tərəfindən mərkəzə kitablar hədiyyə edilmiş, Türkiyəli jurnalist və yazar Sadakat İltaşın “Haydar Baba” adlı kitabının təqdimatı olmuş, Azərbaycan Qars Başkonsulluğu ilə birlikdə 20 Yanvar, Xocalı faciəsi və digər anma tədbirləri həyata keçirilmişdir.

Mərkəz və departament olaraq hər ay sonu xarici ölkə vətəndaşlarının da iştirak etdiyi ən az bir online beynəlxalq konfrans təşkil olunur. Türk dünyasının görkəmli elm-mədəniyyət (Üzeyir Hacıbəyli, Əzizə Cəfərzadə, Mahmud Kaşğari, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Nizami Gəncəvi, Aşıq Ələsgər, Əhməd Cavad, Əmin Abid Gültəkin, Hüseyn Cavid, Anar və b.) və dövlət xadimlərinə (Atatürk, Ümummilli Lider Heydər Əliyev, İlham Əliyev), Azərbaycanla bağlı önəmli hadisələrə (“Yol Ver Türkün Bayrağına”, “Çanaqqaladan Qarabağa Türkün Zəfəri”, “20 Yanvardan Qarabağ Zəfərinə”, “Şuşa: Zəfərin Təntənəsi”, “Qarabağ Azərbaycandır” və s.) həsr olunan bu konfranslar əsasən Türk dövlətləri (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırgızıstan, Özbəkistan və s.) və digər dövlətlərdəki (Rusiya, İsveç, Hollandiya, ABŞ, Makedoniya, İran, Gürcüstan) universitetlər ilə birlikdə keçirilmişdir.

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkilatçılığımla 5 fərqli beynəlxalq elmi konfrans, Qarabağ zəfərinin müəllifi ali baş komandan cənab İlham Əliyevə həsr olunmuş 2 beynəlxalq elmi konfransı təşkil edilmiş, konfrans materialları Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyindən ISBN alınaraq nəşr olunmuşdur.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş