Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bacarıqsız insanların rəhbər vəzifələrə gətirilməsi iş mühitini zəhərləyir

Bacarıqsız insanların rəhbər vəzifələrə gətirilməsi iş mühitini zəhərləyir


Bacarıqsız, savadsız, ləyaqətsiz və təkəbbürlü insanların rəhbər vəzifələrə gətirilməsi, həm də onların insanlar arasında nifaq salmaq bacarığı iş mühitini zəhərləyir. Belə yerdə sağlam münasibət, dürüstlük və əməkdaşlıq yox, qərəz, paxıllıq və qisasçılıq hakim olur. Müdrik kəlamda deyildiyi kimi: “Çayın suyu dənizə tökülənə qədər şirin, ailə mərdimazar insan işə qarışana qədər möhkəm olar.” Eyni ilə iş mühiti də mərdimazarın əlinə düşən andan pozulur. Qərəzli konflikt yaratmaq mənfur insanların həyat tərzidir. Onlar harada olsalar, müxtəlif konfliktlərin səbəbkarı olarlar. Böyük Hüseyn Cavidin dediyi kimi, bu qəbildən olan şəxslər elə “İblis”in təcəssümüdürlər. Belə mühitdə savadlı, əqidəli və bacarıqlı insanlar dayana bilmir, çəkilib gedirlər. Nəticədə isə fitnəkar, riyakarlıqla dolu bir komanda formalaşır. Ən təhlükəlisi isə odur ki, həmin mühitə düşən təcrübəsiz kadr da ora uyğunlaşdırılır. Onun baxışı, idarəetmə üslubu, hətta düşüncəsi də həmin naqislərin “məktəbindən” keçir. Zamanla o da “təcrübəli” görkəmində fitnəkar ağsaqqallara çevrilir və əxlaqa zidd, təhrif olunmuş tövsiyələr yayır. Məsələn, düz kəlamı dəyişdirərək “Düz düzdə qalar” kimi deyib, öz çirkin niyyətlərinə don geyindirirlər. Halbuki, doğru deyilişi budur: “Düz düz də qalar” yəni düz adam həmişə düz olaraq qalacaq, onu pis yola yönəltmək mümkün olmayacaq. Naqis düşüncəli insanların çoxaldığı mühitdə isə sağlam əqidə ayaq altında qalır. Quyruğu kəsilmiş tülkü misalıdır öz eybini gizlətmək üçün başqalarının da eyibsizliyini eyibə çevirmək istəyir. Onlar birləşib çoxaldıqca, cəmiyyətə təsir imkanlarını da artırırlar. Bu isə işin və idarəetmənin mahiyyətini zədələyir, dəyərləri məhv edir.
Belə komanda heç vaxt xalqın, dövlətin və cəmiyyətin xeyrinə ola bilməz. Əksinə, o, yalnız fitnə, intriqa və mənəvi aşınma qaynağıdır. Sağlam mühit ancaq ədalətli, savadlı və dürüst insanların gücləndiyi zaman formalaşacaq.
Əli İbrahimov , hüquqşünas
Xəbəri paylaş