
Dövlət idarəçiliyində xalqla sıx bütünləşmə, yəni dövlət–xalq birliyinin möhkəmlənməsi Azərbaycanı daha güclü və dayanıqlı edir. Bu bütünləşmə həm ölkəmizin nüfuzunu artırır, həm də vətəndaşların dövlətə olan inamını və etibarını möhkəmləndirir. Biz 44 günlük Vətən müharibəsində məhz bu siyasi birliyin ən bariz şahidi olduq. Prezidentin xalqa müraciətləri, vətəndaşların problemlərinin yerində həll olunması, sosial layihələrin həyata keçirilməsi buna ən bariz nümunədir. Lakin bu bütünləşməni qəbul etməyənlər, xalqdan uzaq düşənlər baş verən hadisələrin dərinliyini anlamaq imkanına malik deyillər. Artıq neçə illərdir ki, nazirlər müəyyən qrafik üzrə vətəndaşları qəbul edir, onların pozulmuş hüquqları, arzuları, istəkləri və tələbləri birbaşa yerindəcə həll olunur. Tamam, bəzi sahələrdə problemlərin hələ də qalması narahatlıq doğurur. Bu, bütünləşmə siyasətinin inkişafına ciddi zərbə vuran yanaşmalardır və aradan qaldırılmalıdır. Boşluqların yaranmasına qətiyyən imkan verilməməlidir.Çünki bu boşluqlardan istifadə etməyi gözləyən xarici qüvvələr bütünləşmə siyasətinin yaratdığı həmrəyliyə zərbə vurmaq və daxili sabitliyimizə müdaxilə etmək məqsədilə ölkədə təmsil olunan, hazır olan qüvvələrlə əməkdaşlığa başlayırlar.
Avropaya müraciət edən bəzi siyasi “uşaqlar” Azərbaycanın üzərinə təzyiq edilməsinə açıq çağırışlar edəndə, dəvətnamə eyforiyasına qapılıb özlərini artıq “böyük” siyasi fiqur kimi görməyə başladılar. Dövlətə təzyiq çağırışını gizlədə bilmədilər. Lakin Kopenhagen tədbiri onlara bir daha göstərdi ki, siyasətdə hələ çox balacadırlar. Əksinə, Kopenhagen Zirvəsi Azərbaycanın Avropa siyasi mərkəzində nə qədər önəmli və ciddi oyunçu olduğunu sübut etdi.
Bir daha Azərbaycan diplomatiyası qlobal arenada mövqeyini gücləndirdi.
Sülh danışıqlarında Azərbaycan-Ermənistan prosesinə dəstək qazandı. Bu sülhün həm regionda, həm də regiondan kənar mühüm siyasi birliklərdə ümumilikdə siyasi konfiqurasiyanın möhkəmlənməsinə xidmət edəcəyi vurğulandı. Onun strateji əhəmiyyəti isə 7-ci Avropa Siyasi Cəmiyyəti Zirvəsi toplantısında bir daha müzakirə olundu. Məsələyə peşəkar yanaşma bu problemin aradan qaldırılması üçün mühüm şərtdir. Danimarka görüşündə də bir çox önəmli görüşlər keçirən cənab Prezident Avropanın təhlükəsizliyi, enerji təminatı, kommunikasiya və nəqliyyat əlaqələrinin inkişafına təkan verəcək sülhün və sabitliyin əhəmiyyətini, həmçinin onun davamlılığının vacib olduğunu bir daha vurğuladı.
Avropaya strateji mesaj verildi ki, biz sülhə, region sabitliyinə və Avropa ilə əməkdaşlığa açıq və hazırıq. Balaca siyasilərin “dövlətə təzyiq edin, dövləti təhdid edin” çağırışları isə bu gün üçün vətənə qarşı mənfi münasibətin bariz nümunəsidir. Belə kritik məqamda zərif siyasi proseslərdə bu çağırışları edən siyasi uşaqlara nə etibar etmək olar?! Heç bir balaca müəssisənidə onlara etibar etmək olmaz. Ona görə bütünləşmə siyasətinə əngəl törədən siyasi uşaqlarla bərabər, dövlətin bəzi qurumlarında da yaramaz uşaqlar var. Onların hamısının məqsədi şəxsi ambisiyalarını həyata keçirmək üçün vəhşi istəklərə sahib olmaqdır. Bu vətən əleyhdarlarının niyyəti bəllidir və hər yerdən belə spekulyantlar təmizlənməlidir.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri