
"Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri və bəlkə də birincisi türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi: “TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”. Elə oktyabrın 6-7-də keçiriləcək Zirvə görüşü də üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər fonunda, bu qəbildən olan tədbirlərin keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə yaxın günlərdə Qəbələdə keçiriləcək TDT-nin Zirvə Görüşündən bəhs edərkən səsləndirib. O bildirib ki, 16 il əvvəl Naxçıvanda əsası qoyulan və hazırda TDT olaraq fəaliyyət göstərən təşkilat yarandığından keçən dövr ərzində olduqca səmərəli fəaliyyət göstərərək birlik istiqamətində çox önəmli addımlar atıb:
"Keçən dövr ərzində demək olar ki, bütün sahələrdə, istər mədəni, humanitar, istərsə də iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində bir çox nailiyyətlər əldə olunub.
Ölkəmiz təşkilatın yaradılmasında yaxından iştirak etdiyi kimi, TDT-nin güclənməsində və dünya arenasında layiqli yer tutmasındakı fəaliyyətdə də xüsusi olaraq seçilib. Məlum olduğu kimi TDT-nin inkişafında xüsusi rol oynayan Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".
Politoloq qeyd edib ki, Azərbaycan TDT çərçivəsindəki əməkdaşlığı beynəlxalq platformalarda da davam etdirir və bu xüsusda təşkilatın üzv ölkələrin milli maraqları ilə bağlı həssas məsələlərə dair vahid mövqedən çıxış etmək təcrübəsindən səmərəli şəkildə faydalanır:
"Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı və ümumilikdə Türk dünyasının birliyi tarixi, mədəni və strateji əhəmiyyət kəsb edir. Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi, sosial-iqtisadi sahələrdə əməkdaşlığın artırılması, strateji layihələrin həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqelərini gücləndirib. Eyni şəkildə TDT ölkələri ilə enerji, nəqliyyat, maliyyə, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq Azərbaycana xarici ticarət həcmini artırmağa və regional sabitliyə töhfə verməyə imkan verib. Bunun nəticəsidir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına və türk birliyi idealına dəstək verməsi strateji çəkiyə malikdir. Bu birlik həm regional, həm də qlobal miqyasda Azərbaycanın maraqlarına tamamilə cavab verməklə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu gücləndirir".
Süleyman