
Özbəkistanda məhkəmə sistemi təkmilləşdiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin təmin edilməsinə dair təqdimatda deyilib.
Təqdimatda məhkəmə-hüquq sisteminin inkişafına yönəlmiş tədbirlər haqqında məlumat verilmişdir. O cümlədən, ədliyyə sektorunun rəqəmsallaşdırılması məqsədilə “Rəqəmsal Məhkəmə” konsepsiyası hazırlanıb və onun ardıcıl həyata keçirilməsi üçün tədbirlər müəyyən edilib.
Təhlillər göstərib ki, mülki və iqtisadi məhkəmələrdə baxılan işlərin əksəriyyəti mübahisəsizdir. Ona görə də belə işlərin inzibati orqanların səlahiyyətinə verilməsi təklif edilir.
Həmçinin inzibati və iqtisadi məhkəmə işlərinə ərazidən kənarda baxılması prosedurunun tətbiqi nəzərdə tutulur.
Belə ki, vətəndaşlar və hüquqi şəxslər qeydiyyat yerindən asılı olmayaraq istənilən regionda xidmətdən istifadə etmək imkanı əldə edəcəklər.
Həmçinin ədliyyə orqanlarına təyinat şərtlərinə yenidən baxılması da nəzərdə tutulub. Məhkəmələrin bütün sahələri üzrə regional nəzarət məhkəmələrinin yaradılması, rayon və onlara bərabər tutulan məhkəmələrdə nəzarət instansiyalarının ləğv edilməsi təklif edilmişdir. Nəticədə regional və onlara bərabər tutulan məhkəmələrdə yalnız apellyasiya və kassasiya instansiyaları fəaliyyət göstərəcək, nəzarət instansiyası isə beş regional məhkəmədə cəmləşəcək.
Süleyman